Qadınsız həyat yoxdur
...Müqəddəs varlıqlardan biri - zərif, incə epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradının ən gözəl əsərlərindən sayılıb.
Ana və Vətən!
Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Bəlkə elə buna görə Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır?! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.
Ana ailəyə istilik, ruzi gətirəndir, evin dayağıdır. Ana yurddaşdır - yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdır: baş tacıdır, namusdur, qeyrətdir. Ana həm də el-obada ağbirçək - yolgöstərəndir...
8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin "qadınlar bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir.
Bütün bunlarla yanaşı, ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, həm də səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir yurd, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən ağbirçək bir obrazı xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!
Analarımız itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla harayladılar:
Yağı, nələr eylədin?
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birini neylədin?!
Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif insanlar
həyatın mənası,
bəzəyi və əbədi gözəlliyidir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi
fikirlər bütün
zamanlarda aktualdır:
"Bu bayram, doğrudan
da bizim bütün bayramlar içərisində ən
gözəl bayramdır.
Çünki bu, qadınlara
həsr olunubdur.
İnsan
cəmiyyətində qadının
rolu, əhəmiyyəti
məlumdur. Qısaca onu
demək olar ki, qadınsız insan yoxdur, qadınsız
həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda
göstərdikləri bütün
başqa xidmətlərlə
yanaşı, ona görə ən yüksək qiymətə
layiqdirlər ki, onlar anadırlar”.
Qadınlar taleyüklü məsələlərin
həllinə qərar
vermək səlahiyyəti
əldə etməklə
belə bu günün lideri rolunu oynayırlar. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının
parlaq obrazıdır.
Qadınlarımız hələ Şərqin
ilk demokratik respublikası
olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək
hüququ qazanaraq ölkəmizin ictimai-siyasi
həyatında yaxından
iştirak etməyə
başlamışlar.
Qadınların özünəməxsusluqları odur ki, onlar
xarakter baxımından
bir-birinə bənzəməzlər:
zərif olduqları qədər də güclülükləri ilə
diqqət çəkirlər.
Onları birləşdirən
yeganə bir ad var - ana! Qadınlar fərqli,
analar isə eyni olurlar. Onlar istəkləri, arzuları,
sevinc və kədərləri ilə
bir-birlərinə bənzəyirlər.
Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur - gözlərinin nurunu, saçlarının
qaralığını, gecələrin
bal yuxusunu balasından əsirgəmir.
Beşik başından
ayrılmayan ana balasının nağıllı-noğullu
dünyasını qurur,
onu əzizləyir...
Analar balalarına
ömür qıyır,
quş kimi qol-qanad verib pərvazlandırırlar.
1917-ci ildə rusiyalı
qadınlar "Çörək
və Sülh” şüarı ilə küçələrə çıxmış,
4 gün sonra II Nikolay taxtdan yıxılmışdır. Müvəqqəti hökumət 8 Martda qadınlara seçmək
hüququnu zəmanət
etmişdir.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. 1965-ci ildən isə
8 Mart qeyri-iş günü
hesab olunub. Zaman keçdikcə bu gün öz siyasi mahiyyətini tədricən itirməyə
başladı. 1977-ci ildə
BMT 8 Martı "Beynəlxalq
Qadınlar Günü”
kimi elan etdi və bununla
da "mübarizə”
sözü bayramın
adından götürüldü
və sevgi, diqqət bayramı kimi tarixə düşdü.
...Ana cəmiyyətdə də
öz vacibliyini təsdiqləyən adilikdən
ali kürsülərədək
ucalan bir vətəndaş, həm
də yaradıcıdır:
xalq sənətini yaşadan xalçaçıdır,
tikməçidir, əyiricidir,
toxucudur... Ana müəllimdir,
həkimdir, təyyarəçidir,
mühəndisdir, şairdir,
bəstəkardır, səhnə
xadimidir, rəssamdır...
Kim deyil ki, analar?! Sənət dünyasının
sevilənlərinin sırasında,
önündə gedənlərdir!
O, alimdir, diplomatdır
- Sara xatun kimi! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə Milli qəhrəmanlarımızın
anasıdır!..
Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, dözülməz dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını - Vətənin başı sağ olsun, - deyib çəkdiklərinə görə analar əbədilik qazanıblar! Analar böyükdürlər, ölməzdirlər!!!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 8 mart.- S.1-2.