Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayaqlarındandır

 

 

Bu gün bütün dünyada Beynəlxalq Qadınlar Günüdür. BMT Baş Assambleyası 1977-ci ilin dekabrında mart ayının 8-ni Beynəlxalq Qadınlar Günü elan edib. Bu əlamətdar təqvim dünyada gender bərabərliyinin təmini ilə bağlı mübarizənin başlanğıcı, habelə qadın hüquqlarına hörmətin yüksək nümunəsi kimi tarixiləşib.

 

 

Tarixdən süzülüb gələn yüksək ehtiram

 

Hər il mart ayının 8-i respublikamızda da dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə ölkə rəhbəri qadınlara təbrik ünvanlayır, onları fəxri adlarla, medallarla təltif edir. Bütün bunlar Azərbaycan cəmiyyətində qadınlara olan yüksək ehtiramın ali nümunəsidir. Ümumiyyətlə isə tarix boyu Azərbaycanda özünəməxsus milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək qadına dərin hörmətlə yanaşılıb, ana adı uca tutulub. "Kitabi-Dədə Qorqud” boylarının qadın surətləri bu günöz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür.

Məğrur hökmdar Tomris, Qızıl Arslanın xanımı Qətibə xanım, qadının azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan və fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını xalqımızın zəngin mənəvi keçmişinin müəllifləridir. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının silahdaşı, arxa-dayağı olmuşdular.

XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalmışdır. Azərbaycan qadını da bu dövrdə - istər Xalq Cümhuriyyəti, istərsə də, sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə etmişdir. Azərbaycan XX əsrdə demokratik inkişaf tarixləri olan əksər dövlətlərdən əvvəl - 1918-ci ildə qadınlara seçki hüququ vermişdir.

 

 

Dövlət qadın siyasətində yeni mərhələ

 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu bir daha təsdiq etdidemokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosialsiyasi həyatında onların iştirakının artırılmasından ibarət idi.

2000-ci ildə Ulu Öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilib, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib.

Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.

 

Qadınlar bundan sonra da inkişaf salnaməsinə parlaq səhifələr yazacaqlar

 

Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbriki dövlət başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür.

Dövlət başçısı 8 Mart münasibətilə təbrikində Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduqlarını bildirib, respublikamızın qazandığı uğurlarda onların rolunu yüksək qiymətləndirib: "Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın təzahürüdür. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da onlar sosial fəallıqları ilə seçilmiş, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanmışlar. Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”.

Prezident əmin olduğunu bildirib ki, qadınlar hər zaman olduğu kimi, bundan sonra da övladlarımızın milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqlar.

 

 

Müasir Azərbaycan qadınının simvolu

 

 

Azərbaycanda qadın hərəkatının vüsət almasında Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xidmətləri xüsusilə təqdirəlayiqdir. Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban Əliyeva sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur. Onun istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyükmiqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.

Ölkə ictimaiyyəti mütəmadi olaraq Mehriban Əliyevanı uşaqların, körpələrin, ahılların, köməyə, qayğıya ehtiyacı olanların yanında görür. Mehriban Əliyeva mütəmadi olaraq müalicə müəssisələrinə baş çəkərək müxtəlif xəstəliklərdən müalicə alan insanlarla görüşür. Onun göstərişi ilə Heydər Əliyev Fondu neçə-neçə vətəndaşın müalicəsini öz üzərinə götürüb. Bütün bunlar Mehriban Əliyevanın Azərbaycan qadınına məxsus yüksək keyfiyyətlərin daşıyıcısı olmasından xəbər verir.

Mehriban Əliyevanın timsalında Azərbaycan qadını həm də fəal siyasi xadimdir, ölkəmizi dünyada tanıdan vətənpərvər vətəndaşdır. Heydər Əliyev Fondunun xətti ilə Mehriban Əliyeva Azərbaycan həqiqətlərini və milli mədəniyyətimizin nümunələrini planetin müxtəlif guşələrinə çatdıra bilib. Onun UNESKO və ISESCO-nun xoşməramlı səfiri olması isə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir.

2017-ci ildən Mehriban Əliyevanın fəaliyyətində yeni missiya başlayıb. Həmin ilin fevral ayında Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə qadının dövlət idarəçiliyində iştirakına verilən yüksək dəyər kimi tarixə düşdü. Ötən 3 ilin reallıqları Mehriban Əliyevanın bu vəzifəni şərəflə daşıdığını, onun öz fəaliyyəti ilə Prezident İlham Əliyevin yürütdüyü siyasətə layiqli töhfələr verdiyini göstərir.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiqli mövqeyi firavanlığın təminatlarından biridir.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 8 mart.- S.1-3.