Ana
qarşısında səcdə fəxarətdir
Ananın böyüklüyü, müqəddəsliyi əbədiyyatın da əbədi mövzularından biridir. Bu mövzuda ilk əsərlər şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında yaranmağa başlayıb. Özü də anaların yalnız sevgisindən, şəfqətindən, mərhəmətindən, qayğısından, nəvazişindən bəhs olunmayıb. Onların həm də fədakarlığı tərənnüm edilib.
Bu ədəbi qəhrəmanlar təkcə yaradıcı insanların təfəkküründən, xəyallarından yaranmayıb. Pərvanə tək ulusunun, el-obasının başına dolanan, ocağının odunu sönməyə qoymayan mərd analar hər zaman çox olub. Bugünədək qəhrəmanlıq, mübarizlik mücəssəməsi kimi təqdim etdiyimiz hökmdar Tomris belə analardan biri idi. Mənbələrdə yazılır ki, həyat yoldaşını vaxtsız itirən, bir dövləti idarə etmək qayğısı, məsuliyyəti çəkən Tomris bütün bunlardan öncə övladını çox sevən anadır. Bu mərd, dürüst hökmdar hiylə və namərdliklə qarşılaşır. Hökmdar Kir hələ döyüşə girməmiş gənc şahzadəni aldadaraq tələyə salır. Tomris övladının qətlə yetirildiyi xəbərini alır. Oğlu öldürülmüş ana dərdinə yenilmir, qüssəsinin, kədərinin əsiri olmur. Kirin hiyləgərliyi, namərdliyi onu qəzəbləndirir. Düşmən üzərinə hücuma keçir. İgid Tomris qəddar Kirdən intiqamını alır. Onu məğlub edəndən sonra başını kəsib bir tuluğa salır və deyir: "Mən sağ qaldım və döyüşdə səni məğlub etdim, sən isə oğlumu hiylə ilə tutmuşdun. Buna görə də səni, necə ki hədələmişdim, qanla doyduracağam”. Tomirisin düşmən üzərində bu qələbəsini, mübarizliyini Herodot "Tarix” kitabında vəsf etdi. Sonra da tarixçilər, tədqiqatçılar bu barədə dönə-dönə yazdılar. Hökmdar, ana Tomrisin şücaəti ədəbiyyatın da dilinə düşdü. Əsrlərdir ki, Tomrisin adı mübarizlik, igidlik simvoluna çevrilib.
Ədəbiyyatımızda müdriklik nümunəsi kimi vəsf olunan Sara Xatun da tarixi şəxsiyyətdir. O, Azərbaycanın ilk qadın diplomatı, hökmdar anasıdır. Belə nümunələr çoxdur.
Yalnız Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında anaya həsr olunmuş ən gözəl şeirlərin birinin müəllifi, fikrimizcə, Cəfər Cabbarlıdır. O, anaya heyranlığını belə ifadə edib:
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm
ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana...
O adın qarşısında
bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Bu şeirin qəhrəmanı
da şairin təxəyyülündən yaranmayıb. Kiçik yaşlarında
atasını itirən
Cəfər Cabbarlı
anasının kasıblıq,
yoxsulluq içərisində
övladlarını nə
zillətlə böyütdüyünün
şahidiydi. Təndirdə
çörək bişirib
satan, ağır işlərə qatlaşan
Şahbikə ananın
belə ağır güzəranın içərisində
oğlunun təhsil almasını düşünməsi,
Azərbaycan tarixinə,
mədəniyyətinə, incəsənətinə Cəfər
Cabbarlı kimi bir dahi bəxş
etməsi özü böyük bir fədakarlıq idi. Belə analarımız ən böyük sevgiyə layiqdirlər.
Ədəbi-bədii nümunələrimizdə heyranlıqla
təsvir olunan bütün ana obrazlarının prototipi olmasa da, müəlliflərinin
real hadisələrdən təsirləndikləri
şübhəsizdir. Odur ki, Azərbaycan ədəbiyyatında,
eləcə də dünya ədəbiyyatında
ideal ana obrazları çoxluq təşkil edir.
Hüseyn
Cavidin "Ana” dramında
Səlma ananın mətanəti, dözümü,
mərdanəliyi oxucunu
heyrətləndirir, Evinə
qəbul etdiyi qonağın oğlunun qatili olduğunu öyrənən ana sarsılır. Ancaq "Qonaq Allah qonağıdır”,
"Qonağa zaval yoxdur” düşüncəsi
ilə düşməninə
aman verir. Əsər faciə ilə sonlansa da, Səlma
ananın möhtəşəm
obrazı oxucunun yaddaşında silinməz
iz buraxır.
Yazıçı Mir Cəlalın "Bir gəncin manifesti” əsərindəki
Sona ana da həyatın ağır sınaqlarından
keçir. O, öz əlləri ilə toxuduğu xalçanı
böyük maddi ehtiyacı olmasına baxmayaraq, ölkəsinə
xoş niyyətlə
gəlməmiş birinə
satmaqdan imtina edir. Deyir: "İtə ataram, yada satmaram”.
Bütün müharibələr ən
böyük ağrını,
yaranı analara vurur. Çünki onlar cəbhəyə,
odun-alovun içərisinə
ciyərparələrini yola
salmalı olurlar.
Süleyman Rüstəmin
"Ana və poçtalyon”
şeirindəki ana Böyük Vətən müharibəsində iştirak
edən bütün döyüşçülərin analarının ümumiləşdirilmiş
obrazıdır.
Qalxırdı yatağından dan
yeri söküləndə…
Hər qapı açılanda, hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə.
Sevinirdi:
- "Oğlumdan bəlkə
məktub var!”
- deyə.
Dörd aydır övladından məktub almayan ananın çəkdiyi iztirabları şair belə, olduqca səmimi bir dillə təsvir edib.
Hansı cəmiyyətdə müharibə,
sağalmaz xəstəliklər,
aclıq, səfalət,
haqsızlıq, ədalətsizlik
varsa, orada anaların qəlbi narahatdır. Hətta öz evində,
ailəsində rahatlıq,
bolluq olsa belə, əsl analar başqalarının
da övladlarını
düşünürlər. Cəlil Məmmədquluzadənin
məşhur "Anamın
kitabı” əsərinin
qəhrəmanı Zəhrabəyim
ana isə bütövlükdə vətəni
təmsil edir. Ana hərəsi bir
ölkədə təhsil
alaraq doğma ocağına dönən
oğullarına baxdıqca,
fərəhlənmək, qürurlanmaq
əvəzinə qüssələnir.
Çünki onların milli
düşüncədən məhrum olduqlarını,
öz ana dillərinə xor baxdıqlarını görür.
"Anamın kitabı”nda
deyilir: "Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə
genə əvvəl-axır
günün başına
dolanırlar. Mən etiqad
edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır
anaları Zəhrabəyimin
ətrafında gərək
dolanalar; çünki
ay və ulduz şəmsin parçaları
olan kimi bunlar da analarının
ayı və ulduzlarıdır. Vay
o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamil-həyat əziyyət edəcək:
nə qədər canında nəfəs var peşiman olacaq”.
Cəlil
Məmmədquluzadənin "Ölülər”, "Danabaş
kəndinin əhvalatları”
və digər əsərlərində təsvir
olunan ana obrazları bir daha təsdiq edir ki, haqsızlığın,
ədalətsizliyin, həllini
tapmayan problemlərin
olduğu cəmiyyətdə
anaların gözləri
yaşlı, ürəyi
dərdlidir. Hüseyn
Cavid də buna görə yazırdı:
Qadın
gülərsə, şu
issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla
yüksələcək.
Əzab-əziyyətlə böyütdüyü övladının
qədirbilməzliyi, nankorluğu
bəzən anaya ən böyük dərd olur. Əli Kərim "Qaytar ana borcunu” şeirində
belə oğula üz tutub:
Deyirəm ki, o boyu, buxunu qaytar geri,
Deyirəm ki, varını,
yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu, o borc sənin
özünsən, özünü
qaytar geri!
- deyib. Ən kədərlisi
bir də odur ki, nə
qədər dərd versə də, əməyini itirsə də, ona qarşı
laqeyd, etinasız olsa da, ana
heç zaman övladına qıymır.
Ən çətin günündə
də balasına yalnız xoşbəxtlik arzulayır.
Ulularımız belə deyiblər:
"Ana haqqı ödənməz”.
Nə qədər çalışsaq
da, sevsək, əzizləsək də yenə bu müqəddəs
varlığa borcluyuq.
İnsan
özü hansı yaşa çatırsa çatsın, ən böyük təşvişi,
kədəri anasının
qocaldığını düşünməkdir.
Anasının ağaran
saçlarına baxdıqca
bir zamanlar Cabir Novruzun kədərlə verdiyi bu sualı hər
kəs özünə
verir:
Gözüm görə-görə qocalır anam,
Görən niyə belə
qocalır anam?!.
Qocalıq həyatın qanunauyğunluğudur. Ən əsası
odur ki, anaların ürəyi qocalmasın. Bunun üçün
isə övladları
gözlərinin önündə
sağlam, xoşbəxt
olmalı, bütün
bəşəriyyətdə sülh, əmin-amanlıq,
firavanlıq hökm sürməlidir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2020.- 8 mart.- S.2.