Könüllülərin əksəriyyəti tələbə-gənclərdir

 

 

Azərbaycan Prezidenti İlham Əliyev dövlət-gənclik münasibətlərinə toxunarkən qeyd edib ki, istənilən sahədə oxuyanyaxud işləyən gənclər çalışmalıdırlar ki, peşəkarlıqlarını artırsınlar, milli vətənpərvərlik ruhunda tərbiyə alsınlar: "Bu gün Azərbaycan gəncləri cəmiyyətin ən fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik...Yəni bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır…”

Biz tələbə-gənclər dövlət başçısının bu fikirlərini dəstəkləyir, vətənə layiqli xidmət göstərməyə çalışırıq. Təhsil aldığım və ötən il yaradılmasının 100 illik yubileyi keçirilən Bakı Dövlət Universitetinin tələbələri də ölkəmizdə az qala artıq bütün xidmət sahələrini əhatə edən könüllülük fəaliyyətində yaxından iştirak edirlər. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin "Könüllülər ilielan edilməsi bu sahədə BDU tələbə-gənclərinin daha da fəal olmasını zərurətə çevirib. Ötən il dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin keçirilən forumunda da məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəallığının stimullaşdırılmasına dəstək göstərməkdən ibarət idi.

400-dən çox tələbə-könüllü və digər qonaqların iştirak etdiyi forumda bir daha ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, tarixi qərarlar qəbul edildiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, gənc nəslin tərbiyəsi diqqət mərkəzindədir. Son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti də bunu təsdiqləyir.

Xatırladaq ki, reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir” Tələbə-Könüllü Proqramı mühüm yer tutur. Bu, BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platformasıdır.

Qeyd edək ki, "Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllünü sıralarında birləşdirir. Könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan bəhrələnən, savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsi Azərbaycan təhsilinin başlıca hədəfidir.

 

 

Günay BEHBUDOVA,

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi

Azərbaycan.-2020.- 8 mart.- S.4.