Ana xaqanlığı

 

 

Matriarxat - qadının cəmiyyətdə mühüm rol oynadığı dövr 40 min il bundan əvvəl başlayıb, e.ə. IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olub.

Arxeoloji araşdırmalar nəticəsində əldə olunan məlumata görə, Alt Paleolit dövründə insanların ilk məşğuliyyətləri ovçuluq və yığıcılıq idi. Mağarada yığıcılıqla məşğul olan qadınlar vaxtaşırı ova da gedirdilər. Sonrakı dövrdə oturaq həyat insanları köçərilikdən ayırıb bir ərazidə məskunlaşmağa sövq etdi. Həyat tərzində ovçuluğun yerini əkinçilik aldı və bu, daha çox qadınların öhdəsinə düşən idi. Dənli bitkilərlə tanışlıq, əkin, buğdanın yığılaraq üyüdülməsi və bu ənənənin yeni nəslə öyrədilməsi qadınların sosial həyatda yükünü artırmaqla yanaşı, vəzifəsini də üst səviyyəyə qaldırırdı. Artıq kişi ilə müqayisədə qadın üstünlük qazanmışdı.

Üst Paleolit dövründə ulu icma nəsli-qəbilə icması ilə əvəz olundu. Nəsli-qəbilə icmasının əsasını qan qohumluğu ilə bağlı olan insanların birliyi təşkil edirdi. İnsanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Bu dövrdə kişi nəsli davam etdirməkdə üzərinə düşən rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi, onların yalnız ananın övladı olduğunu anlayırdı. Digər tərəfdən uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi evləndikdən sonra qadının tayfası arasında ömür sürərdi. Qadın kişinin yalnız qol gücündən bəhrələnərdi. Qəbilənin həyatında qadın mühüm rol oynayardı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Qəbilə icmasında insanlar ana xətti ilə birləşdiyinə görə də bu dövr ana xaqanlığı (matriarxat) dövrü adlanır.

Amma əkinçiliyin inkişafı nəticəsində xışa keçid və heyvandarlıq tədricən qadının sosial gücünü kişiyə ötürməsinə səbəb oldu. Tamamilə oturaq həyata keçid isə qadınların sosial güclərinin itirilməsinə gətirib çıxardı.

Çox keçmir ki, kişi də uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edir, ailənin başçılığını öz ixtiyarına alır. Beləcə, ağır zəhmət və fiziki güc tələb edən xış əkinçiliyinin yaranması, köçəri (yaylaq-qışlaq) maldarlığın meydana gəlməsi, həmçinin tayfalar-arası toqquşmaların başlanması ictimai həyatda kişilərin nüfuzunun artmasına təsir edir. Nəticədə icma həyatında kişilərin mühüm rol oynadığı ata xaqanlığı (patriarxat) dövrü başlayır.

 

Azərbaycan.-2020.- 8 mart.- S.5.