Yel baba

 

Yel baba, dağıt çəni,

Qov dumanı çöllərdən.

Apar qarı, şaxtanı,

Bu soyuğu ellərdən.

Buludları parçala,

Qoy göy üzü görünsün.

Qışı çıxart dağ başına,

Qoy quzeyə sürünsün.

Günəş daim gülsün bizə,

Camalından nur tökülsün!

Dan ulduzu işıq saçsın,

Fəcir aydın, qoy sökülsün!

Gündüz günə boyansın,

Yer altında qarışqalar,

Çöldə quşlar oyansın.

Qoy açılsın bulaqların

Buz bağlamış göz qapağı.

Şırıldasın axan sular;

Qoy ərisin buz da, qar da.

Otlar çıxsın qar altından

Hər mahalda, hər diyarda.

Yer tərləsin, buğlar qalxsın

Topa-topa bulud kimi!

Səhər mehi sığal çəksin

Arzu kimi, ümid kimi!

Çöl çağırsın, düz səsləsin

Körpələri qucağına.

Qoca Nənəm kösöv qoysun

Həyətdəki ocağına.

A Yel baba, a Yel baba,

Qoy çağlasın su-sel, baba!

 

 

Əhməd CAVAD

Azərbaycan.-2020.- 8 mart.- S.6.