Məşhur nəslin tanınmış nümayəndələri

 

 

Azərbaycan torpağı xalqımızın adını ucaldan oğullar yetişdirmişdir. İcərişəhərdə, Bakının qədim məskənində dünya miqyasında tanınan məşhur nəsillər olmuşdır. Bu nəsillərin nümayəndələrinin bilik və təcrübəsinə daim ehtiyac duyulmuş, şəxsiyyətləri ehtiram hissi oyatmışdır. İçərişəhərdə belə şəxsiyyətlər çoxdur. Onlardan biri də məşhur Tağıyevlərdir.

İçərişəhər sakini, 2-ci dərəcəli gildiya taciri Hacı Zeynalabdin Tağıyev Bakı milyonçusu Zeynalabdin Tağıyevin adaşı idi, ona diribaş, cəld, müdrik olduğu üçün Qatır Zeynalabdin də deyirdilər. İçərişəhərdə "Zəncirli” binanın böyründə 1872-ci ildə tikilən bina ona məxsus idi. Bina memarlıq cəhətdən çox zəngin və bəzəklidir. Borokko üslubunda tikilmişdi. Bu gün çox təəssüf ki, bina sökülmüşdir və yerində keçmiş ensiklopediyanın binası tikilmişdir. Qatır Zeynalabdin ləqəbini ona qazandıran İçərişəhərin qala darvazası olmuşdır. Qala divarının önündə bu insanın bir sıra dükanları var idi. Dükanların narahat yerdə yerləşməsinə görə alıcısı yox idi və onları icarəyə də verə bilmirdi. Onda Tağıyev yerli məmurlara müraciət edib qala divarında bir qapı açdırır. Bu barədə H.Sarabski "Eşitdiklərim, gördüklərim” adlı kitabında məlumat vermişdir. Qapı Qoşa qala qapısından yuxarı gedən yol üstündə yerləşirdi. Forması çatma tağ şəklində, üzərində isə daş dişlər tikilmişdir. Hətta ondan sonra qala divarının üzərinə bərpa işləri aparılan zaman bütün divar boyu "maşikuladlanan dişlər divara əlavə olunmuşdu. İsmailiyyə binasının yanında kəsilən qapı da Qatır Zeynalabdinin çalışması nəticəsində yaranmışdır. Hacı Zeynalabdinin Məhəmməd Hənifə adlı oğlu var idi. O, gənc yaşından atasının yanında ticarət işləri ilə məşğul olurdu və qısa zamanda 2-ci gildiya taciri rütbəsini almışdır. Sonralar o, Almaniyadan bir gəmi alıb öz "Vulkan” dəniz ticarət kampaniyasını yaradır. Bu insan cəsarətli, güləşlərdə iştirak edən bir xeyriyyəçi və İçərişəhər əhalisi arasında yüksək nüfuza malik olan bir şəxs idi.

XX əsrdə xalqımız bir neçə qanlı faciə yaşamışdır. Bunlar 1918-ci ilin mart hadisələri, 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən Bakida yerli əhalinin vəhşicəsinə qırılması və 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı olmuşdur.

1918-ci il hadisələri zamanı Məhəmməd Hənifə İçərişəhərdə 350 nəfərdən ibarət silahlı qrup yaradır və onu erməni daşnaklarına qarşı mübarizəyə hazırlayır. Daşnaklar Şamaxı darvazası yanında evin damından İçərişəhəri atəşə tutub şəhərə girmək üçün cəhd edirlər. Buna nail ola bilmədikləri üçün yaxında olan gözəl "İsmailiyyə” binasını yandırırlar. Məhəmməd Hənifə öz puluna silahpatron alıb şəhər əhlinə paylamışdı. Bütün İçərişəhərin qapıları nəzarət altında saxlanırdı, xüsusən Qoşa qala qapısı. Onda erməni daşnakları bu fikirdən əl çəkib geri çəkilirlər. 1920-ci ilin aprel ayında sovet hakimiyyəti qurulandan sonra ermənilərin donosu əsasında Məhəmməd Hənifə və başqa nüfuzlu şəhər sakinləri Nargin adasında güllələnirlər.

Bu nəsildən olan başqa bir numayəndə Eyyub İsmayıl oğlu Tağıyevdir. Yuxarıda söz açdığımız Məhəmməd Hənifə Eyyubun əmisi idi.

Bu, məşhur neftçi, texnika elmləri doktoru, Sibirdə "İkinci Bakı” adlanan neft yataqlarının ixtiraçılarından, HindistanBraziliya neftini kəşf edən, üç dəfə Stalin mükafatı laureatı, dünyada tanınan çoxpilləli qazma metodunun müəlliflərindən olan İçərişəhər sakini Eyyub Tağıyevdir (1912-1967).

Tağıyev fəaliyyətinə Suraxanı eksperimental qazma kontorundan başlamışdır. İlk dəfə dünya təcrübəsində yüksək sürətli qazma texnologiyası burada tətbiq olunmuşdur. Sonralar ABŞ və Avropa ölkələrinin iri neft firmaları onun istehsalına lisenziya əldə etmişlər. SSRİ-nin şərqində Perm şəhəri yaxınlığında hökumət neft kəşfiyyatını aparmaq qərarına gəlib Tağıyevi ora göndərmişdir. Müəyyən vaxt keçəndən sonra onun rəhbərliyi altında "İkinci Bakineft yataqları aşkar edilmişdir.

1955-ci ildə Hindistan Prezidenti Bahadur Şastri sovet rəhbərliyinə muraciət edib ölkəsində neftin aşkar olunması üçün mütəxəssis göndərilməsini xahiş edir. 1956-cı ildə Tağıyev Hindistana göndərilir. Müxtəlif geoloji vilayətlər öyrənilir, neft sahələrinin dəqiq planı qurulurqazma işləri başlayır. Pəndjab və Bombeyə yaxın sahələrdə quyular min tonlarla neft verir. Tağıyevə yüksək mukafat ayrılır, amma o, bundan imtina edir. Onda hökumət tərəfindən qərara alınır ki, o, Hindistan hökumətinin ömürlük baş məsləhətçisi təyin edilsin.

Hindistanda ona böyük hörmət və ehtirama görə Kəlküttə şəhərinin parkında şərəfinə qara mərmərdən heykəl qoyulmuşdır. Altında isə "Hindistan neftinin atası” sözləri həkk olunmuşdır. 1960-cı illərdə Tağıyev Braziliyaya ezam edilir. Əsas məqsəd ölkənin neft sənayesinin yaradılması idi. Braziliya nefti Venesuela və Yaxın Şərqdən alırdı. Altı ay ərzində ağcaqanad, isti iqlim şəraitində geoloji kəşfiyyat aparılır, Amazonka çayı hovzəsi öyrənilir və zəngin neft yataqları aşkar edilir. General Albino Silva bu kəşfə görə Tağıyevə təşəkkür edir və deyir ki, onun kəşfləri Qərb mütəxəssislərinin dediyini tamamilə rədd etdi. Braziliyada neft var, böyük miqdardadir və olkəni təmin edəcək. Bu hadisə ilə bağlı kitab nəşr edilir və reklamlarda Tağıyevin ünvanına təriflər deyilir, bütün qəzetlər bu barədə yazır.

Tağıyev 50 kitab, monoqrafiya, 18 beynəlxalq patent almışdır. Onun adına Moskvanın Neft və Qaz Akademiyasında tələbələr üçün iki mükafat təsis edilmişdir.

 

 

Gülnar ƏLİYEVA,

İçərişəhər Muzey Mərkəzinin müşaviri

Azərbaycan.-2020.- 8 mart.- S.7.