Memarlıq incisi

 

İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESKO-nun Ümumdünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da odlar yurdumuzun dünya mədəni irsinə çox gözəl bir töhfəsidir.

İçərişəhərin Qoşa Qala Qapısı meydanında mövsümi olaraq hər bazar günləri "Meydan Bazarı” adlı mədəni-kütləvi tədbir keçirilir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət gününün İçərişəhərdə keçirilməsinin stimullaşdırılmasıdır.

Mədəniyyətlərarası dialoq çərçivəsində ildə bir dəfə keçirilən "Qız qalası” Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliği üçün böyük önəm daşıyır.

Müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar, bu işlərdən ibarət sərgilər təşkil etmişlər. Bununla yanaşı, həmin nadir əsərlər dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilmişdir. Festivalın keçirilməsi tariximizimilli irsimizi layiqincə qoruduğumuzu göstərir.

İçərişəhər açıq səma altında bir muzey olması ilə yanaşı, eyni zamanda dunya sivilizasiya ocaqlarından biridir. Bu şəhər içində qala divarları ilə əhatə olunmuş unikal bir şəhərdir və özünün infrastrukturu və yaşayış massivləri ilə canlı orqanizm təşkil edir. 4000-ə (1300 ailə) yaxın əhalisi olan İçərişəhərdə 18 hotel, bir neçə muzey, 100-dən artıq ictimai iaşə və ticarət obyektləri fəaliyyət göstərir.

Eyni zamanda, bu qədim şəhərdə olan abidələrin qorunub saxlanılması, burada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması fəaliyyət göstərən turizm infrastrukturunun - hotellərin, restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni mərkəzlərin fəaliyyətini ən yüksək səviyyədə təşkil etməkdir.

İçərişəhərin unikallığı, dünyadakı digər bu cür abidələrdən fərqi ondadır ki, bu, səhər açılıb axşam bağlanan muzey deyil, bu, canlı bir məkandır. Aydındır ki, hər bir canlı məkan hər zaman inkişaf edir, dəyişir. Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda ömür sürürlər və hər gün də XII, XV, XVII əsrin abidələri ilə ünsiyyətdə olurlar.

İki əsr bundan öncə qədim Bakı olan, indi İçərişəhər adlandırdığımız tarixi məkan hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq idarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələrı və tarixi yerlər konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır, məhz turizm məqsədləri üçün istifadə edilir. Buna misal olaraq orta əsr karvan ticarət yolu olan - indiki A.Zeynallı küçəsi boyu yerləşən, orta əsr ab-havasına uyğun yeni görkəm almış tarixi-memarlıq abidələrini, Məhəmməd məscidini, məktəb-məscidi, Sıratağlı dini-memarlıq kompleksini, o cümlədən Qədim bağ kompleksini, Çin məscidini və digər rekreasiya zonalarını qeyd etmək olar.

Dünyanın bir çox olkələrində su mühiti ilə əlaqəli turizm obyektləri vardır. Məsələn, dənizkənarı bulvarlar, çimərliklər, turizm məqsədləri üçün dəyərləndirilən kiçik adalars. Bu baxımdan Xəzər dənizində, İçərişəhər yaxınlığında kiçik bir adada yerləşmiş, orta əsrlərdə Bayıl qəsri adlandırılmış bir abidənin öyrənilməsi, bərpa və konservasiya edilməsı, yaxın gələcəkdə turizm məqsədləri üçün istifadəsi də böyük əhəmiyyətə malikdir.

Son zamanlar İçərişəhərdə gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda su kəhriz quyuları aşkar olunmuşdur. Bilavasitə su mühiti ilə bağlı olan bu mühəndis-texniki qurğuların əksəriyyəti konservasiya olunur, tarixi araşdırılır, texniki pasportu işlənilir, içərisi işıqlandırılır, üzəri orqanik şüşə ilə örtülürturizm məqsədləri üçün istifadə olunur.

İçərişəhər kompleksinə daxil olan dunya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən çox yerli əhəmiyyətli abidələr xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII-XIX əsr memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarla bənzərsiz yaşayış binaları və orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən qorunur.

İçərişəhərdə keçən əsrin əvvəllərindən 60-cı illərə kimi qısamüddətli, 1961-ci ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin olduğu müəyyən edilmişdir. Birinci mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, ikinci mədəni təbəqə IX-XIII əsrləri, üçüncü mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində aşkar olunan qədim Bakının tarixini əks etdirən arxeoloji artefaktlarson 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur. Xəzərin suyunun səviyyəsinin tarixən artıb-azalması ilə bağlı elmi araşdırmalar və İçərişəhərdə yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

 

Kamil İBRAHİMOV,

Professor

Azərbaycan.-2020.- 8 mart.- S.7.