Yaz bitirər, yay yetirər, payız götürər, qış ötürər

 

 

Yer kürəsində fəsillərin əmələ gəlməsi Yerin Günəş ətrafına dolanması, Yerin hərəkət oxunun Günəşətrafı orbit müstəvisinə meyilli olması və bu meyilliliyin fəzada sabit qalması ilə əlaqədardır.

Fəsillərdə yaz gecə-gündüz bərabərliyi - baharın başlanğıcı, yay Günəşduruşu - yayın başlanğıcı, payız gecə-gündüz bərabərliyi - payızın başlanğıcı və qış Günəşduruşu - qışın başlanğıcı üçün əsas göstəricidir.

Yaz bərabərliyi: Martın 21-də (bəzən 20-22-si) Günəş göy ekvatorunu kəsərək, dünyanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin gün Yerin Şimal və Cənub yarımkürələri Günəş şüaları ilə eyni dərəcədə şüalanır. Yer kürəsinin hər yerində gecə-gündüz ilə ekvatorun kəsişdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Bu, Yerin Şimal yarımkürəsində astronomik baharın başlanğıcı deməkdir. Günəş Qoç bürcünə daxil olur.

Yay Günəşduruşu: İyunun 22-də Günəşin günorta hündürlüyü maksimal həddə çatır. Həmin gün Yerin Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Bu, astronomik yayın başlanğıcıdır. Yayın bu anına yay Günəşduruşu deyilir. Günəş Əkizlər bürcündə olur.

Payız bərabərliyi: Sentyabrın 22-də Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Yenidən gecə ilə gündüz bərabərləşir. Ona görə həmin an payız bərabərliyi adlanır. Astronomik payızın başlanğıcıdır. Günəş Qız bürcündə olur.

Qış Günəşduruşu: Dekabrın 22-də Günəşin günorta hündürlüyü minimal olur. Ən uzun gecə, ən qısa gündüz olur. Bu, astronomik qışın başlanğıcıdır. Həmin an qış Günəşduruşu adlanır. Günəş Oxatan bürcündə olur.

Fəsillərin hərəsi üç ay hesablanmış və əsas etibarı ilə təsərrüfatla əlaqələndirilmişdir. Azərbaycanda xalq arasında fəsillər belə səciyyələndirilir: yaz bitirər, yay yetirər, payız götürər, qış ötürər. Və yaxud: üçü bizə yağıdı (qış), üçü cənnət bağıdı (yaz), üçü yığıb gətirir (yay), üçü vurub dağıdır (payız).

 

Azərbaycan.-2020.- 8 mart.- S.6.