Azərbaycan daim müstəqil, prinsipial və
milli maraqlara uyğun siyasət yürüdür
Martın
10-da altıncı çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iclasda iştirak edib.
İclası Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev açaraq
dedi:
-Zati-aliləri,
möhtərəm cənab Prezident.
Sizi
Milli Məclisdə salamlamaq böyük qürurdur. Milli Məclisə,
doğma evinizə xoş gəlmisiniz.
Müstəqil
Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin
müəyyən etdiyi inkişaf strategiyasını
yaradıcı surətdə davam etdirdiyinizə və Azərbaycan
xalqının maraqlarına xidmət edən dövlətçilik
fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü
bildirir, gələcək işlərinizdə yeni
böyük uğurlar arzulayırıq.
Hörmətli
deputatlar, hörmətli qonaqlar, xanımlar və cənablar.
Azad,
ədalətli və şəffaf seçkilər nəticəsində
formalaşmış altıncı çağırış
Milli Məclis fəaliyyətə başlayır. Hörmətli
deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə
sizi səmimi-qəlbdən təbrik edirəm.
Milli
Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə,
Milli Məclisin ilk iclasını ən qocaman deputat aparır.
Bu şərəfli missiya Milli Məclisin deputatı, akademik
Ziyad Səmədzadəyə nəsib olmuşdur. Hörmətli
Ziyad müəllim, xahiş edirəm iclasa
başlayasınız.
İclasa
sədrlik edən Ziyad Səmədzadə altıncı
çağırış Milli Məclisin ilk iclasını
açıq elan etdi.
Ziyad
Səmədzadə dedi:
-Hörmətli
cənab Prezident, Azərbaycan dövlətinin iqtisadi və
siyasi qüdrətinin güclənməsində böyük
töhfələr verdiyinizə, ulu öndər Heydər Əliyevin
siyasətini uğurla davam etdirdiyinizə görə Sizə təşəkkürümüzü
bildiririk. Sizə deputatlarımız adından möhkəm
cansağlığı, uğurlar arzulayırıq.
Əminik
ki, qloballaşan dünyada, risklərin artdığı bir
şəraitdə Siz bundan sonra da Azərbaycan dövlətinə
uğurla rəhbərlik edəcəksiniz, Azərbaycanı
gündən-günə çiçəklənən,
dünyada sözü, gücü, qüdrəti olan bir
dövlətə çevirəcəksiniz. Sağ olun, Sizə
təşəkkür edirəm.
Hörmətli
deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə
sizi təbrik edirəm. Parlament fəaliyyətində sizin hər
birinizə böyük uğurlar, cansağlığı
arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə
görə, yeni çağırış Milli Məclisin ilk
iclasında Milli Məclisə seçilmiş deputatların
siyahısı oxunmalıdır. İcazənizlə,
altıncı çağırış Milli Məclisə
seçilmiş deputatların siyahısını oxuyuram.
Z.Səmədzadə
altıncı çağırış Milli Məclisə
seçilmiş deputatların siyahısını oxudu.
Sonra
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Prezident
İlham Əliyev altıncı çağırış
Milli Məclisin birinci iclasında nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
-
Hörmətli deputatlar, hörmətli xanımlar və cənablar.
Altıncı
çağırış Milli Məclis bu gün öz
işinə başlayır. Bu münasibətlə
bütün deputatları ürəkdən təbrik edirəm,
onlara uğurlar arzulayıram.
İlk
növbədə, beşinci çağırış Milli Məclisin
deputatlarına göstərdikləri fəaliyyətə
görə təşəkkürümü bildirirəm.
Beşinci çağırış Milli Məclis, onun
deputatları, rəhbərliyi ölkəmizin uğurlu
inkişafı istiqamətində böyük rol
oynamışlar, parlament tərəfindən qəbul
edilmiş qanunlar bizim uğurlu inkişafımızın
hüquqi bazasını gücləndirmişdir. Əminəm
ki, altıncı çağırış Milli Məclis də
uğurla fəaliyyət göstərəcək və beləliklə,
ölkəmizdə aparılan genişmiqyaslı və
çoxşaxəli islahatlara, onların dərinləşməsi
işinə öz töhfəsini verəcəkdir.
Fevralın
9-da keçirilmiş parlament seçkiləri ölkəmizin
həyatında önəmli hadisə idi. Hər bir
seçkilər önəmli hadisədir, bu seçkilərin
xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar
seçkilər idi. Bu seçkilərin fevral ayında
keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək,
vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini
təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi
uğurla keçdi və bu dəfə seçkilərə çox
böyük maraq göstərilmişdir. Bunun əyani
sübutu odur ki, bu seçkilərdə 1300-dən çox
namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər
fəal iş apararaq öz fikirlərini,
baxışlarını, ideyalarını seçicilərə
azad şəkildə çatdıra bilmişlər.
Bütün namizədlər üçün bərabər
şərait yaradılmışdır, heç bir
ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən
çox namizədin olması, əslində, seçkilərə
onlar tərəfindən göstərilən etimadın təzahürüdür.
Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm
uğurla keçmişdir, həm də seçkilərin nəticələri
Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas
məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu
seçkilərdən məmnun qalmışdır və
seçkilərdən sonra müşahidə olunan hadisələr
bunu bir daha göstərir.
Biz
seçkiləri müşahidə etmək üçün
bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri
dəvət etmişdik və onların mütləq əksəriyyəti
seçkilərin həm hazırlıq dövrünü, həm
kampaniya dövrünü və həm də seçkilər
gününü çox müsbət qiymətləndirmişdir.
Demək olar ki, müşahidəçilərin mütləq
əksəriyyəti seçkiləri demokratiyanın
inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər
və bəyan etmişlər ki, Azərbaycan xalqı azad
şəkildə öz seçki hüququndan istifadə edib
və seçkilərin nəticələri real mənzərəni
əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər,
əlbəttə ki, reallığı əks etdirir. Eyni
zamanda, Azərbaycanda seçki prosesinə həmişə
ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə
fərqlənən ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosu və onun təsiri altında olan
bəzi qurumlar bu dəfə də hansısa qüsurları
qabardıb, onları böyük hadisə kimi təqdim etməyə
çalışmışdılar. Heç bir seçki
qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4
dairənin nəticələrinin ləğv edilməsi onu
göstərir ki, bu qüsurların olmaması
üçün Azərbaycan özü maraqlıdır. Seçkidən
sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas
niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz
seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi
namizədə səs versin, beləliklə, öz fikrini və
öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə
biz buna nail olmuşuq və seçkilərdən sonra
artıq müşahidə olunan mənzərə onu göstərir
ki, Azərbaycan xalqı seçkilərin nəticələri
ilə razılaşıb. Bizim üçün əsas məsələ
bundan ibarətdir.
Eyni
zamanda, hesab edirəm ki, Avropa İttifaqı seçkilərin
keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat
vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni
seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə
hazırdır. Bu, əslində, seçkilərin
tanınması deməkdir. O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar
və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə
görünür ki, ciddi hadisə baş vermədiyi
üçün onlar da məcbur olub öz məruzəsini
müəyyən dərəcədə
balanslaşdırılmış formada təqdim etsinlər.
Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri
seçkilərdən əvvəl yazılır və harada
yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki
bəyanatları və bəzi ölkələrdə
seçkilərə verilən qiymət bir daha onların nə
dərəcədə qeyri-obyektiv, qərəzli
olmasını göstərir və nümayiş etdirir ki, bu
qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda
keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu
seçkilər ovaxtkı hakim faşist respublikaçılar
partiyası tərəfindən tam
saxtalaşdırılmışdı, - mən bu partiyanı
faşist adlandırıram, təkcə onların
ideologiyasına, onların mahiyyətinə görə yox,
eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs
görsün, faşist Almaniyasının emblemi ilə
onların emblemi fərqlənmir, - və
Respublikaçılar partiyasının özünə 50
faizdən çox səs yazdırdığı bu
saxtalaşdırılmış seçkilərə ATƏT
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
müsbət rəy vermişdi. Bir sözlə, bu
saxtakarlığa şərik çıxmışdır və
ondan sonrakı hadisələr hər kəs üçün
bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi,
onları guya Ermənistan parlamentində təmsil edən
deputatlar təslim oldu, əllərini qaldırdılar,
boyunlarını bükdülər və kənara çəkildilər.
Yeni parlament seçkiləri elan edildi və yeni parlament
seçkilərində respublikaçıların faşist
partiyası heç parlamentə girə bilmədi. Yəni,
bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay
ondan əvvəl saxtalaşdırılmış seçkilərin
nəticələri göz qabağındadır və bu nəticələrə,
bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və
İnsan haqları Bürosu öz müsbət rəyini
vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə
bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim
üçün tamamilə əhəmiyyətsizdir.
Çünki bu rəy yenə də siyasi sifariş əsasında
yazılır və bu, elə bil ki, bəzi dövlətlərin
aparıcı dairələrinin bir təzyiq üsuludur.
Bir məsələni
- müşahidəçiləri də qeyd etmək istərdim.
Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi.
Deyə bilərəm ki, biz müşahidəçi qismində
dəvət etdiyimiz bütün təşkilatları bu
seçkilərdə görmüşük. Ancaq Avropa
Parlamentinə biz dəvət göndərməmişik,
çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi,
buna lüzum görmürük, təxminən eyni səbəblərə
görə. Çünki Azərbaycana qarşı ədalətsiz
qətnamələrin qəbul olunması sahəsində Avropa
Parlamenti birincilik əldə edib. Onların da qətnamələri
bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq
bildirməliyəm ki, belə meyillər bizə qarşı
bu gün də müşahidə olunur.
Beləliklə,
biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat
yayırlar ki, bu seçkiləri müşahidə etməkdən
imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi
saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik,
biz sizi burada görmək istəmirik, biz sizə
inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz
imtina edirik, bu, gülməlidir və təəccüblüdür.
Bir
sözlə, seçkilər bir daha bizim siyasi xəttimizin
xalq tərəfindən yüksək qiymətə layiq
olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən
sonrakı proseslər müsbət istiqamətdə inkişaf
edəcək. Altıncı çağırış Milli Məclis
çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir.
Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi
işində Milli Məclisin çox böyük rolu
olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr
seçkilərdə iştirak etmişlər. Sadəcə
olaraq, özünü müxalifət adlandıran marginal
qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da
gülməlidir. Çünki Azərbaycan xalqı bu
rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki,
onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan
etmək həm gülməlidir, həm də təəccüblüdür.
Beləliklə,
bütün siyasi qüvvələrin iştirak etdiyi
seçkilər nəticəsində çoxpartiyalı
parlament formalaşıb və hesab edirəm ki, bu,
demokratiyanın inkişafında önəmli addımdır.
Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini
qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli
Məclisdə sözü kifayət qədər qiymətlidir
və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil
edən deputatlar bu gün səhər mənim
tapşırığımla yığışmışlar
və önəmli qərarlar qəbul etmişlər. Mənim
tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri
altıncı çağırış Milli Məclisin rəhbərliyində
və komitələrin rəhbərliyində təmsil olunsunlar.
Bu günə qədər belə bir hal olmamışdır.
Keçən çağırış Milli Məclisin komitələrinin
rəhbərliyində, parlamentin rəhbərliyində
müxalifət nümayəndələri təmsil olunmurdu.
Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək,
siyasi münasibətləri sağlam zəmində gücləndirmək
üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm
ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə
də çox düzgün addım atır.
Deyə
bilərəm ki, həm altıncı
çağırış Milli Məclis bu sahədə, əlbəttə,
öz sözünü deyəcək, eyni zamanda, Prezident
Administrasiyasının nümayəndələri son vaxtlar demək
olar ki, bütün siyasi qüvvələrin rəhbərləri
ilə görüşlər keçirir. Mənə bu
görüşlər haqqında müntəzəm olaraq məruzə
edilir. Bütövlükdə ilkin rəy müsbətdir.
Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar
dövründə siyasi islahatlar mütləq
aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş
dialoq aparılmadan həyata keçirilə bilməz. Bir
partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz.
Çünki dialoq üçün tərəf-müqabillər
lazımdır və ilkin təəssürat müsbətdir.
Bu təşəbbüs heç bir şərt qoymadan həyata
keçirilir. Ancaq yenə də marginallaşmış və
bütün dayaqlarını tam itirmiş dərnək tipli
qruplaşma bu görüşdən imtina etdi. İmtina edib,
indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq.
Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır.
Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi
sistemin təkmilləşdirilməsi üçün Milli Məclis
tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda
çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində
qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün
heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu
praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik
ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz
bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim
edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti
üçün lazım olan bütün alətlər spektri
mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin
gündəliyində duran məsələlərdən biri
olacaqdır.
Bir
sözlə, həm seçkilər, həm də seçkilərdən
sonra keçən dövr, iqtidar tərəfindən siyasi
partiyalara yönəlmiş addımlar - bütün bunlar
bizim mövcud siyasətimizin yeni mərhələsini əks
etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz
kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident
seçkilərindən sonra başlamışdır. Bu
islahatları mən andiçmə mərasimində, bax, bu
salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra
edirik və bu, həyatda öz əksini tapır. Bir də onu
göstərir ki, həmişə olduğu kimi, bizim
sözümüzlə əməlimiz arasında heç bir fərq
yoxdur.
İslahatlar
həm konseptual xarakter, həm də struktur xarakteri
daşıyır. Kadr islahatları aparılır. Son müddət
ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni
tərkibdə formalaşmışdır və yeni
şöbələr yaradılmışdır. Bu şöbələrin
yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir,
bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə
formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha
operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə
kadr islahatları aparılmışdır, yerli icra
orqanlarında bu islahatlar aparılır və aparılacaq. Bəzi
yerli icra orqanlarında müşahidə olunan
biabırçı mənzərə bütün
xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə
işləri aparılacaqdır, həm mərkəzi, həm
də yerli icra orqanlarında, bütün dövlət
qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm
ki, əgər kimsə dövlət işində işləmək
istəyirsə, onun niyyəti də, əməlləri də
təmiz olmalıdır. Əgər hansısa bir adam
özündə bu xüsusiyyətləri görmürsə,
o, dövlət işindən getsin, sabah bədbəxt
olmasın.
Ona
görə islahatların dərinləşməsi, əlbəttə
ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki,
yeni tərkibdə formalaşmış Milli Məclis
islahatlara yeni təkan verəcəkdir. Deputatlar
qarşısında böyük vəzifələr durur, ilk
növbədə, qanunvericilik sahəsində. Çünki
parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm
ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox
keyfiyyətə fikir verilsin. Çünki mövcud olan
qanunların təkmilləşdirilməsinə baxmaq,
onları təftiş etmək lazımdır. İcra
strukturlarına mənim tərəfimdən göstəriş
verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə
yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik,
eyni zamanda, Prezident tərəfindən bir çox önəmli
sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət
lazımi səviyyədə deyil. Ona görə Prezident
Administrasiyasında xüsusi şöbə yaradıldı.
Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə
məşğul olmalıdırlar. Baxın, görün, qəbul
olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar,
yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə
ki, ciddi cəza tədbirləri görülməlidir.
Ona
görə hesab edirəm ki, bütövlükdə, - əlbəttə,
bu, vaxt aparacaq, amma hər halda bunu etmək lazımdır, -
biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər
lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə
uzlaşdırmalıyıq. Çünki həyat yerində
durmur, yeni çağırışlar, yeni problemlər
üzə çıxır. Gözlənilmədən elə
hadisələr baş verir ki, bütün dünya
çaş-baş qalır. Ona görə bu qanunlar doqma
deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul
ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir.
Ona görə qeyd etdiyim kimi, siyasi sistemin
formalaşdırılması və gücləndirilməsi
üçün qanunvericilik təşəbbüsləri, əlbəttə
ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi
işinə töhfə verən qanunlar qəbul edilməlidir.
Hesab
edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi
dəyərlərimizin qorunması ilə bağlı
qanunvericilik bazası daha da geniş olmalıdır.
İnformasiya
mühafizəsi ilə bağlı. Çünki biz
informasiya dövründə yaşayırıq və saxta xəbərlər,
yəni, "feyk nyus” adlandırılan xəbərlər əfsuslar
olsun ki, geniş vüsət alır və istənilən
yalan xəbər çox böyük fəsadlara gətirib
çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan
kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas
səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin
qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları
odur ki, bizə qarşı informasiya kampaniyası
aparılır - qara piar kampaniyası, yalan, böhtan, uydurma,
iftira üzərində qurulmuş kampaniya. Ona görə
informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi
ilə əlaqədar mütləq qanunvericilikdə yeni
yanaşmalar, yeni fikirlər olmalıdır.
Sosial
siyasətlə bağlı. Azərbaycan sosial dövlətdir
və bizim atdığımız bütün addımlar bunu
təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə
reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə
edir. Minimum əməkhaqlarının, minimum pensiyaların
müntəzəm olaraq qaldırılması, əlbəttə
ki, böyük iqtisadi mənbə tələb edir və bunu
da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla
bağlı gedən proseslər, kölgə iqtisadiyyatına
qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı
gücləndirir, vergi bazasını genişləndirir,
kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə
olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər,
əlbəttə ki, diqqət mərkəzində
olmalıdır.
Gənclər
siyasəti ilə bağlı. Azərbaycan əhalisinin
mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda
demoqrafik mənzərə çox müsbətdir. Ona görə
gənclərin asudə vaxtlarının səmərəli təşkili,
onların fəal işə cəlb edilməsi, - misal
üçün, könüllülər hərəkatı
çərçivəsində, - vətənpərvərlik
ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə
ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər
milli ruhda tərbiyə almalıdırlar, xarici təsir
altına düşməməlidirlər, xüsusilə indiki
internet dövründə ki, istənilən yalan tezliklə
yayılır və sonra elə bil həqiqət kimi təqdim
olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin
bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda
hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə
ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək
heç bir amil mövcud deyil. Ona görə bu amilləri
anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində
yaratmaq istəyirlər. Burada özünü müxalifət
adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini
davam etdirən qruplaşmadan artıq onların əli
üzülüb, onlara heç inam da qalmayıb. Ona görə
yeni beşinci kolonun yaradılması istiqamətində iş
aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin
etimadını doğrultmur. Azərbaycanda çevriliş edə
bilməyib, dırnaqarası inqilab edə bilməyib,
xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara
müntəzəm olaraq verilən pulları mənimsəyib və
beləliklə, öz havadarlarını pis günə
qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən
bütün siyasi qüvvələri bu məsələ ilə
bağlı çox ciddi xəbərdar etmək istəyirəm
ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət
qarşısında xəyanət edəcək. Ona görə
bizim bütün daxili problemlərimiz Azərbaycanın
daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi,
siyasi çəkişmələri xaricə ixrac etməməliyik.
Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur.
Çünki bu gün dünyada elə bir qüvvə yoxdur
ki, hansısa qərarı bizə aşılasın, yaxud da
bizə nəyisə diktə edə bilsin. Belə qüvvə
yoxdur və nə qədər ki, mən prezidentəm, belə
qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır.
Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri,
yaxud da ki, sanksiyalarla hədələmək – bütün
bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara
qarşı deyil, bu, dövlətə qarşı edilən
cinayətdir və bunu heç kim unutmasın.
Son
illər ərzində biz müxtəlif təzyiqlərlə,
müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz
yolumuzdan dönməmişik. Ölkəmizin,
xalqımızın əmin-amanlığı, təhlükəsizlik,
sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz
bizim üçün hər şeydən üstündür.
Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq
edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara
könüllü şəkildə daxil olmuşuq,
könüllü şəkildə də çıxa bilərik
- əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə
qane etməsə, yaxud da bizə qarşı olan qərəzli
münasibət o həddə çatsın ki, artıq bizim
hövsələmiz tükənsin. Ona görə hesab edirəm
ki, bütün siyasi qurumların nümayəndələri bu
sahədə də çox diqqətli olmalıdırlar.
O ki
qaldı, gənc nəslə, yenə də deyirəm, bizim gənc
nəslimiz vətənpərvərdir, Vətənə
bağlıdır, milli köklərə bağlıdır,
elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə
demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə
almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və
fiziki hazırlığı üçün əlavə tədbirlər
həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis
və onun müvafiq komitələri bu işlə məşğul
olub konkret təkliflər irəli sürəcəklər.
Əlbəttə,
deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə
fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar.
İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi
deputatlar seçicilərdən bir qədər, yaxud da ki,
tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə
baş çəkmirdilər, problemlərlə
maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya
qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə
hallar kifayət qədər çox olubdur. Öz
qohumlarını vəzifələrə yerləşdirmək,
hansısa torpaq sahələri əldə etmək, hansısa
biznesə dəstək göstərmək və sair və
ilaxır. Mən dərinə getmək istəmirəm. Ona
görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi
cəhətdən qüsursuz olmalıdır. Çünki
bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər
bizim vətəndaşlar yaxından baxsalar görərlər
ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları,
vəzifələrə gətirilən kadrlar təmizdirlər.
Yəni, onların arxasında heç bir, necə deyərlər,
mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu
meyarlara cavab verməlidirlər. Sabah siz xalq
qarşısında cavab verməli olacaqsınız. Ona
görə siz seçildiyiniz dairələrin problemləri ilə
daim maraqlanmalısınız, seçicilərlə
görüşməlisiniz, dairələrdə
olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də
üzə çıxarmalısınız. Bunları icra orqanlarının
qarşısına çıxarmalısınız, mərkəzi
icra orqanlarının diqqətinə
çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə
formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət
göstərəcək.
Beynəlxalq
fəaliyyətlə bağlı demək istərdim ki, bizim
deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil
olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə
də fəallıq kifayət qədər yüksək idi.
İndiki dövrdə daha da yüksək olmalıdır.
Çünki biz Azərbaycan həqiqətlərini
çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tarixi həqiqətləri
çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir,
beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir.
Ona görə bizim arqumentlərə qarşı Ermənistan
tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan,
böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində,
onların xislətidir. Onlar geniş şəbəkə
çərçivəsində bəzi siyasətçiləri
satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan
halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət
qazandırılır. Ona görə bizim deputatlar
bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri
ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay
sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm
ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər.
Orada açıq-aydın göstərilir ki, bu müqaviləni
kim bağlayıb, nə vaxt bağlayıb və erməni
xalqı haqqında orada ümumiyyətlə, söhbət belə
getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən
İbrahim xan, özü də rusca yazılmışdır
İbrahim xan "Karabaxski Şuşinski”. Bax, budur real tarix.
XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən
dərc edilmiş xəritələrə baxmaq kifayətdir
görəsən ki, orada indiki Ermənistan ərazisində
toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Bunu demək lazımdır, o xəritələri gətirmək
lazımdır. İşğal edilmiş indiki
torpaqlarımızın xəritələrini gətirmək
lazımdır. Bütün beynəlxalq təşkilatları,
orada fəaliyyət göstərən nümayəndələri
tanış etmək lazımdır. Eyni zamanda, müsəlman
ölkələrinin parlamentlərinin nümayəndələri
ilə görüşlər əsnasında mütləq ermənilər
tərəfindən dağıdılmış məscidlərimizin
şəkilləri göstərilməlidir. Mən bunu edirəm.
Bir çox müsəlman ölkələrinin liderlərinə
bu şəkilləri göstərirəm. Əgər bunu
geniş siyasi elita görsə, onda əlbəttə ki, o
ölkələrin rəhbərləri üçün Ermənistan
rəhbərləri ilə ağız-ağıza
öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik
ki, təkcə bizə qarşı yox, bütün müsəlman
aləminə qarşı bu faşist rejim müharibə elan
edib, bizim məscidlərimiz, tarixi abidələrimiz
dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər
çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət
olmalıdır.
Əlbəttə
ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda
biz fəal olmalıyıq, hücum diplomatiyası
aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir.
Xocalı soyqırımı haqqında. Artıq 10-dan
çox ölkənin parlamenti bunu rəsmən
tanıyıb. Bu
proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal
olmalıdırlar. Çünki bu qərarların qəbul
edilməsində dövlət qurumları böyük dərəcədə
əsas rol oynayırlar. Ona görə parlament fəal
olmalıdır. Bu, artıq beynəlxalq münasibətlər
çərçivəsində qəbul edilmiş faktdır.
Ermənistan tərəfinin çox yersiz, yalançı,
cılız cəhdləri Münxen Təhlükəsizlik
Konfransında özünü göstərdi və bir daha
onları ifşa etdi. Çünki onların bütün
tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında
dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq
Cümhuriyyətinin köməyi ilə. İndi bütün
tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi
özününküləşdirmək istəyirlər. Ona
görə deputatlar daim bu məsələni
qaldırmalıdırlar.
Bütövlükdə
beynəlxalq təşkilatlar çərçivəsində
bizim fəaliyyətimiz daha məqsədyönlü
olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal
olmalıdırlar, turist kimi getməməlidirlər, sonra
hesabat verməlidirlər ki, nə iş görmüsən,
kiminlə görüşmüsən, hansı məsələni
qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini
xatırladır. Getdik, görüşdük, oturduq,
danışdıq, yedik, qayıtdıq. Özü də bəzi
səfərlər, ümumiyyətlə, qəbuledilməzdir.
Mən bu gün bu haqda çox danışmaq istəmirəm,
amma bilirəm nə baş verir, hansı hadisələr
baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin
səmərəliliyini artırmalıyıq. O təşkilatlarda
ki, bizə qarşı əsassız yanaşma var, bizə
qarşı ittihamlar irəli sürülür, biz orada
mübariz olmalıyıq. Yəni, onların
qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında
yaxşı olmaq lazımdır. Hansısa məsələni
kəskinləşdirmək istəmirəm bəhanəsi ilə
kənara çəkilmək yox, əksinə, öz
sözünü demək lazımdır. Qərəzli
yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən
daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu
demək üçün siyasətçi olmaq lazım deyil.
Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə
demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər
törədirlər. Avropanın dırnaqarası demokratiya
beşiyi sayılan ölkələrdə xalqın
gözü qarşısında, dünyanın gözü
qarşısında dinc nümayişçiləri vururlar, əzirlər,
gözlərini çıxarırlar, öldürürlər,
həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs
edirlər, çürüdürlər onları. Göz
qabağındadır, dinc nümayişçiləri itlərlə,
atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə
yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən
məkanda kütləvi hal alıbdır. Müsəlman
miqrantlara qarşı baxın, necə münasibət göstərilir.
Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə
salırlar. Sonra isə qəfəsə yemək
parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!
İndi də
bütün vasitələrdən istifadə edib onları əzmək
fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə
üçün onlar yarandı? Nəyə görə öz
ölkələrini tərk etdilər? Kim onların ölkələrinə
basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi
pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar
oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını
da çəksin. Nə üçün Türkiyə, bizim
qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir,
yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir?
Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin
salanlar gəlib onlara sahib çıxsınlar.
Bütün
bunları demək lazımdır. Mən bu gün bu
kürsüdən bunu deyirəm, açıq, heç kimdən
çəkinmədən. Çünki mən haqlıyam və
həqiqətə qarşı heç kim heç nə deyə
bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən
bir neçə gündən sonra yenə çirkin məqalələr
çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə
bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir.
Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək,
sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu
deməliyik və siz də deməlisiniz. Mən bütün
deputatlara deyirəm, heç bir sövdələşməyə
getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək
lazımdır, biz də işləyirik, ancaq bizim
maraqlarımız var və kifayət qədər arqumentlərimiz
var. Ona görə mən sizi bu mübarizəyə
çağırıram - həm Avropa Şurasında, həm
ATƏT Parlament Assambleyasında, həm də bütün
başqa təşkilatlarda. Beləliklə, hesab edirəm ki,
bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin
mövqeyini daha da gücləndirəcək.
Əlbəttə
ki, parlamentin iqtisadi sahədə görülən işlərlə
bağlı rolu artmalıdır. Mən hesab edirəm ki,
hökumət üzvləri də daha sıx təmasda
olmalıdırlar, parlamentdə daim ünsiyyətdə
olmalıdırlar, onlara suallar verilməlidir, onlar
gördükləri işlər haqqında məruzə etməlidirlər,
çıxış etməlidirlər və bunu da biz sistemə
salmalıyıq. Çünki bu, həm hökumət
üzvlərinin məsuliyyətini artıracaq, həm
parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda
parlamentin rolu və təsir imkanları artsın, - həm də
ümumi işimizə müsbət təsir göstərəcək.
Çünki məsuliyyət ən vacib məsələlərdən
biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur,
heç bir iş getməyəcək. Əksinə, çox
mənfi mənzərə ilə üzləşə bilərik.
Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.
Mən
indi vətəndaşlara ictimai nəzarət haqqında daim
müraciət edirəm ki, bu proses yavaş gedir, hələ
öyrəşməmişik. Hələ hesab edirik ki, bəli,
orada hansısa icra başçısı bir ağadır,
xandır, istədiyini edə bilər, insanları qul kimi
işlədə bilər, insanlar da buna dözməlidirlər.
Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları.
İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət
var. O məktubları əvvəllər bəziləri gizlədirdilər.
Əvvəllər kimdən ki, şikayət edirdilər, ona
göndərirdilər. O da sonra həmin şikayətçini
əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt
lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da
ictimai nəzarət işində daha fəal olmalıdır.
Bir çox məsələlər haqqında məlumatı əvvəllər
mən mətbuatdan alırdım, mənə
çatmırdı, gizlədirdilər, malalayırdılar və
demək olar ki, bu, böyük çətinliklər
yaradırdı. Ona görə hesab edirəm ki, hökumət
üzvləri ilə daim təmas olmalıdır, Prezident
Administrasiyasında parlamentlə iş üzrə xüsusi
şöbə yaradılıb. Bu, əlbəttə, bir daha
onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət
veririk.
O ki
qaldı, iqtisadi islahatlara, onlar da göz
qabağındadır. Təkcə şəffaflıq
hesabına keçən il biz büdcəyə proqnozdan 1
milyard manat çox vəsait daxil etdik və bu proses davam
etdirilir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə
181 milyon manat, gömrük orqanları isə 71 milyon manat
çox vəsait yığıblar, məhz şəffaflığa
görə, məhz kölgə iqtisadiyyatına qarşı
mübarizəyə görə. Kölgə iqtisadiyyatına
qarşı mübarizə öz nəticəsini verməkdədir
və getdikcə kölgə iqtisadiyyatının əhatə
dairəsi daralacaq. Əlbəttə, bunu bir gündə etmək
mümkün deyil, bu, bir prosesdir, amma indi bütün hökumət
qurumları səfərbər edilib və bu işdə fəaldırlar.
İki ayın iqtisadi göstəriciləri də çox
müsbətdir. Ümumi daxili məhsul 2,8 faiz artıb,
qeyri-neft sektorunda isə yanvar-fevral aylarında 6,7 faiz
artıb, biz əsas göstərici bunu sayırıq.
Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7
faizdir. Bu da son illər qeyri-neft sektorunun inkişafına
görədir. Çünki neft sektorunda bu artım yoxdur, əksinə,
hasilat düşür, qiymətlər də dünən
tamamilə çökdü. Deməli, əhalinin gəlirləri
iki ayda 9 faiz artıb, inflyasiya cəmi 2,8 faizdir. Bu tendensiya əminəm
ki, gedəcək. Düzdür, indi koronavirusla bağlı
dünyada gedən ajiotaj istər-istəməz bizə də
təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri
ortaya qoyub bu vəziyyətdən də şərəflə
çıxacağıq. Halbuki indi bir çox ölkələr
bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə
operativ qərargah yaradıldı və bu gün səhər
mənə verilən məlumata görə, artıq xəstələnmiş
vətəndaşların sağalması prosesi də
uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini
başa çatdırırlar və evlərə
buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət
edilir. Sərhədlərdə də vəziyyət nəzarət
altındadır və yük maşınlarının Azərbaycan
ərazisindən keçməsi üçün polis
müşayiəti ilə xüsusi kolonlar
formalaşdırılır. Yolda sürücülərə
yemək verilir ki, onlar maşınlarından tez-tez
çıxmasınlar. Yəni, bütün lazımi tədbirlər
görülür.
Əlbəttə
ki, bütövlükdə parlamentin sosial sahə ilə
bağlı fəaliyyəti çox fəal olmalıdır.
Bu sahə də bizim üçün prioritetdir, həmişə
olduğu kimi. Qeyd etdiyim kimi, keçən il önəmli
addımlar atıldı, bu il də davam etdiriləcək.
Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən
dəstəklənməsi işinə əlavə vəsait nəzərdə
tutulur. Ünvanlı sosial yardımla əhatə olunan ailələrin
sayı artmalıdır, mənim göstərişimlə
orada müvafiq metodologiyada düzəlişlər edilir.
Çünki əvvəlki metodologiya həqiqəti əks
etdirmirdi və hər ailəyə verilən məbləğ
də artmaqdadır. Məcburi köçkünlərə bu
il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir.
Şəhid ailələrinə 1500 mənzil veriləcək,
bu da rekord göstəricidir. Keçən il 934 mənzil
verilmişdi.
Dinlərarası,
mədəniyyətlərarası dialoqun inkişafı ilə
bağlı bizim parlamentin də rolu çox təsirli ola bilər.
Beynəlxalq tədbirlərdə və Azərbaycanda
keçirilən bir çox tədbirlərdə bizim
deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə
hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir,
eyni zamanda, başqalarının dinlərinə də hörmətlə
yanaşmalıyıq . Keçən ilin sonlarında
Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə
Görüşündə səslənən fikirlər onu
göstərir ki, bu gün dünya miqyasında bəlkə də
Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul
olan və ciddi nəticələr hasil edən ikinci ölkə
yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir,
həm də İslam Əməkdaşlıq Təşkilatı
Azərbaycanda İslam dininə olan münasibətə
görə bizi örnək kimi göstərir. Həm Rusiya
Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən
dinlərarası proseslərə müsbət qiymət verir,
həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə
görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə
Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə
verdiyi qiymət çox yüksəkdir. Yəni, bunu mən
demirəm. Bunlar aparıcı ənənəvi dünya dini
liderlərinin sözləridir. Əlbəttə ki, bu istiqamətdə
addımlar atılacaq.
Bununla bərabər,
biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi
gücləndirməliyik. Dünyəvilik prinsipləri daha
geniş bərqərar olmalıdır. Radikalizmə
qarşı mübarizə daha geniş
aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq
sözün düzü, xatırlamıram ki, bu məsələ
ilə bağlı əvvəlki dövrdə parlamentdə
ciddi söhbət aparılsın. Biz aparmalıyıq.
Heç bir bağlı mövzu olmamalıdır.
Çünki bizim gələcəyimiz bundan
asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə
yaşamaq istəyirik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin
etmək lazımdır. Əgər oturub nəyisə gözləyəcəyiksə,
böyük problemlər yarana bilər. Ona görə biz bu
sahədə də öz siyasətimizi təmin etməliyik,
bizim siyasətimizin üstünlüyünü göstərməliyik
və müqayisə etməliyik, çəkinmək lazım
deyil. İstənilən tərəflə müqayisə etmək
üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik,
əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona
görə parlament bu məsələlərlə ciddi məşğul
olmalıdır və əminəm ki, olacaq.
Bu
seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan
iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ
yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər
ərzində ölkəmizdə müşahidə olunan
inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan
xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik
şəraitində yaşayır. Artıq 27 ilə
yaxındır ki, biz sabitlik şəraitində
yaşayırıq, görün, bizim ətrafımızda
hansı proseslər baş vermişdir - müharibələr,
qaçqınların axını, çevrilişlər, vətəndaş
qarşıdurması, böhranlar. Ölkələr
parçalandı, demək olar ki, bəzi ölkələrin
coğrafi sərhədləri real vəziyyəti əks
etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə
öz suverenliyini və ərazi bütövlüyünü
saxlayırlar. Əslində, çoxdan itiriblər,
çoxdan bölünüblər tayfalara, təriqətlərə,
müxtəlif bölgələrə. Bizim
qonşuluğumuzda nə qədər acınacaqlı proseslər,
inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan,
ancaq problemlər, ancaq qarşıdurma və bu
qarşıdurmalar davam edir. İndi postsovet məkanına və
Azərbaycanın vəziyyətinə baxın. Mən indi
müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz.
Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və
əminəm ki, belə də olacaq.
Ona
görə bu seçkilərin nəticələri
görülmüş işlərin təzahürüdür.
Çünki bu gün həm təhlükəsizlik, həm də
sabitlik təmin edilir. Azərbaycan öz hərbi
potensialını gücləndirib. 2016-2018-ci illərdə
bizim hərbi qələbələrimiz hər bir Azərbaycan
vətəndaşını fərəhləndirdi və bizim
ordumuzun gücünü göstərdi. Təsadüfi deyil
ki, bizim ordumuz dünyanın 50 ən güclü ordusu
sırasındadır. Bizim beynəlxalq mövqelərimiz kifayət
qədər möhkəmdir. Qoşulmama Hərəkatına
üzv olmuşuq, ondan yeddi il keçmədi sədr
seçildik, özü də 120 ölkənin dəstəyi
ilə. Bilirsiniz ki, o ölkələr arasında ixtilaflar
kifayət qədər kəskindir. İnanmıram ki, ikinci belə
bir ölkə tapılsın ki, yekdil səslə bu təşkilata
sədrlik etsin. BMT-dən sonra bu, ən böyük beynəlxalq
təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının
lideri var, bu da Azərbaycandır.
Biz
keçən il Türk Şurasına sədrliyi öz üzərimizə
götürmüşük və deyə bilərəm ki,
türkdilli dövlətlərin əməkdaşlığı
istiqamətində Azərbaycan çox önəmli rol
oynayır. Bütün digər beynəlxalq təmaslarda biz
Avropa İttifaqı ilə indi saziş üzərində
işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə
ilə strateji tərəfdaşlıq sənədlərimiz
vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin
üçdəbir hissəsidir. Qonşu ölkələrlə
sağlam, işgüzar və dostluq əsasında qurulmuş
münasibətlər var. Müsəlman aləmində
böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz.
Ona görə bizə hörmət edirlər, ona görə
bizim sözümüz keçir və eyni zamanda, ona görə
ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz
situativ deyil. Bizim siyasətimiz ədalətlidir və
sözümüzlə əməlimiz arasında fərq
yoxdur. Mən öz sözümü bütün auditoriyalarda
deyirəm. Mənim üçün bir mövzu Azərbaycanda,
bir mövzu xaricdə anlayışı yoxdur. Hər bir məsələ
ilə bağlı mövqe var, mövqe olmalıdır və
mən bu mövqeni müdafiə edirəm. Kimin xoşuna gəlir,
gəlir, kimin xoşuna gəlmir, özü bilər. Bizi istəməyə
bilərlər məhz bu hərəkətlərimizə
görə, bu müstəqil siyasətimizə görə.
Amma bizə hörmət edirlər. Bunu da mən dəfələrlə
görmüşəm. Ona görə deputatlar da beynəlxalq
təşkilatlarda elə fəaliyyət göstərməlidirlər
ki, daim hörmət göstərilsin.
Son 16 il ərzində
iqtisadi sahədə əldə edilmiş uğurların
dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər,
götürsünlər statistikaya baxsınlar, hansı
ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə
artıra bilib. Ondan sonra yoxsulluq, 50 faizə yaxın idi, indi
4,8 faizdir və daha da aşağı düşəcək.
Çünki maaşlar, pensiyalar artır və
artırılacaq, müavinətlər də həmçinin.
Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir.
Bu, çox aşağı göstəricidir. İnkişaf
etmiş bəzi ölkələrdə bu, 100 faizdən
çoxdur. Amma ondan daha önəmli məsələ odur ki,
valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə
çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində
sıfırlaya bilərik. Xarici borcu ödəmək
üçün gərək bəzi ölkələrin
valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.
Bu illər
ərzində iqtisadi sahədə bu uğurlar əldə
edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən
çox artıb. Məcburi köçkünlərin, şəhid
ailələrinin problemləri öz həllini tapır. Biz
kosmik dövlətə çevrilmişik, üç peykimiz
var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda
keçiriləcək və bu haqqı biz gərgin mübarizədə
qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak
edirdi - Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu
qazandıq. Nəyə görə? Çünki orada da bizə
hörmət edirlər.
Mən
belə faktları çox sadalaya bilərəm. Təkcə
enerji siyasətimizə baxmaq kifayətdir ki, xalqımız,
dövlətimiz və qitə üçün nələr
etdiyimizi görək. Neft-qaz kəmərləri - indi Cənub
Qaz Dəhlizi başa çatmaq üzrədir. Biz bunu çox
çətin geosiyasi vəziyyətdə minimum itkilərlə
etdik, demək olar ki, sıfır itkilərlə. Nəinki
bunu etdik, hətta yeddi ölkə arasında uzunmüddətli
beynəlxalq əməkdaşlıq formatı yaratdıq. Bu
ölkələr artıq təbii dostlardır, müttəfiq
olmasalar da, təbii dostlardır. Ona görə bu sahədə
də bizim rolumuz danılmazdır və biz bu sahədə
liderik.
Nəqliyyat
sahəsində. Biz açıq dənizə
çıxışı olmayan ölkəni nəqliyyat mərkəzinə
çevirmişik. Belə faktlar çoxdur və hər biri
seçkilərə müsbət təsir göstərmişdir.
Parlamentə seçilmiş deputatların mütləq əksəriyyəti
bu müsbət meyillərə düzgün qiymət verir. Ola
bilər ki, onların qələbəsi, o cümlədən
bu amildən də asılıdır.
Bu gün
biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil
siyasət aparırıq, heç kimin işinə
qarışmırıq, heç kimə də imkan vermirik ki,
bizim işimizə qarışsın. Əminəm ki, biz
bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik.
Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal
olacaq. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar
arzulayıram. Sağ olun.
x x x
Deputatlar
adından Prezident İlham Əliyevə minnətdarlığını
bildirən iclasın sədri Ziyad Səmədzadə dedi:
-Hörmətli
cənab Prezident, mən Milli Məclisin üzvləri
adından Sizə dərin məzmunlu
çıxışınıza görə ürəkdən
təşəkkür edirəm. Siz həqiqətən bu
çıxışla bir daha sübut etdiniz ki, Azərbaycan
dövləti müstəqil siyasət yeridir, Azərbaycan
dövləti dünyada qloballaşan nadir ölkələrdən
biridir ki, o, özünün müstəqil iqtisadi siyasətini
bütün dünyaya bəyan edir. Məhz iqtisadi müstəqillik
sayəsində əldə edilən uğurlar bu gün Azərbaycanın
inkişafını təmin etmişdir. Sizin
sadaladığınız rəqəmlər həddən
çox ürəkaçandır. Maraqlı bir məsələyə
də toxundunuz ki, həqiqətən bu seçkilərdə
bu deputatların uğurlu qələbəsinin kökündə
Azərbaycan dövlətinin apardığı müstəqil
siyasət dayanır. Mən xatırlayıram, 2005-ci ildə
biz danışırdıq yoxsulluqdan 35-40 faiz, valyuta
ehtiyatlarımız cəmi 100 milyon idi, bir milyard da deyildi. Bizə
borc verəndə də çox ağır şərtlərlə
vermək istəyirdilər. Amma bu gün siz o rəqəmləri
deyəndə hər bir azərbaycanlı sevinir və
qürur hissi keçirir ki, ulu öndər Heydər Əliyevin
qurduğu Azərbaycan dövləti bu gün yaşayır,
inkişaf edir. Haqlı olaraq bir məsələni də
dediniz, mən bir iqtisadçı kimi demək istəyirəm
ki, biz indidən Azərbaycanın yarım əsrlik
inkişafı haqqında düşməliyik. Yarım əsrlik
inkişaf strategiyası, sənaye inqilabları və s. Bunlar
hamısı təbii ki, bizim müəyyən
baxışlarımızda da dəyişiklik edəcək.
Sizin bu sahədə hökumətə, parlamentə verdiyiniz dəstək
bizim qarşımızda kifayət qədər yeni vəzifələr
qoyur. Əmin ola bilərsiniz ki, Milli Məclisə seçilən
deputatlar birmənalı şəkildə Sizin
apardığınız siyasəti dəstəkləyəcək,
Sizin bu gün burda səsləndirdiyiniz tövsiyələri əsas
tutaraq parlamentin işini daha da canlandıracaqlar. Allah Sizi
qorusun, ailənizi qorusun və Azərbaycan dövlətini
qorusun ki, Sizin kimi belə başçısı var. Sağ
olun, var olun.
Hörmətli
deputatlar, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci, 35-ci,
36-cı və 41-ci maddələrinə əsasən birinci
iclasın gündəliyinə 6 məsələ daxildir: Milli
Məclisin Sədrinin, Sədr müavinlərinin seçilməsi,
intizam komissiyasının yaradılması, hesablayıcı
komissiyanın seçilməsi, Milli Məclis komitələrinin
sədrlərinin və sədr müavinlərinin seçilməsi.
Xahiş edirəm gündəliyə münasibət bildirək.
Gündəlik
səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə:
Gündəliyin birinci məsələsi Milli Məclisin Sədrinin
seçilməsidir. Milli Məclisin Daxili Nizamnaməsinin
33-cü maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə
namizədliyi deputatlar irəli sürə bilərlər. Hər
deputat yalnız bir namizəd göstərə bilər. Öz
namizədliyinə etiraz müzakirəsiz və səsvermə
keçirilmədən qəbul olunur. Səsverməyə
azı 10 deputatın tərəfdar
çıxdığı namizədlər buraxılır.
Parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan
Partiyasının nümayəndələri bu səhər
yığıncaq keçirib. Milli Məclisin Sədri vəzifəsinə
Yeni Azərbaycan Partiyasının namizədini təqdim etmək
üçün söz deputat Eldar İbrahimova verilir.
Deputat Eldar İbrahimov dedi:
-Çox
sağ olun. Möhtərəm cənab Prezident, hörmətli
deputat həmkarlarım. 2020-ci il fevralın 9-da Azərbaycanda
Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə
keçirilən seçkilər ölkə əhalisinin
mütləq əksəriyyətinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü siyasətini qətiyyətlə dəstəkləməsinin
yeni əyani nümunəsi oldu. Azərbaycanda son illərdə
əldə olunan nailiyyətlər, iqtisadiyyatın
inkişafı, insanların rifahının
yaxşılaşması sahəsində atılan addımlar,
uğurlu xarici siyasət, ölkənin müdafiə qüdrətinin
gücləndirilməsi, sabitlik və təhlükəsizlik
kimi qəti şəkildə qərar tapmış
reallıqlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi
Yeni Azərbaycan Partiyasının namizədlərinin
uğurlu seçki kampaniyasının əsasını təşkil
etmişdir. Xalqın böyük rəğbətini
qazanmış, ölkənin firavan gələcəyinin təmin
olunmasına hədəflənmiş geniş islahatlar siyasətinin
hakim partiyanın və onun namizədlərinin seçicilər
tərəfindən geniş şəkildə dəstəklənməsində
xüsusi rolu ayrıca vurğulanmağa layiqdir. 2020-ci il
növbədənkənar parlament seçkilərində
1300-dən çox namizədin deputat mandatı uğrunda
mübarizəyə qoşulması ölkəmizdə qərarlaşmış
demokratiya və qanun aliliyinin təzahürü, ardıcıl
surətdə gerçəkləşdirilən islahatlar
strategiyasına inamın ifadəsi olmaqla yanaşı, eyni
zamanda, seçkilərin xüsusi rəqabət mübarizəsi
və şəffaflıq şəraitində
keçirildiyinin əyani sübutudur. Böyük rəqabət
mübarizəsi ilə müşayiət olunan seçicilərin
öz iradələrini sərbəst sürətdə ifadə
etmələri şəraitində baş tutan seçkilərdə
Yeni Azərbaycan Partiyası 70 deputat mandatı qazanaraq Milli Məclisdə
çoxluğa sahib olmuşdur. Biz bunu Prezident İlham Əliyevin
uğurlu daxili və xarici siyasətinin qətiyyətlə dəstəklənməsinin
bariz ifadəsi, islahatlar konsepsiyasının qanunverici hakimiyyət
sahəsində təntənəsi hesab edirik.
Yeni Azərbaycan
Partiyasının Milli Məclisə keçirilmiş deputat
qrupu parlamentdə çoxluq hüququndan istifadə edərək
və partiya sədrinin tövsiyəsi nəzərə
alınaraq Azərbaycan Respublikası Milli Məclisinin Sədri
vəzifəsinə deputat Sahibə xanım Qafarovanın namizədliyini
irəli sürür. Hörmətli Sahibə xanım Qafarova
qanunvericilik fəaliyyəti sahəsində böyük təcrübəyə
malikdir. 2010-cu ildən Yeni Azərbaycan Partiyasını Milli Məclisdə
layiqincə təmsil edir. Beynəlxalq təşkilatlarda və
görüşlərdə fəal iştirakı, Azərbaycanı
bacarıqla təmsil etməsi, ölkəmizin mövqelərini
qətiyyətlə müdafiə edə bilməsi ilə daim
fərqlənmiş, seçicilərin dərin rəğbətini
qazana bilmişdir. O, cəmiyyətdə xüsusi hörmət
sahibidir. İnanırıq ki, malik olduğu şəxsi
keyfiyyəti və təcrübəsi sayəsində Sahibə
Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinin
öhdəsindən layiqincə gələ biləcək. Yeni
Azərbaycan Partiyası deputatlarının bugünkü qrup
toplantısının qərarı bundan ibarətdir. Xahiş
edirəm deputat həmkarlarım nəzərə alsınlar.
Sağ olun.
Ziyad Səmədzadə:
Başqa təklif yoxdur? Deməli, Milli Məclisin Sədri vəzifəsinə
biz bir nəfərin - Sahibə Qafarovanın namizədliyini irəli
sürürük. Sahibə xanımdan xahiş edək öz
razılığını bildirsin.
Sahibə
Qafarova dedi: Zati-aliləri, möhtərəm cənab Prezident,
hörmətli deputatlar, xanımlar və cənablar.
İcazə
verin, Milli Məclisin Sədri vəzifəsinə namizədliyimi
irəli sürdüyünə görə Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyevə və
partiya həmfikirlərimə dərin təşəkkürümü
bildirim. Əgər deputatlar mənə etimad göstərərsə,
Milli Məclisin Sədri kimi şərəfli vəzifəni
layiqincə yerinə yetirmək üçün bütün
bilik və bacarığımı sərf etməyə
hazıram. Diqqətinizə görə sağ olun.
Ziyad Səmədzadə:
Çox sağ olun. Hörmətli deputatlar. Milli Məclisin
Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli
Məclisin Sədri elektron sistemdən istifadə etməklə
gizli səsvermə yolu ilə seçilməlidir. Elektron
sistemdə nasazlıq yarandıqda gizli səsvermə
bülletenlər vasitəsilə keçirilir. Səsvermə
nəticəsində azı 63 deputatın səsini
almış namizəd Milli Məclisin Sədri seçilir.
Gizli səsvermə proseduru başlanır. Xahiş edirəm
deputat Sahibə Əli qızı Qafarovanın Azərbaycan
Respublikası Milli Məclisinin Sədri seçilməsi məsələsinə
münasibət bildirəsiniz.
Sonra səsvermə
keçirildi və 116 səs lehinə olmaqla, deputat Sahibə Əli
qızı Qafarova Azərbaycan Respublikası Milli Məclisinin
Sədri seçildi.
x x x
İclasda çıxış edən
Milli Məclisin Sədri Sahibə Qafarova dedi:
-Zati-aliləri,
möhtərəm cənab Prezident.
Hörmətli
deputatlar.
Xanımlar
və cənablar.
Etimad
göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin
Sədri seçdiyinizə görə sizə səmimi qəlbdən
təşəkkürümü bildirirəm.
Əmin
etmək istəyirəm ki, parlamentin Sədri kimi öhdəmə
düşən vəzifələri layiqincə yerinə
yetirmək üçün bütün bilik və
bacarığımı sərf edəcəyəm. Bununla əlaqədar
xüsusi qeyd etmək istəyirəm ki, cəmiyyətimizin
aparıcı siyasi qüvvəsi olan və parlament
çoxluğunu təşkil edən Yeni Azərbaycan
Partiyasını təmsil etməyim mənim üçün
həm qürur yeri, həm də güc mənbəyidir. Ulu
öndər Heydər Əliyevin adı ilə bağlı
olan Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizin
siyasi təkamülündə mühüm rol oynayır.
Hörmətli
deputatlar, 2018-ci ilin prezident seçkilərindən sonra elan
olunmuş əsaslı və hərtərəfli islahatlar
dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə etmişdir. Bu
islahatların daha da dərinləşməsi və sürətlənməsi
Milli Məclisin tərkibinin də yenidən formalaşması
zərurəti yaratmışdır. Bununla əlaqədar
olaraq, Yeni Azərbaycan Partiyasının təşəbbüsü
ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında
növbədənkənar parlament seçkiləri təyin
olunmuşdur. Fevralın 9-da demokratik şəraitdə
keçirilən azad və ədalətli seçkilər
ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə
açmışdır. Yeni Azərbaycan Partiyası üzvlərinin
parlamentdə yerlərin əksəriyyətini əldə etməsi
cənab İlham Əliyev başda olmaqla, partiyamıza bəslənən
böyük ümid və etimadı bir daha ifadə
etmişdir.
Beləliklə,
altıncı çağırış Azərbaycan
Respublikasının Milli Məclisi fəaliyyətə
başlamışdır. Bu münasibətlə icazə
verin, mən də deputat həmkarlarımı ürəkdən
təbrik edim və onlara gələcək fəaliyyətində
uğurlar arzulayım.
İnanıram
ki, Milli Məclis Azərbaycanın dayanıqlı
inkişafının təmin edilməsinə yönələn
strateji xəttin uğurla həyata keçirilməsinə
öz töhfəsini verəcəkdir. Bununla əlaqədar
olaraq, ölkədə geniş vüsət alan sistemli
islahatların yeni mərhələsinin başlanması
qanunvericilik orqanının qarşısında da yeni vəzifələr
irəli sürür. Məmnunluqla qeyd etmək istəyirəm
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə Nazirlər
Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və
yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq
sistemində, digər qurumlarda aparılan struktur və kadr
islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi
inkişafına yeni təkan vermişdir. Əminəm ki, bu
islahatlar müasir dövrün yeni
çağırışları şəraitində Azərbaycanın
ardıcıl və dinamik yüksəlişini təmin etməyə
kömək göstərəcəkdir.
Hörmətli
deputatlar, bizim təcrübəmiz göstərir ki, cəmiyyətdə
mövcud olan siyasi qüvvələrin, cərəyanların
və fikirlərin bütün spektrini əks etdirən
parlament əsl demokratiya və siyasi mədəniyyət məkanıdır.
Hakimiyyətin müxtəlif qolları arasında səmərəli
əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin
uğurla həyata keçməsini təmin edir.
Altıncı çağırış Milli Məclisin fəaliyyətinin
ən mühüm istiqaməti Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən quruculuq işlərinin
hüquqi bazasını daha da təkmilləşdirmək və
möhkəmləndirmək olacaqdır.
Milli Məclis
özünün bütün fəaliyyəti ilə möhtərəm
Prezidentimizin rəhbərliyi altında reallaşdırılan
sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə
davam edəcəkdir. Parlament xalqın maraqlarını ifadə
etməli, deputat onu seçmiş insanların problemlərinə
bələd olmalı, qayğılarına diqqət göstərməlidir.
Milli Məclisin deputatlarının öz seçiciləri ilə
əlaqələri müntəzəm xarakter
daşımalı, onlar ayda bir neçə dəfə
seçildiyi dairənin ərazisində olmalıdırlar.
İnsanları narahat edən məsələlərin Milli Məclisdə,
eləcə də digər dövlət orqanları
qarşısında qaldırılması deputatlıq fəaliyyətinin
mühüm istiqamətlərindən birini təşkil etməlidir.
Hörmətli
deputatlar, məlum olduğu kimi, beynəlxalq münasibətlərdə
parlament diplomatiyasının rolunun yüksəlməsi
müasir dünya siyasətinin önəmli cəhətlərindən
biridir. Məhz buna görə də Milli Məclis beynəlxalq
ikitərəfli və çoxtərəfli əlaqələrin
inkişafına diqqəti daha da artırmalıdır. Milli Məclis
dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə
parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək
göstərməkdə davam etməlidir.
Milli Məclisin
deputatları iştirak etdikləri hər bir beynəlxalq tədbirdə
və görüşdə ən böyük problemimiz olan
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi,
torpaqlarımızın 20 faizinin hələ də
işğal altında olması, bir milyon
soydaşımızın qaçqın və
köçkün kimi yaşaması barədə həqiqətləri
çatdırmalı, ölkəmizin ərazi
bütövlüyünün bərpası məsələsini
qaldırmalı, yalançı erməni təbliğatını
ifşa etməli, haqq işimizin müdafiəsində
mübariz və mətin olmalıdırlar.
Bütün
digər sahələrdə olduğu kimi, bu sahədə də
cənab Prezidentin göstərdiyi nümunə daim
gözümüzün önündə olmalıdır.
Fevralın 15-də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində keçirilən
panel müzakirələrində möhtərəm Prezident cənab
İlham Əliyevin çıxışı Azərbaycan
diplomatiyasının növbəti böyük uğuru oldu.
Qısaca desəm, dövlətimizin başçısı
Ermənistanın baş nazirinə beynəlxalq hüquq və
tarix dərsi keçdi. Azərbaycan Prezidentinin səsləndirdiyi
təkzibedilməz faktlar və dəlillər
qarşısında Ermənistan rəhbəri aciz və
gülünc vəziyyətə düşdü. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli barədə
ölkəmizin qəti mövqeyi bir daha beynəlxalq ictimaiyyətə
çatdırıldı. Bu polemika Azərbaycan və Ermənistan
rəhbərlərinin səviyyələri arasında nə qədər
böyük bir uçurum olduğunu göstərdi, eyni
zamanda, möhtərəm Prezident cənab İlham Əliyevin
dünya miqyaslı siyasi və dövlət xadimi olduğunu
bir daha nümayiş etdirdi.
Münxendə
Ermənistana vurulan sarsıdıcı zərbə ötən
ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində
"Valday” Diskussiya Klubunun toplantısında və Aşqabad
şəhərində MDB Dövlət
Başçıları Şurasının iclasında
işğalçı dövlətin aldığı
diplomatik zərbələrin uğurlu davamı oldu.
Hörmətli
deputatlar, Milli Məclisin qanunvericilik fəaliyyətində əhalinin
sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri
xüsusi yer tutur. Parlament bu istiqamətdə fəaliyyətini
təkmilləşdirərək, yeni qanunvericilik aktları qəbul
etməlidir. Milli mənəvi dəyərlərimizin qorunması,
ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi
və idmanın inkişafı, dövlətimizin gənclər
və qadın siyasətinin həyata keçirilməsi
üçün zəruri qanunvericilik tədbirləri
görülməlidir.
Bütün
bu vəzifələrin uğurla yerinə yetirilməsi Milli Məclisin
hər bir üzvündən yüksək peşəkarlıq,
səriştə, işə məsuliyyətli münasibət,
yaradıcı düşüncə və digər zəruri
keyfiyyətlər tələb edir.
Əminəm
ki, möhtərəm Prezidentimizin
çıxışında irəli sürdüyü dəyərli
tövsiyələri fəaliyyətimizin əsas cəhətlərini
müəyyənləşdirən yol xəritəsi kimi qəbul
edəcəyik, onun söylədiyi iradların aradan
qaldırılması isə mühüm hədəflərimizdən
birini təşkil edəcəkdir.
Milli Məclis
dövlət hakimiyyətinin digər qolları ilə sıx
qarşılıqlı əlaqə şəraitində səmərəli
işləyəcək. Hörmətli həmkarlar, biz sizinlə
birlikdə Azərbaycan parlamentinin üzvü adını
şərəflə qoruyacağıq.
Diqqətinizə
görə çox sağ olun.
x x x
Sonra Milli
Məclis Sədrinin müavinləri seçildi.
Deputat Əli
Hüseynli Milli Məclis Sədrinin birinci müavini, deputatlar
Adil Əliyev və Fəzail İbrahimli Sədrin müavinləri
seçildilər.
x x x
Milli Məclisin
Sədri Sahibə Qafarova İntizam Komissiyasının və
Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin
adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə
əsasən namizədlər bütövlükdə səsə
qoyularaq təsdiq edildilər.
x x x
Daha sonra
parlament komitələrinin sədrləri seçildi.
Deputat Əli
Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar
siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət
komitəsinin, Siyavuş Novruzov Regional məsələlər
komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin,
Qənirə Paşayeva Mədəniyyət komitəsinin,
Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd
Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə
komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq
məsələləri komitəsinin, Fəzail İbrahimli
İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev
Gənclər və idman komitəsinin sədrləri təsdiq
edildilər.
İclasda
komitə sədrlərinin müavinləri də təsdiq
olundu.
Bununla
da altıncı çağırış Milli Məclisin
birinci iclası başa çatdı.
Azərbaycan.-2020.- 11 mart.- S.1;4.