Xəzərdə də koronavirusla mübarizə gücləndirilib
Dövlət Dəniz Agentliyində daxili sanitar-gigiyenik vəziyyətlə yanaşı, dənizdə xarici bayraq altında üzən gəmilərin giriş-çıxışına, yükaşırmalara nəzarət artırılıb
Üç aydır dünyanı lərzəyə salan yeni tip koronavirus (COVİD - 19) infeksiyasına yoluxma və ölüm halları ilə bağlı xəbərlər gündəmi "bəzəməyə” davam edir. Virusun yayıldığı ölkələrin sayı gündən-günə artmaqdadır. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb. Dünyada koronavirusa yoluxanların sayı 110 mini keçib. Onlardan 64 min nəfərdən çoxu sağalıb.
"Mirvari” gəzinti gəmisində dezinfeksiya işləri həyata keçirilib
Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ərazisində də koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilir. Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirləri yüksək səviyyədə davam etdirir. Bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır. Yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir.
Bütün bağça, orta məktəb və ali təhsil müəssisələrində, hər növ ictimai nəqliyyatda, dövlət və özəl müəssisələrdə dezinfeksiya işləri aparılır. Bu sırada Dövlət Dəniz Agentliyinin həyata keçirdiyi tədbirlər də qeyd olunmalıdır.
Belə
ki, koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi
təhlükənin qarşısının alınması məqsədilə
görülən qabaqlayıcı tədbirlər çərçivəsində
martın 9-da Dövlət Dəniz Agentliyinin inzibati
binasında, agentliyin Dəniz
Üzgüçülüyünün Təhlükəsizliyi
Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin
inzibati binasında dezinfeksiya işləri həyata
keçirilib.
Dövlət
Dəniz Agentliyinin Mətbuat xidmətinin rəhbəri Tural
Müseyibov bildirib ki, agentlikdə sanitar-gigiyenik vəziyyət
nəzarətdə saxlanılır, əməkdaşlar
arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik
söhbətlər edilir, maarifləndirmə işləri
görülür.
Həmçinin Dövlət Dəniz Agentliyinin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin "Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən "Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. Dəniz gəzintilərində "Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir. Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.
Xarici bayraq
altında üzən gəmilər də nəzarətdədir
Tarixən qədim İpək yolunun keçdiyi və bir-birinə uzaq məsafədə yerləşən dövlətləri ən qısa yolla birləşdirən Azərbaycan ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Bu gün Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də bu sahədə yeni təşəbbüslərin müəllifidir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.
Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlər qazanmaqdadır.
Bəs, görəsən, Dövlət Dəniz Agentliyi koronavirus infeksiyasının beynəlxalq yükdaşımalarda qarşısının alınması istiqamətində hansı işləri həyata keçirir?
Tural Müseyibovun sözlərinə görə, koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə hazırda ölkəmizin bütün limanlarında xarici bayraq altında üzən gəmilərin giriş-çıxışı və limanlarda yükaşırmaları əməliyyatı zamanı Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələrinə uyğun olaraq Dövlət Dəniz Agentliyinin mütəxəssisləri liman rəhbərliyi ilə birgə tədbirlər həyata keçirməkdədir.
Martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında Prezident İlham Əliyev məhz bu məsələyə toxunaraq qeyd etmişdir ki, Azərbaycan tranzit ölkə olduğu üçün heç bir yükdaşımalara məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır: "Yəni hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır. Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür”.
Göründüyü
kimi, ölkə ərazisində koronavirusun yarada biləcəyi
təhlükənin qarşısının alınması, əhalinin
sağlamlığının mühafizəsi istiqamətində
dövlət bütün lazımi tədbirləri həyata
keçirir. Ölkədə əhalinin narahatlığı
üçün heç bir ciddi əsas yoxdur.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 11 mart.- S.6.