Çərşənbə tonqalı başında səslənən xoş arzular

 

Yaz gecikə də bilər, tələsə də bilər. Lakin xalqımız bahar bayramını həmişə eyni vaxtda qeyd edir. Çünki Novruz bayramı bizim üçün başqa heç bir bayramla müqayisə edilməyəcək dərəcədə doğma və əzizdir. Bu bayram sovet dönəmində uzun illər dövlət tərəfindən yasaqlansa belə, eldə-obada sevilə-sevilə qeyd edilirdi. Sovet dövründə də insanlar umu-küsünü, giley-güzarı unudub bir araya gəlir, birlikdə sevinib şadlanır, bayramlaşırdılar.

Niyə də bayramlaşmasınlar? Axı bu bayram hər il öz gəlişi ilə insanlara təzə nəfəs, yeni həyat gətirir. Təbiət oyanır, kol dibindən boylanan bənövşələrin xoş ətri yayılır, al-əlvan çiçək örpəkli ərik, alça, badam ağacları, zümrüd libaslı çəmənlər ecazkar gözəlliyi ilə gözümüzü oxşayır, ruhumuza sığal çəkir.

Su, Od çərşənbələrində olduğu kimi, builki Yel çərşənbəsi günündə də Ağdamda məcburi köçkünlər üçün dövlət vəsaiti ilə salınmış Qasımbəyli qəsəbəsində alovlanan Novruz tonqalının başına yığışanlar qürurverici birliyimizi bir daha nümayiş etdirdilər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da tonqal başına toplaşanlar arasında idi. O, tonqala od vuranda ocaq başına yığışanların alqış sədaları alov dilimlərinə qarışıb göylərə yüksəldi. Tonqalın gur işığı fərəhli çöhrələri nura boyadı. Bu an ürəklərə yalnız sevinc hakim kəsilmişdi. Sanki illərin nisgili, ürəyimizi göynədən həsrət alovlara qarışıb yanırdı. Təbəssümlü baxışlar, gülümsəyən üzlər bayram ovqatını tamamlayır, çərşənbə tonqallarının doğurduğu əhvali-ruhiyyəyə incə çalarlar qatırdı.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun ocaq başındakı səmimi söhbəti məhz bu əhvali-ruhiyyədən qaynaqlanırdı:

- Novruz elimizin ən əziz bayramıdır. Yaşı min illərlə ölçülən Novruz xalqımızın çox qiymətli mədəni sərvətidir. Amalı, niyyəti, ən ali məqsədi xeyirxahlıq olan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, davamlı səyləri sayəsində Novruz UNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. Bu, Azərbaycan mədəniyyətinin dünyaya, beynəlxalq aləmə çox uğurlu bir təqdimatı olmaqla, Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının məntiqi nəticəsidir. Novruz tonqalını Ermənistan silahlı qüvvələri ilə təmas xəttinin beş addımlığında qalamışıq. Düşmənlərimiz görsünlər ki, biz nikbinik. Hələ müharibə bitməyib, Azərbaycan əsgəri son sözünü deməyib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində milli ordumuz bu gün regionun ən güclü ordusudur. Ordumuz düşmən işğalındakı torpaqlarımızı azad etməyə qadirdir. Buna hər kəs əmindir. Biz ağdamlılar bu sarsılmaz inamdan güc alaraq hər zaman möhtərəm Prezidentin yanındayıq. Ali Baş Komandanın əmri ilə hər bir ağdamlı istənilən an silaha sarılıb müqəddəs savaşa atılmağa hazırdır.

Biz Ali Baş Komandana, Azərbaycan əsgərinə güvənir və qələbənin tezliklə reallaşacağına inanırıq. Arzumuz, istəyimiz gələn il Novruz tonqallarını bizim üçün qəribsəyən doğma yurdlarımızda qalamaqdır. Bu istək mayasını dövlətimizin artan qüdrətindən, Vətənini canından artıq sevən oğulların qeyrətindən doğur. Bayramınız mübarək olsun! Hər kəsə qələbə sevinci arzulayıram.

Çərşənbə tonqalının alovlandığı Qasımbəyli qəsəbəsindəki Novruz şənliyinə qatılan qonaqlar arasında olan Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin direktoru Səbuhi Əhmədovun söylədikləri bu məqamda yerinə düşür:

- Ağdamlılar çətin günlərdə heç vaxt inamsız olmayıblar. İsti yuvalarından, doğmarahat ev-eşiklərindən perik salınıb, yük vaqonlarında, çadır düşərgələrində, torpaq daxmalarda ağır şəraitdə yaşadıqları günlərdə belə ürəklərindəki inam sönməyib. Onlar dövlətin qayğısından güc alaraq inanıblar ki, yaman günün ömrü az olar. Vaxt gələr, məişət rahatlığına qovuşar, ev-eşik sahibi olarlar. İllər öncə Bərdə rayonu ərazisindəki Türk "Qızıl ay” çadır şəhərciyində ağdamlı məcburi köçkünlərlə görüşəndə cənab İlham Əliyev demişdi ki, Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq. Elə də oldu. Prezident verdiyi vədə əməl etdi.

Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti hesabına el-obasından perik salınıb qaçqın və məcburi köçkünlərə çevrilən soydaşlarımızın problemlərinin həllini öz fəaliyyətinin prioritet istiqaməti olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyevin qayğısından ağdamlılar da yetərincə bəhrələnirlər. İndi rayon ərazisində qaçqın və məcburi köçkünlər üçün inşa olunmuş hər cür infrastruktura malik qəsəbələrin sayı 18-ə çatır. Bu qəsəbələrin hər birində məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi, poçt, klub, icma mərkəzi var. Qəsəbələrə rahat yollar çəkilmiş, fasiləsiz su, elektrik enerjisi və təbii qazla təmin edilmişdir.

Bəli, bu gün Azərbaycanda bir çadır şəhərciyi belə qalmayıb. Bu, öz vətəndaşına hər zaman sahib çıxan qüdrətli Azərbaycanın, bu dövlətin müdrik və qayğıkeş rəhbərinin özünü təsdiqinin hər kəsdə məmnunluq yaradan parlaq təcəssümüdür.

Qasımbəyli qəsəbəsində keçirilən Novruz şənliyinin qonaqlarından biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, neftçi-şair Nizaməddin Həmişəyev ürək sözlərini belə bildirdi:

- Xalqımız odu, atəşi hər zaman müqəddəs bilib. Ocaq başında səslənən arzuların, diləklərin reallaşacağına inanmışıq. İnamın gücü, qüdrəti isə çox böyükdür. Bu gün Qarabağda, bu çərşənbə tonqalının başında oda, alova üz tutub söylənən arzular, inşallah, tezliklə çin olar. Tezliklə Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər ərazilərdə daha gur tonqallar çatar, ocaqlar qalayarıq.

Novruz sevinci, bayram ovqatı könüllərdə qeyri-adi bir məmnunluq yaradıb. İnsanlar bir-birini təbrik edir, gözaydınlığı verirlər. Kimi yumurta döyüşdürür, kimi ocaqdan atlanır...

Çərşənbə tonqalı öləzidikdə ətrafa qaranlıq çökür. Aydın səmada isə ulduzlar bərq vurur. Ocaq başında səslənən fikirlərdən doğan arzular çərşənbə tonqalının davamı kimi Vətən sevdalı ürəklərdə alovlanır.

...Göylərin tacı Günəşin artan hərarəti, baharın ilıq nəfəsi ana təbiəti yavaş-yavaş qış yuxusundan oyadır. Bolluq, bərəkət həvəsli Ağdam kəndlisi torpaqla görüşə yeni arzularla çıxır. Rayonda yaz tarla işlərinə mütəşəkkilliklə başlanıb.

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 11 mart.- S.7.