Xəzərlə Adriatik dənizi birləşir
Prezident
İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü
ilə reallığa çevrilən əsrin layihəsi -
"Cənub qaz dəhlizi” bu ilin sonunda tam olaraq fəaliyyətə
başlayacaq
"Cənub qaz dəhlizi”
- 2014-cü ilin sentyabrın 20-də Bakıda təməli qoyulub;
- 2018-ci ilin mayın 29-da rəsmi açılış mərasimi keçirilib;
- Ümumi dəyəri 40 milyard dollardır;
- 4 hissədən (Şahdəniz-2, CQBK, TANAP və TAP) ibarət layihədir;
- Layihədə 7 hökumət, 11 şirkət iştirak edir;
- Ümumi uzunluğu 3500 kilometrdir;
- TANAP -
1850 km, TAP - 878 km, CQBK - 691 km;
- İlkin mərhələdə
Türkiyəyə 6, Avropaya
10 milyard kubmetr qaz nəql ediləcək;
- Azərbaycan karbohidrogen satışından 30-50 milyard
dollar gəlir əldə
edəcək.
Daha bir möhtəşəm
uğurun astanasında...
14 il öncə tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Ceyhan neft boru
kəməri vasitəsilə
3 dənizi - Xəzər,
Qara dəniz və Aralıq dənizini birləşdirən
Azərbaycan indi növbəti möhtəşəm
uğurun astanasındadır.
2014-cü ildə Bakıda təməli qoyulan "Cənub qaz dəhlizi” layihəsi 6 ildən sonra - 2020-ci ilin sonunda tam hazır olacaq. Çünki beynəlxalq maliyyə
qurumlarının, ABŞ, Böyük
Britaniya və Avropa İttifaqının
dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası hələ davam edir. Layihənin
92 faizi tamamlanıb.
TAP-ın inşası başa çatdıqdan sonra Xəzər dənizi ilə Adriatik dənizi, yəni Bakı ilə Roma birləşəcək.
Yeni hədəfinin astanasında
olan Azərbaycan bu boru kəmərləri
zənciri ilə təbii qazını Türkiyəyə, qardaş
ölkədən isə
Avropaya çatdırmaqla
nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə
öz töhfəsini
verəcək.
"Cənub qaz
dəhlizi” elə layihələndirilib ki, gələcəkdə mümkün
əlavə qaz həcmlərinin təchiz
edilə bilməsi üçün onun ötürücülük gücü
öz ilkin ötürücülük gücünün
iki misli qədər artırıla
bilsin.
Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı bu
kəmər sistemi Avropanın enerji xəritəsini dəyişəcək
köhnə qitədə
ən böyük infrastruktur layihəsi hesab olunur.
Ümumiyyətlə, "Cənub qaz dəhlizi”ni əlahiddə
bir layihə kimi deyil, bu
günə qədər
energetika sahəsində
Azərbaycanın həyata
keçirdiyi böyük
strategiyanın davamı
kimi dəyərləndirmək
lazımdır. Bu layihədən
öncə "Bakı-Tbilisi-Ceyhan” strateji xətti irəli sürülüb və məhz bu boru
vasitəsilə Xəzər
dənizinin karbohidrogen
ehtiyatları dünyaya
açılıb. Bu nöqteyi-nəzərdən "Cənub qaz dəhlizi” "Bakı-Tbilisi-Ceyhan” layihəsinin davamı kimi qiymətləndirilir.
Burada daha vacib məqam layihənin beynəlxalq əhəmiyyətidir. İndiki reallıqlar
şəraitində Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsinin
vacib şərti olan mənbələrin şaxələndirilməsi istiqamətində
"Cənub qaz dəhlizi” hələlik yeganə etibarlı layihədir. Məhz bu
layihə vasitəsilə
şaxələndirmə istiqamətində
Avropa ciddi addımlar atır.
Nəhayət, sözügedən məsələyə
kommersiya baxımından
yanaşsaq, bir neçə ildən sonra Azərbaycan "Cənub qaz dəhlizi” layihəsindən
böyük iqtisadi dividentlər qazanacaq.
Dayanıqlı, uğurlu və
çiçəklənən inkişafın təminatı
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində
"Cənub qaz dəhlizi” Məşvərət
Şurası çərçivəsində
nazirlərin VI toplantısında
çıxış edən
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu ilin
sonuna kimi "Cənub qaz dəhlizi” layihəsinin açılışı olacaq.
Azərbaycanın son 30 ildə keçdiyi
yola nəzər yetirən dövlət başçısı həyata
keçirilən neft-qaz
layihələrindən söz
açıb: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Azəri-Çıraq-Günəşli”,
"Şahdəniz”, digər
kəşfiyyat və
hasilat layihələri,
"Cənub qaz dəhlizi”, mən həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat
layihəsini də buraya əlavə edərdim, onların hər biri strateji
əhəmiyyətə malikdir.
Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün
dayanıqlı, uğurlu
və əminəm ki, çiçəklənən
inkişafı təmin
edəcəkdir”.
Prezident onu da vurğuladı
ki, Azərbaycan özü və qonşuları üçün
enerji təhlükəsizliyini
təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən
vacib məsələlərdən
biridir. Burada, əlbəttə, mənbələrin
şaxələndirilməsi ən vacib məsələdir:
"Bizim nümunəmizdə
isə mənbələrin
və marşrutların
şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun
əsas səbəblərindən
biri maraqların balansıdır - hasilatçılar,
tranzit ölkələr
və istehlakçılar
arasındakı balans.
Əminəm ki, aramızdakı
bu müsbət əməkdaşlıq formatı
davam edəcək”.
"Cənub qaz dəhlizi” Avropa İttifaqı üçün nailiyyətdir
Azərbaycanın neft-qaz ehtiyatlarının
hasilatı və ixracı sahəsində görülən işləri
xatırladan cənab İlham Əliyev Azərbaycanın etibarlı
tranzit ölkəyə
çevrildiyini, neftdən
gələn gəlirlərin
ölkənin inkişafına
xərcləndiyini, indiyə
qədər bir çox infrastruktur layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini söylədi.
Məşvərət Şurasının son illərdə
səylərin gücləndirilməsinə
və "Cənub qaz dəhlizi”nin reallaşmasına mühüm
töhfə verdiyini vurğulayan dövlət başçısı bildirdi
ki, layihəyə üzv ölkələrin
tərkibi ümumi məqsədləri birləşdirir. Prezident
layihənin keçdiyi
tarixi yola nəzər salaraq dedi ki, bu
layihə əsasında
əməkdaşlığın nadir formatı yaradılıb.
Bu layihə Azərbaycanın
təşəbbüsü olub və qonşular
tərəfindən dəstəklənib.
Avropa Komissiyasının nümayəndəsi
Klaus-Diter Borxardt isə "Cənub qaz dəhlizi”nin
Avropa İttifaqı üçün nailiyyət
olduğunu deyərək
bu layihənin Avropanın enerji təhlükəsizliyini gücləndirdiyini
söylədi: "Avropa
İttifaqı üçün əlbəttə
ki, bu layihə
həyati əhəmiyyət
kəsb edir. Çünki bu, bizim enerji
təhlükəsizliyimizi gücləndirir,
həmçinin bizim şaxələndirmə strategiyamızın
bir hissəsidir, yeni mənbədir və eləcə də daha mühüm
olan Avropa bazarına yeni marşrutdur. Burada mən
bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə
və rəhbərliyə
görə Prezident Əliyevə və onun hökumətinə təşəkkürümü bildirmək istərdim”.
Bu layihə
ABŞ-Azərbaycan əməkdaşlığının
zirvəsidir
Prezident
İlham Əliyev fevralın 26-da ABŞ Dövlət
katibinin enerji diplomatiyası üzrə
müavininin müşaviri
Kurt Donnelli ilə görüşdə layihənin
icrasında göstərdiyi
dəstəyə görə
ABŞ hökumətinə minnətdarlığını bildirdi:
"Bu mühüm layihənin
icrasında göstərdiyi
davamlı dəstəyə
görə ABŞ hökumətinə
minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki,
Prezident Tramp şəxsən
prosesdə iştirak edir. Onun fəal təmasları
və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən
çətinliklərin öhdəsindən
gəlməkdə çox
yardımçı oldu.
Hazırda biz heç bir
başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam
edəcək, çünki
ABŞ hökuməti bizim
istər neft və qaz kəmərləri,
istərsə də enerji potensialımızın
inkişafı ilə
bağlı layihələrimizi
hər zaman çox dəstəkləyib”.
Kurt
Donelli isə "Cənub qaz dəhlizi” Məşvərət
Şurası çərçivəsində keçirilən
plenar sessiyada qeyd edib ki, ABŞ Azərbaycanın enerji siyasətinə
güclü və davamlı dəstək göstərir. Azərbaycan-ABŞ
münasibətlərində enerji sektoru həmişə strateji
əhəmiyyət daşıyıb. Birləşmiş Ştatlar Azərbaycanın enerji
ilə bağlı bütün təşəbbüslərində
qətiyyətli tərəfdaş olub:
"ABŞ "Cənub qaz dəhlizi”nin uğurla yekun fazaya daxil olmasına
yüksək və davamlı dəstək nümayiş
etdirir. "Cənub qaz
dəhlizi” enerji sahəsində ABŞ-Azərbaycan
əməkdaşlığının zirvəsidir”.
Dünya əhəmiyyətli tarixi layihə
Bir sözlə, qətiyyətli siyasəti, prinsipial mövqeyi ilə tanınan cənab İlham Əliyev uğurları sırasına birini də əlavə edir. Bu layihənin hansı formada ərsəyə gəlməsi bəllidir. Yalnız güclü siyasi iradə nəticəsində bu beynəlxalq layihə gerçəkliyə çevrilib.
İlin sonunda daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə alacaq. Layihənin işə düşməsi ilə regiona və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gələcək.
Ümumiyyətlə, "Cənub qaz dəhlizi” Azərbaycan Prezidentinin söylədiyi kimi, enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Layihənin elə önəmi də bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılır. Bu dəhliz həm yeni yollar, həm də yeni mənbədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 1 mart.- S.1;3.