Azərbaycan-Türkiyə
müttəfiqliyi yeni mərhələyə
yüksəlir
İlham
ƏLİYEV: "Bizim birliyimiz
əbədidir və təbii ki, biz öz gələcəyimizi
bu möhkəm təməl üzərində
qururuq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri iki ölkə arasındakı münasibətlərə və məlum həqiqətlərə yeni işıq saldı. Bakıda keçirilən görüşlərdən, aparılan danışıqlardan, verilən mesajlardan və imzalanan sənədlərdən bir daha aydın oldu ki, iki qardaş dövlət arasındakı əlaqələrin dünyada doğrudan da analoqu yoxdur.
Dünya miqyasında bir-birinə ən
yaxın olan ölkələr
Azərbaycan-Türkiyə münasibətlərinin məğzində hər iki dövlətin xalqlarının eyni soy-kökə, vahid mənşəyə və tarixə, eləcə də gələcəklə bağlı oxşar inkişaf strategiyasına malik olması kimi mühüm amillər dayanır. Elə bu səbəblər, xüsusən də milli və dini ortaqlıq məsələsi Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında yeni müstəvidə formalaşan əlaqələrin nüvəsini təşkil etmişdir.
Münasibətlərin inkişafında, qlobal əhəmiyyət daşıyan məsələlərlə bağlı qərarların qəbulunda hər iki dövlət, ilk növbədə, məhz bu amillərə istinad edib. Bunun nəticəsidir ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.
Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri bu gün həm də strateji önəm daşıyır. Tarixdə nadir hallarda görünən bu cür yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir və bu münasibətlər xoş və dar günlərdə daimi xarakter daşıyır. Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı imzalanmış sənədlər, aparılan danışıqlar isə bir daha iki ölkə arasında olan sıx birliyi nümayiş etdirdi.
Əlaqələrə
töhfə verən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası
Türkiyə Prezidentinin səfərində əsas məqsədlərdən biri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək idi. Xatırladaq ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mövcud əlaqələrin bütün sahələrdə daha da dərinləşdirilməsi, iki ölkənin maraqlarına uyğun regional və beynəlxalq məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində imzalanmış Birgə Bəyannaməyə əsasən yaradılıb. Şuranın mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə öz töhfəsini verib. İndiyədək İzmir, Qəbələ, Ankara və Bakıda keçirilmiş iclaslarda bütün sahələrdə əlaqələrə nəzər yetirilib və bir çox sahələrdə əməkdaşlığa dair mühüm sənədlər imzalanıb.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iki dövlət arasında bir sıra önəmli məsələlər müzakirə edildi. Aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərdi ki, iki dövlət arasında əlaqələr strateji xarakter daşıyır və dostluq-qardaşlıq münasibətləri üzərində qurulub. Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə deyib: "Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin”.
Qarsdan Naxçıvana dəmir yolu xətti
Ötən 16 ildə həm Azərbaycan, həm də Türkiyə çox böyük inkişaf yolu keçib. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. Bu 16 ildə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə energetika sahəsində əməkdaşlıq dərinləşib, o cümlədən iki türk dövləti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanıb. Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu birliyin daha möhtəşəm görüntüsünü yaradır. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşa edilən və XXI əsrin layihəsi adlandırılan "Cənub qaz dəhlizi”nin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti nümunəsidir. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirməyə xidmət edir. Bu kəmər Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin möhkəm iradəsi mühüm rol oynayıb.
Lakin görünən odur ki, Azərbaycan və Türkiyə bununla kifayətlənmək fikrində deyillər. Belə ki, Bakıda imzalanan sənədlərdən biri məhz iki dövlət arasında yeni dəmir yolu xəttinin çəkilişi barədədir. "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” hələlik bu istiqamətdə ilk addımdır. Bu sənədlərdə tərəflər Türkiyədən Naxçıvana yeni dəmir yolu xəttinin çəkilişi ilə bağlı ümumi razılıqlarını ifadə ediblər. Təbii ki, belə bir istək varsa, deməli, hökmən reallaşacaq. Çünki hər iki dövlət əlaqələrinin daha da genişlənməsi üçün daim yüksək siyasi iradə nümayiş etdirir. Bu dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və bölgəni mühüm tranzit mərkəzinə çevirəcək.
Başqa bir mühüm saziş vizasız səyahət müddətinin uzadılmasıdır. İndiyə qədər iki ölkə vətəndaşları qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. İmzalanan yeni sazişlə bu müddət 90 günə qədər artırılıb.
Azərbaycan və Türkiyə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər. Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı imzalanmış sənədlər, aparılan danışıqlar bir daha iki ölkə arasında olan sıx birliyi nümayiş etdirdi. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq.
Bu gün Azərbaycanla Türkiyəni yalnız ortaq milli dəyərlər birləşdirmir. İki türk dövlətini həm də onların maraqlarına xidmət edən ortaq layihələr və bütün beynəlxalq platformalarda hər bir məsələyə dair ortaq mövqenin olması birləşdirir. Bu isə onu göstərir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bütün sahələrdə uğurla və inamla davam etdirilir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2020.- 1 mart.- S.1-2.