Azərbaycan məhsulları xarici bazarda keyfiyyətinə
görə alınır
İxrac
sifarişçilərinin əsas artım səbəbi də
məhz budur
Ötən il ölkəmiz üçün iqtisadi və sosial sahələrdə əldə edilən nailiyyətlərlə yadda qaldı. Dövlətin qarşıya qoyduğu bütün iqtisadi vəzifələr uğurla icra edildi. Sözsüz ki, bu nəticələrin qazanılmasında aparılan islahatlar mühüm rol oynadı. Xüsusilə qeyri-neft sektorunda məhsul istehsalının və ixracının artması bunun məntiqi nəticəsidir.
Keçən ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 954 milyon dollar dəyərində məhsul ixrac olunmuşdur. Bu isə 2018-ci illə müqayisədə 15,7 faiz artım deməkdir. Hesabat dövründə Rusiyaya 11,5, Türkiyəyə 16,5, İsveçrəyə 32,2, Gürcüstana 27,8, Ukraynaya 24,6 faiz məhsul satışı artmışdır.
Ötən il ixrac edilən qeyri-neft məhsullarının sırasında pomidor (189,3 milyon dollarlıq) birinci sırada qərarlaşıb. Siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal edilməmiş formalarda) 172,4 milyon dollarlıqla ikinci, qabığı təmizlənməmiş meşə fındığı 124,2 milyon dollarlıqla üçüncü olub. 2019-cu ildə həmçinin pambıq mahlıcı, xurma, elektrik enerjisi, ilkin formalı polipropilen, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, emal olunmamış aşqarlanmamış alüminium də qeyri-neft ixracında önə çıxmışdır.
Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracının dəyəri 605,8 milyon, plastmas və onlardan hazırlanan məmulatlar - 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatlar - 128 milyon, pambıq lifi - 124 milyon, kimya sənayesi məhsulları - 102,9 milyon, elektrik enerjisi - 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatlar - 57,6 milyon, pambıq ipliyi - 30,2 milyon, şəkər - 26,9 milyon, alkoqollu və alkoqolsuz içkilər - 23,7 milyon dollar təşkil etmişdir.
2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54, plastmas və ondan hazırlanan məmulatların ixracı 51, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46, kimya sənayesi məhsullarının ixracı 32, pambıq ipliyinin ixracı 27, elektrik enerjisi ixracı 17, alüminium və ondan hazırlanan məmulatların ixracı 14, şəkər ixracı 8, meyvə-tərəvəzin ixracı 8 faiz artmışdır.
İndi Azərbaycan dünyaya kosmik məhsul və ya xidmət ixrac edən azsaylı ölkələrdəndir. Ötən ilin yanvar-dekabr aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın
27 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir. ASC-nin bu növ xidmətdən əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizinə bərabər olmuşdur. "Azərkosmos” təkcə ötən ilin dekabr ayında 22 ölkəyə 2,9 milyon dollar dəyərində xidmət göstərmişdir.
Ötən il habelə Azexport.az portalına 595,7 milyon dollar dəyərində ixrac sifarişi daxil olmuşdur ki, bu da 2018-ci illə müqayisədə 15,9 faiz artım deməkdir. Təkcə dekabr ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 63,4 milyon dollar olmuşdur ki, bu da 2018-ci ilə nisbətən 80,6 faiz çoxdur. Həmin ay portala ən çox ixrac sifarişi fındıq ləpəsi, yumurta, tütün, şərab, tikinti materialları, qənnadı məhsulları, xurma, toyuq əti, pambıq yağı, çay, alma, bal, meyvə şirəsi, mühərrik yağı, kosmetik vasitə, mebel dəsti, soğan və s. mallar üzrə olmuşdur. Ümumilikdə 2017-2019-cu illərdə Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 584,8 milyon dollar təşkil etmişdir.
Rüstəm KAMAL
Azərbaycan.-2020.- 1 mart.- S.1-2.