Referendum keçirmək qərarı Paşinyana nifrəti artırır

 

Ermənistandakı ağır sosial-iqtisadisiyasi vəziyyət etirazların səngiməsinə imkan vermir

 

Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən təxminən 2 il ötməsinə baxmayaraq, baş nazir nə qədər çək-çevir etsə də, nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir. Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, cəmiyyətdə siyasi ab-havanı sabitləşdirmək, milli iqtisadiyyatı irəli aparmaq üçün ölkədə elə bir təsirli tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Bunlara paralel olaraq son günlərdə Ermənistanda Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında yaranan qarşıdurma artıq daha gərgin mərhələsini yaşamaqdadır. Xatırladaq ki, bir neçə həftə bundan əvvəl uzunmüddətli mübarizədən sonra Ermənistan parlamentinin təcili iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin istefasına dair referendum keçiriləcəyi barədə qanun layihəsi təsdiq edilmişdi.

Aprelin 5-də keçiriləcək referendumda əksər siyasi qüvvələr iştirak etmək istəmədiklərini elan etdikləri halda Paşinyan geri çəkilmək niyyətində deyil.

"Joxovurd” qəzeti yazır ki, vəziyyət hər an dəyişə bilər. Məsələ bundadır ki, Paşinyanın xalqı yenidən hərəkətə gətirib kortəbii şəkildə öz iradəsinə itaət etdirməsi ehtimalı azdır.

Ölkə vətəndaşları aprel referendumunun onların real problemləri ilə əlaqəli olmadığını artıq başa düşürlər. Buna görə də onların könüllü olaraq seçki məntəqələrinə gedib Nikolun xeyrinə səs verəcəyi elə də inandırıcı görünmür. Bildirilir ki, sosial proqramların ixtisar edildiyi bir şəraitdə baş nazirin iqtisadi problemləri bir tərəfə ataraq ayyarım müddətində antikonstitusiya layihəsi üçün kampaniya aparacağına mənfi yanaşırlar. Çünki kampaniyaya sərf olunacaq vəsait nə Paşinyanın, nə də onun ətrafının deyil, sadə ermənilərin hesabına ödəniləcək. Kampaniyada şəxsən iştirak edəcək Paşinyan həll olunmamış məsələlərlə bağlı adi vətəndaşların çoxsaylı suallarını dinləyib onlara yenə şirin vədlər verəcək.

"Lragir” saytına açıqlamasında hüquq müdafiəçisi Vahan İşxanyan deyib ki, Paşinyan referendumdan qalib çıxsa, Ermənistanda qanunun aliliyi yox olacaq. Ölkə məhkəmələrini öz təsiri altına salacaq Nikol bununla da ermənilərin zəlil günlərinə start vermiş olacaq.

Vurğulanır ki, əhali iki ildir baş nazirin yalanlarını eşitməkdən yorulub. Səriştəsiz Paşinyanın "fəaliyyətinin” nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı iflic olub, ölkəyə investisiya yatıran yoxdur, həyat hər gün daha bahalı olur, yoxsulların sayı artır, dövlət sektorunda maaşlar azaldılır. Sayt ehtimal edir ki, aprelin 5-də seçki məntəqələrinə gəlib Paşinyana dəstək verənlərin sayı çox olmayacaq. Bu halda baş nazirin yeganə çıxış yolu əyalətlərdə özünə dəstək axtarmaqdır.

Lakin Ermənistan əyalətlərində də hökumətdən narazılıqlar hər keçən gün artır. Bildirilir ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Vurğulanır ki, ölkədə qanunlara uyğun tədbirlər görülmür. Problemlərin həlli yalnız ölkəni tərk etməkdir. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil.

İşğalçı ölkənin ordu quruculuğu prosesində yaşanan problemlərin miqyası da davamlı surətdə genişlənməkdədir. Həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır. Hərbi qulluqçular arasında yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda növbəti hadisə baş verib. Belə ki, Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. Bir neçə gün əvvəl hərbi qulluqçunun koronavirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu, onun valideynlərindən və ictimaiyyətdən gizlədilir. Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlamasına da icazə verilmir.

Bütün bunlar xalqın böyük narazılığına yol açır və bir daha Ermənistanda gərgin vəziyyətin davam edəcəyini aydın şəkildə göstərir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 1 mart.- S.1;3.