Azərbaycanın Mədəniyyət naziri Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru ilə görüşüb

 

Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində iştirak məqsədilə ölkəmizə təşrif buyuran Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa Şurasının Mədəni Marşrutlar layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına gətirib çıxartmasından danışılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinin ayrılmaz bir hissəsinin olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz bu illər ərzində 5 beynəlxalq marşruta qoşulmuş, qoşulduğu ildən bəri mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir. O bildirib ki, keçirilən müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxartdı.

Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirib. Həmçinin, keçirilən müşavirənin Avropa Mədəni Marşrutlar layihəsinə qoşulmuş digər ölkələr üçün xüsusi model olacağını vurğulayıb. Digər ölkələrdə mədəni marşrutlar sahəsində keçiriləcək təlimlərdə ölkəmizin fəal iştirakı və regionlarda bu cür təlimlərin təşkili yeni mədəni marşrutların yaradılması üçün müxtəlif, yeni təcrübələrin öyrənilməsinə təkan verəcəyini bildirib. Qeyd edib ki, müşavirədə müzakirə olunan mövzular Azərbaycanın Avropa Şurasının Mədəni Marşrutlar layihəsində təmsilinin daha da genişləndirilməsinə, eyni zamanda, qazanılmış təcrübəsini paylaşmaqla Avropa mədəni marşrutlar şəbəkəsinə özünəməxsus töhfəsini verəcəkdir.

Görüşdə Azərbaycanın yeni mədəni marşrutlar üzrə təmsil olunması ilə bağlı aparılan işlər haqqında, həmçinin, ölkəmizdə yeni yerli mədəni marşrutların yaradılması və sertifikatlaşdırılması ilə əlaqədar gələcək addımlar barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2020.- 1 mart.- S.4.