“Qara
qızıl”ın qara günü
Azərbaycanın bu mərhələni də itkisiz
keçirmək üçün yetərincə
iqtisadi imkanları var
Növbəti dəfə təsdiqləndi ki, adına şəstlə "qara qızıl” deyilən neftə, daha doğrusu, onun qiymətinə arxayın olub yola çıxmaq təhlükəlidir. Yəqin elə bu səbəbdəndir ki, çoxları nefti ona sahib olan ölkələrin, xalqların xoşbəxtliyi kimi qəbul etmirlər.
Ətrafımızda baş verən qan-qadalı qarşıdurmaların coğrafiyasına baxın - hamısı "qara qızıl” əraziləridir. Azərbaycan kimi bir-iki ölkəni həmin əraziyə daxil edə bilməyiblərsə, bu, yalnız dövlət başçıları səviyyəsində həyata keçirilən praqmatik siyasətin sayəsində mümkün olub.
Amma nefti təkcə yanacaq növü kimi yox, yandırmaq vasitəsi kimi görənlər də dinc durmurlar. Onlar üçün neftin qiyməti kimi "tezalışan” təsir vasitəsi yoxdur. O üzdən istədikləri vaxt ucuzlaşdırıb, istədikləri vaxt bahalaşdırırlar.
İndi gəl, baş çıxar bu qiymət qiyamətindən, görüm necə çıxarırsan?! Ümumiyyətlə, neftin qiyməti elə bir oyundur ki, onun proqnozunu dünyanın heç tanınmış mütəxəssisləri verə bilmirlər. Qınanılası da deyillər. Çünki uzaq-yaxın keçmişdə neftin ətrafında baş verənlər göstərir ki, onun qiymətinin formalaşmasına iqtisadi səbəblərdən çox, siyasi ambisiyalar təsir edir. Üstəlik, fors-majorlar. 2-3 ay öncə kim proqnoz verə bilərdi ki, Çində "korona” adlı virus tapılacaq və o, dünyanın təkcə əhalisini deyil, iqtisadiyyatını da qatacaq qabağına.
Neftin qiyməti isə "keşikçi” kimi daim ayıq-sayıqdır, ətrafda beş verənlərə, yaxud törədilənlərə anındaca cavab verir. Bu dəfə də belə oldu. Martın 6-da OPEC+un Vyanada keçirilən uğursuz toplantısından 2 gün sonra - martın 9-da "qara qızıl” qara günə qaldı - "Brent” markalı neft 27 faiz ucuzlaşaraq bareli təxminən 31, WTI isə 30 dollara endi. Paralel olaraq beynəlxalq valyuta birjalarında dolların və avronun kursları qalxdı. Bu isə öz növbəsində Asiya indekslərinə təsir etdi. Honkonqun Hang Seng fond birjasının indeksi 4,07, Tokionun Nikkei 225 birjasının indeksi 5,77, Şanxayın fond birjasında SSEC indeksi isə 2,11 faiz düşdü. Avropa birjaları da martın 9-da fəaliyyətlərinə enmələrlə başladı. Bu enmələr Londonun FTSE 100 indeksində 8,54, Almaniyanın DAX indeksində 8,09, Fransanın CAC 40 indeksində 6,31 faiz oldu.
Amerikanın Dow Jones və NASDAQ indeksləri də hadisələrdən itkisiz çıxmadılar. Qonşu Rusiyanınsa "Qazprom”, "Rosneft”, "Novateka” və s. kimi iri şirkətlərinin London fond birjalarındakı qiymətli kağızları xeyli ucuzlaşdı.
Bu siyahını uzatmaq
da olar. Amma yəqin
sadaladığımız faktlar
da kifayət edər ki, neftin
qiymətinin dünya iqtisadiyyatı üçün
nə demək olduğu dərk edilsin. Dərk edilsin ki, ona əl qoyanlar
odla oynayırlar, o odla ki, onda
özlərinin də
yanmayacaqlarına zəmanət
yoxdur. Elə budəfəki kimi.
Deməli,
OPEC+un neftin kəskin ucuzlaşmasına
səbəb olan 6 mart
toplantısında tərəflər
nəinki gündəlik
neft hasilatını daha 1,5 milyon barel azaltmaq, hətta əvvəlki məhdudiyyəti uzatmaq barədə razılığa
gələ bilmədilər.
Bu azmış kimi,
OPEC-də əsas oyunçu sayılan Səudiyyə Ərəbistanı
özünün Avropa,
Asiya və Amerikadan olan müştərilərinə son 20 ilin ən böyük
güzəştini (bir
barel üçün
6-8 dollar) təklif etdi.
Rusiya isə neft hasilatının
həcmini müəyyən
etməyi şirkətlərinin
ixtiyarına buraxacağını
bildirdi. Hasilatın azaldılması
ilə razılaşmadığını
isə onunla əsaslandırdı ki, belə halda ABŞ yüngül neft hasilatını artıraraq
həmin boşluğu
doldurur, yəni məqsədə çatmağa
imkan vermir.
Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı
və Rusiya dünyanın ən iri neft hasilatçıları
və ixracatçılarıdır,
onda martın 9-da
"qara qızıl”ın
başına gələn
"qara oyun”un səbəbi aydın olur. Həm də o aydın olur ki, bu
iki ölkənin özü qəbul etdikləri qərarlardan digərlərindən az ziyan görmədilər. Qonşumuzun
aparıcı şirkətlərinin
qiymətli kağızlarının
qiymətsizləşməsi və rublun kursunun xeyli aşağı düşməsi
fonunda Səudiyyə Ərəbistanının Saudi Aramco
neft kampaniyasının
səhmləri də
9 faizdən çox ucuzlaşaraq 30 riala (8 dollara) endi.
Düzdür, elə martın 9-u günortadan başlayaraq neftin qiyməti bir qədər bahalaşaraq markasından
asılı olaraq təxminən 33-37 dollar civarında
sabitləşmişdir. Cavab olaraq
birjalarda da vəziyyət düzəlməyə
doğru gedir. Lakin iki nəhəng neft ölkəsinin aralarında razılığa
gələ bilməmələri
öz işini görmüşdür - dünya
iqtisadiyyatında onsuz
da koronavirus səbəbindən başlayan
tənəzzül sürətlənmişdir.
İndi qalır bütün bunlardan çıxış
yolu tapmaq.
Bu baxımdan neft-qaz
ölkəsi sayılan
Azərbaycanda vəziyyət
daha yaxşıdır. Vaxtında görülən
tədbirlər hesabına
kifayət qədər
(52 milyard dollardan çox) valyuta ehtiyatımızın olması
və digər iqtisadi imkanlarımız bizim bu kimi
gözlənilməz hadisələrdən
sığortalanmağımızı təmin edir.
Martın 10-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində qlobal enerji bazarında
vəziyyət və onun iqtisadiyyatına təsirinə dair məsələlərin müzakirəsi
ilə bağlı keçirilən müşavirədə
də bu, bir daha vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq
baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkəmizə mənfi
təsirlərinin neytrallaşdırılması
üçün preventiv
tədbirlər planlarına
malikdir. Qeyd olunmuşdur
ki, bu çərçivədə
neftin qiymətinin kəskin ucuzlaşmasının
tədiyə balansına
təsirlərinin proqnoz
ssenariləri hazırlanmış
və həmin ssenarilərə uyğun zərurət yaranacağı
hallarda müvafiq sabitləşdirici tədbirlər
paketi həyata keçiriləcək. Müşavirədə bir fikir də
səslənmişdir ki,
dünyada baş verən neqativ meyillər fonunda Azərbaycan iqtisadiyyatı
dayanıqlıq nümayiş
etdirir, ölkəmizin
maliyyə imkanları
genişlənir. Bu gün iqtisadiyyatımız
2014-cü ildən başlanan
qlobal maliyyə iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də yüksək inkişaf dinamikası davam edir. Təkcə bu ilin yanvar-fevral aylarında ÜDM istehsalı
ümumilikdə ölkə
üzrə 2,8, o cümlədən qeyri-neft
sektorunda 6,7 faiz artmışdır. Vurğulanmışdır ki, neft bazarında,
qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı
Azərbaycan iqtisadiyyatının
kifayət qədər
yüksək maliyyə
immuniteti və "təhlükəsizlik yastığı”
mövcuddur. Ötən ilin
yekunlarına görə,
strateji valyuta ehtiyatlarımız ÜDM-in 100 faizini ötmüş, xarici dövlət borcumuzu 6 dəfə üstələmişdir. Bir sözlə, müşavirədən
çıxan nəticə
bu olmuşdur ki, ölkəmizin valyuta bazarında sabitliyin və manatın məzənnəsinin
qorunması məqsədilə
zəruri tədbirlər
görülməsi üçün
bütün imkanlar mövcuddur.
Bütün bunlara baxmayaraq, bu gün ölkə
əhalisi arasında bir devalvasiya qorxusu yaşanır və o üzdən valyutadəyişmə məntəqələrinin
qarşısında növbələr
yaranır. Azərbaycan Banklar Assosiasiyasının
rəhbəri Zakir Nuriyev növbələr barədə bunları demişdir: "Banklara sadəcə bildirilib ki, hər bir
müştərinin tələbinin
ödənilməsi üçün
qanun çərçivəsində
bütün zəruri
tədbirləri görsünlər.
Bu, bankların qarşısında duran vəzifədir və onlar bunu yerinə
yetirməyə çalışırlar.
Müştərilərdən də xahiş
edilir ki, hər hansı təşvişin, növbələrin
yaranmasına səbəb
olacaq hərəkət
etməsinlər və
banklara adi rejimdə öz funksiyalarını yerinə
yetirmələri üçün
şərait yaratsınlar”.
Həqiqətən, əhali olaraq biz belə gərgin zamanda evimizdə və cibimizdə olan manatı dollara çevirmək üçün bankların qarşısında növbəyə dayanmaq əvəzinə, gərək təmkin, anlam nümayiş etdirək, iqtisadiyyatımıza güvənimizi itirməyək. Bir daha iqtisadçı təhlilçilərin adından təkrar edirik: Azərbaycanda bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Qaldı bəzi məlum milli valyutaların ucuzlaşmasına, mütəxəssislər deyirlər ki, müxtəlif ölkələrdə iqtisadi vəziyyət eyni olmur və hərə öz imkanı çərçivəsində qərar verir. Azərbaycanınsa imkanı bu sınaqdan da itkisiz çıxmağa kifayət edir.
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 12 mart.- S.1;5.