Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət
və onun ölkə iqtisadiyyatına təsirinə
dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Baş Nazir Əli Əsədov son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib. Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş Nazir deyib: "Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır. Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik "yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.
Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir.
Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud vəziyyətə dair məlumat verib. Elman Rüstəmov Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb. "Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”, - deyə Elman Rüstəmov vurğulayıb.
Baş Nazirin "Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və "Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir.
Azərbaycanın mövcud
iqtisadi vəziyyəti və neftin qiymətinin azalmasının qısa və
ortamüddətli dövrdə ölkə iqtisadiyyatına təsir
imkanları barədə məlumat verən İqtisadiyyat
naziri Mikayıl Cabbarov
deyib: "Bu gün ölkə iqtisadiyyatına əsasən
iki təsiretmə imkanına malik amil var:
koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin
baş tutmaması. Qeyd
etmək istəyirəm ki, Azərbaycan
iqtisadiyyatı 2020-ci ilin əvvəlində
də öz
dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi
2,8 faiz olub. Həmçinin
qeyri-neft sektorunda ümumi daxili məhsulun
artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində
istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft
sektorunda investisiya
qoyuluşlarının artım tempi 21
faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi
fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm,
hava nəqliyyatı kimi
sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım
müşahidə edirik. Həmçinin əhalinin
pul gəlirlərinin
nominal artım tempi 5,1
faizdən 8,9 faizə
yüksəlib”.
Nazir bildirib ki, cari
ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin
qeyri-neft sektorunda 115,9
faiz icra olunub. Büdcəyə proqnozdan əlavə
180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə
müqayisədə 24,5
faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.
Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına
toxunan Mikayıl Cabbarov deyib: "İqtisadiyyatımızın istənilən
xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik
"yastığı” mövcuddur.
Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik
mal və xidmətlərin
fasiləsiz maliyyələşdirilməsi
üçün yetərlidir.
Yəni,
strateji valyuta ehtiyatları dövriyyədə
olan bütün manat kütləsinin həcmindən 5 dəfə,
nağd manat kütləsinin həcmindən
isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının
tarazlığının təmin
olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.
Nazir, həmçinin
qeyd edib ki, iqtisadi artım
dinamikasının qorunması
məqsədilə kiçik
və orta sahibkarlığın stimullaşdırılması
üçün təkliflər
hazırlanıb hökumətə
təqdim olunacaq. Eyni zamanda,
valyuta bazarında tarazlığın və
manatın sabitliyinin qorunması istiqamətində
nazirliyin müvafiq strukturları Mərkəzi
Bankla birlikdə çevik tədbirlər həyata keçirir.
Bundan əlavə, qanunvericiliyə
uyğun olaraq, nağd pul sferasına
nəzarət daha gücləndiriləcək, istehlak
bazarında qiymətlərin
əsassız qaldırılması
və süni şəkildə qıtlığın
yaradılması cəhdlərinin
qarşısı qətiyyətlə
alınacaq. Eyni zamanda,
haqsız rəqabətə
qarşı mübarizə
tədbirləri və
vergi intizamı gücləndiriləcək.
Neftin qiymətinin
aşağı düşməsi
2020-ci ilin dövlət
büdcəsinin gəlirlərinə
və xərclərinə
təsir imkanları barədə Maliyyə naziri Samir Şərifov
məlumat verərək
qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı
düşməsi, şübhəsiz,
Azərbaycanın da gəlirlərinin azalmasına
gətirib çıxarır. "Cari il üçün
təsdiq olunmuş dövlət büdcəsinə
nəzər salsaq görərik ki, büdcə gəlirlərinin
əsas mənbəyi
vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri
çərçivəsində fəaliyyət göstərən
şirkətlərin vergi
ödənişləridir. Dövlət
Neft Şirkətinin gəlirlərinin formalaşmasında
böyük hissəni
daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də
neftin qiymətinin aşağı düşməsi
buna təsir etmir. Neft hasilatının pay bölgüsü
sazişləri çərçivəsində
fəaliyyət göstərən
şirkətlərin vergi
ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala
bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır.
Çünki bu gəlirlərin azalması
dövlət büdcəsində
proqnozlaşdırılan gəlirlərin
1-1,3 faizi səviyyəsindədir”, - deyə
Samir Şərifov vurğulayıb.
Nazir qeyd edib ki, cari
ilin ilk iki ayında vergi orqanları tərəfindən
proqnoz göstəricilər
artıqlaması ilə
icra olunub. Eyni zamanda,
gömrük orqanları
tərəfindən də
daxilolmalar artıqlaması
ilə icra edilib. Artıq icra olunan gəlirlər 4 milyon manat təşkil edir. Digər tərəfdən, büdcənin formalaşmasında
Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də
dövlət büdcəsinə
daxil olması təmin edilir. Yəni, hazırkı dövlət
büdcəsi qısamüddətli
xarici şoklardan sığortalanıb və
hər hansı ciddi təsirlər müşahidə edilməyəcək.
Onu da qeyd etmək
lazımdır ki, Prezidentin tapşırığına
uyğun olaraq, xərclərin optimallaşdırılması
ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası
ilə bağlı dünyada və ölkəmizdə müəyyən
beynəlxalq tədbirlərin,
bəzi ezamiyyələrin
təxirə salınması
gözlənilir. Bu qənaətlərdən də
səmərəli istifadə
olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. "Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Müşavirədə bir sıra tapşırıqlar da verilib: İlk növbədə, Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirsin; Artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir; Mərkəzi Bank Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirsin və atılacaq addımları sürətləndirsin; Vergi xidməti orqanları səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görsün; Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
Müşavirəyə
yekun vuran Baş Nazir Əli Əsədov yaranmış qlobal
iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək
deyib: "Lakin biz vəziyyətə gündəlik əsasda
nəzarət edirik və iqtisadiyyatımızda mövcud
situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin
ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün
müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu
halda bu alətlərdən
çevik istifadə ediləcək. Neft bazarında və qlobal
iqtisadiyyatda baş verən
hadisələrə qarşı ölkənin kifayət həcmdə
maliyyə resursları vardır. Artıq qeyd
olunduğu kimi, strateji valyuta
ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici
dövlət borcunu 6 dəfə üstələyir.
Bu baxımdan, yaranmış vəziyyətdə
biznes ictimaiyyətini və əhalini təmkinli
davranış nümayiş etdirməyə
çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət
gücləndiriləcək, qeyri-qanuni hərəkətlər
və yaranmış vəziyyətdən sui-istifadə
hallarının qarşısı qətiyyətlə
alınacaqdır”.
Azərbaycan.-2020.- 12 mart.- S.4.