Dünyanı göstərən
“sehrli güzgü”
Uşaqlıqda dinlədiyimiz nağıllarda sehrli güzgü haqda eşitmişdik. Hələ qədim zamanlardan insanlar surəti əks etdirən səthlərə heyranlıq duyur, onların müəyyən fövqəlgücləri olduğunu düşünürdülər.
Yəqin məhz bu düşüncədən, yaxud sadəcə xəyal etdikləri üçün sehrli, danışan güzgü haqda nağıllar, hekayələr qururdular. Amma o vaxt heç inanmazdılar ki, bu xəyal nə vaxtsa gerçək olacaq, insanlar evlərində oturub "sehrli güzgü”, "danışan qutu” vasitəsilə dünyanı görə, izləyə biləcəklər.
Bu dəfə dünyanın düzənini dəyişən, bəşəriyyətin ən böyük, mühüm kəşflərindən biri olan televizorun yaranmasından söhbət açacağıq.
Televizor yunanca "tele” (uzaq) və latınca "visio” (gör) sözlərinin birləşməsindən əmələ gəlib, "uzaqdan görmək” anlamını daşıyır. İlk televiziya sistemləri mexaniki idi və yalnız təsviri göstərirdi. Lakin alman mühəndisi Paul Nibkov təsvirin məsafəyə ötürülməsi ideyasının mümkünlüyünü nəzəri olaraq irəli sürdü və 1866-cı ildə ideyasını patentləşdirdi.
1873-cü ildə V.Smit tərəfindən icad edilən fotoeffekt televiziyanın kəşfi yolunda növbəti uğurlu addım oldu. Bu kəşfdən ruhlanan Nibkov ideyasını gerçəyə çevirmək üçün daha bir addım atdı. O, 1884-cü ildə skanlaşdırılan diski ixtira etdi. Əksər mənbələrdə elektron televizor patentinin Boris Rozinqə məxsus olduğu qeyd olunur. İlk hərəkətsiz təsvir yayımı 1911-ci ildə bu alimin adı ilə bağlansa da, əsas ixtiraçı kimi şotland mühəndis Con Logi Berd göstərilir.
Tikiş iynəsi, velosiped
lampası, konserv qutusu
13 avqust 1898-ci ildə
Şotlandiyanın Helensburq
şəhərində anadan
olan və burada böyüyən Con
Logi Berd uşaqlıqdan elektriklə
maraqlanırdı. Hələ uşaq
ikən evinin arxa bağçasında neftlə işləyən
generatordan əldə
edilən elektriklə
bütün evi işıqlandırmışdı. Bu, şəhərdə axşamlar
işığı yanan
tək ev
idi. 12 yaşında
olarkən isə gələcək ixtiraçı
evdə balaca bir "telefon stansiyası” yaradaraq çöldəki dostlarıyla
telefonla danışa bilirdi. Berd gənclik yaşına
çatanda televiziya ilə bağlı aparılan araşdırmalardan
xəbərdar idi və gecə-gündüz
bu sahədə çalışırdı.
Böyüyəndən sonra o, Klayd vadisindəki elektrik şirkətində
iş tapdı. Burada bir müddət çalışsa da, sağlamlıq problemləri
səbəbiylə işdən
ayrılmaq məcburiyyətində
qaldı. Bir neçə
kiçik işdə
çalışdıqdan sonra
1922-ci ildə vətəninə
geri dönərək
təmirçiliyə başladı.
Burada qarışıqlıqdan uzaq
bir mühitdə özü ilə baş-başa qalaraq, xəyalını qurduğu
görünüş və
səsi elektronik şəkildə daşıma
fikri üzərində
işə başladı.
Berdin növbəti
fantaziyası ilk televizorun
gerçək simasını
müəyyən edir. İlk əvvəl
sadə bir tikiş iynəsi, velosiped lampası və bir konserv
qutusu ilə nəsə etməyə çalışan Berd insanlara xülya kimi görünən bu fikir üzərində
getdikcə artan həyəcanla işləməyə
davam edir. Əlindəki az
imkanlarla çox şey bacara bilməyəcəyini anladıqda
isə texnoloji imkanlara daha rahat çata biləcəyi Londonun Soho bölgəsinə köçür və bir laboratoriya qurur.
Burada ilk olaraq
bir çay qutusu üzərinə yerləşdirdiyi, tikiş
iynəsi, kəsilən
karton və biskvit qutusundan ibarət olan qurğusunu işlətməyi
bacarır və yandakı sifət görünüşünü meydana gətirir. 1925-ci ildə
o, bəşəriyyətə yeni bir düzən
gətirəcək cihazı
nəhayət ki, kəşf edə bilir: Biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə "tikib”, içərisinə
avadanlığını yerləşdirir
və uzaq məsafəyə ötürülən
sifət görünüşünü
"tutmağı” bacarır.
Gənc
ixtiraçı 1925-ci il iyunun 25-də bu kəşfini patentləşdirir.
Berdin müvəffəqiyyəti
qısa müddətdə
böyük maraqla qarşılanır və
"Televisor” adını
verdiyi icadını
ilk dəfə 26 yanvar
1928-ci ildə Krallıq
İnstitutuna tanıdır. Bundan bir il sonra o, ilk görünüş
yayımını reallaşdırmağı
bacarır. Nəticədə, 1929-cu ildə ilk televiziya stansiyasını
qurur və o dövr radio yayımı ilə məşğul olan BBC ilə razılaşaraq, televiziya
verilişləri hazırlamağa
başlayır. İlk mərhələdə
məhdud sahədə
yayımlanan BBC 1930-cu ildə
Amerikada, habelə İngiltərədə rəsmi
şəkildə yayıma
başlayır. Tezliklə televiziya
bütün dünyaya
yayılır. Londonda 20 mini əhatə edən yayımın hesabına
Con Logi Berd karyerasının zirvəsinə
çatır. O, 14 iyun
1946-cı ildə vəfat
edir.
İlk pultlu televizor
Dünyada ilk televizor 3 iyul 1928-ci ildə ABŞ-da satışa çıxarılıb. Bu televizorun qiyməti 75
dollar idi və iki adi işçinin
orta əmək haqqına bərabər idi.
Lakin bu televizor tamamilə mexaniki bir sistemlə
işləyirdi. Televizorların elektromaqnetik sisteminin
dəyişdirilərək indiki vaxtda istifadə
etdiyimiz balonlu televizor halına gəlməsi isə Filo Teylor Farnsvorzun
adı ilə bağlıdır.
Hazırda balonlu televizorların hamısı "CRT” adlandırılan
bir texnologiyaya malikdir. Ekranda görüntü yaradan bu sistem
yüz minlərlə
lampanın bir araya gətirilməsi deməkdir. CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən
meydana gəlib. Bunlara "piksel” deyilir. Piksellərin
hər biri ayrı şəkildə işıqlandırıldığı və fərqli rəng meydana gətirə bildiyi üçün onların
müəyyən bir nizamda yanması görüntünü əmələ
gətirir.
1933-cü ildə amerikalı
mühəndis rus mənşəli Vladimir Zvorikin
televizorun əsas hissələrindən biri
olan ötürücü
qurğunu ixtira edir. 1937-ci ildə televizorun inkişaf prosesinə ingilislər də qoşulur. Onlar elektron-şüa borulu televizor yaradırlar.
1939-cu ildə ABŞ mühəndisləri A.Roze
və X.Yoms tərəfindən televiziya
ötürücü trubkası
(optikon) ixtira edilir.
1940-cı ildən başlayaraq
rəngli televizor layihəsi üzərində
işlər sürətlə
davam etdirildi. Bundan təxminən 10 il
sonra ABŞ-da ilk rəngli televizor satışa çıxarıldı.
Artıq
50-ci illərin sonlarında
10 amerikalıdan 9-u televizora
baxmaq imkanına sahib idi. Azərbaycanda isə ilk televiziya verilişi 1956-cı il fevralın 14-də
efirə çıxdı.
Televizorun kanallarını kənardan dəyişməyə imkan verən "pultu” isə 1955-ci ildə ABŞ alimi Euqen Polley kəşf edib. Onun düzəltdiyi ilk avadanlıq televizora gözlə görünən işıq vasitəsilə əmrlər verirdi. Buna görə də evdə işıq yananda televizor işləyə bilmirdi. 1980-ci illərdə isə həmin pultlar ultrasəs dalğaları ilə işləməyə başladı.
Dünyanın ən
böyük televizoru
Qeyd edək ki, ABŞ-ın "Dallas Cowboys” klubunun stadionunda yerləşdirilən dördekranlı televizor dünyanın ən böyük televizoru kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. "Mitsubishi Electronic” şirkəti tərəfindən layihələndirilərək istehsal olunan və stadionun ən yüksək yerindən asılmış bu televizorun çəkisi 600 ton, ekranın ümumi sahəsi 1058 kvadratmetrdir.
Təbii ki, zaman dəyişdikcə, texnika və texnologiya inkişaf etdikcə televizor sahəsində də xeyli yeniliklər baş verdi. Belə ki, əvvəllər ağ-qara televizorlar ilə kifayətlənməli olurduqsa, indiki dövrümüzdə günümüzu müasir televizorlarsız təsəvvür etmək çətindir. Bu cihazlar da dünya inkişaf etdikcə müasirləşdi. Zamanla yekə televizorlar nazik plazma və LCD, sonra LED ekranla əvəz edildi. Müasir televizorların da funksiyaları gündən-günə təkmilləşir. Artıq müasir Smart televizorlar klaviatura, siçan, "magic motion” pultu, səs və hətta jest ilə idarə edilmə funksiyasına malikdir. 3D funksiyası isə görüntünün izləyiciyə fəzada uçölçülü şəkildə çatdırılmasına imkan yaradır.
Ancaq şirkətlər bunlarla da kifayətlənmir, daha maraqlı xidmətlərin göstərilməsi üçün daim yeniliklər edir. Məsələn, 2018-ci ildə "LG” şirkəti dünyada ilk olaraq ekranı adi qəzet kimi bükülən televizoru təqdim etdi. Rəsmi təqdimatda bildirildi ki, televizor lazım olmayanda və ya onu harasa aparmaq istəyəndə asanlıqla büküb əl çantasına qoymaq olar. Yenilik satış üçün nəzərdə tutulmasa da, konsept olaraq gələcəkdə belə televizor istehsalına işarədir.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 1 mart.- S.7.