“Tikmədim özüm qalam, tikdim ki, izim qala

 

 

Dünyaya gələn hər bir insanın öz ömür yolu olur. Kim məqsədinə çatmaq üçün bu yolla düz gedərsə, axırı da yaxşı olar. Calal Qurbanovun da yaşadığı 85 illik həyat yolu mənalı keçib. Ona görə ki, zəhmətə qatlaşıb, qurub-yaradıb, xeyir əməllər sahibi olub. İxtisasca inşaatçı olan Calal kişi keçdiyi şərəfli ömür yolundan danışmağa haqqı çatan ağsaqqallardandır.

Calal Qurbanov 1 mart 1935-ci ildə qədim Bərdə şəhərində dünyaya gəlib. Uşaqlıqdan oxumaq, təhsil almaq istəyi güclü olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Calal Qurbanov 1957-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olsa da, hiss edib ki, neftçi olmaq onun ürəyincə deyil, istəyi inşaatçı kimi tikib yaratmaqdır.

Ürəyindəki bu arzusu Calal Qurbanovu rahat buraxmırdı. Bu səbəbdən indiki İnşaat və Memarlıq Universitetində qiyabi təhsil alır. Təyinat müddəti başa çatdıqdan sonra isə - 1960-cı ildən inşaatçı kimi əmək fəaliyyətinə başlayır. Sənaye Tikinti Nazirliyinin 2 nömrəli Dəmir-Beton Zavodunda baş mexanik vəzifəsinə təyin olunur. O dövr tikinti işlərinin icrası indikindən fərqli idi. Tikinti üçün lazım olan bütün dəmir-beton konstruksiyalar bu zavodda hazırlanırdı. Ona görə də Calal Qurbanovun işi başından aşırdı. O, bu barədə belə deyir: "İşə səhər tezdən gedib evə gecə gəlirdim. Uşaqlara bir ata kimi istədiyim qayğını göstərə bilmirdim. Ancaq peşman deyildim. Çünki faydalı işlə məşğul idim. İndi Bakıda gəzərkən, ölkənin bölgələrinə səyahət edərkən tikdiyim obyektləri görəndə qürur hissi keçirirəm. Necə deyərlər: "Tikmədim özüm qalam, tikdim ki, izim qala”.

Bu qocaman inşaatçının xatirələri çox maraqlıdır: "Bəlkə səmimiyyətimə inanmayacaqsınız, ancaq bu, olan işdir. Kənd Tikinti Nazirliyində trest rəisi işləyirdim. Onu da deyim ki, həmin dövrün qabaqcıl mütəxəssislərindən olmuşam, bu tresti mən yaratmışdım. Bunun üçün gecə-gündüz çalışmışdım. Təkcə baş müəssisə yox, onun bölgələrdəki rayonlararası 18 idarəsi də mənim zəhmətimin nəticəsi idi. Bir gün məni nazirliyə çağırdılar. İşimdən razılıq edib dedilər ki, səni nazir müavini təyin edirik. Etiraz etdim. Təəccübləndilər, axı o vaxt kim belə vəzifədən imtina edərdi?! Özü də həmin vəzifəni tutmaq üçün nə qədər namizəd var idi. Ərizə yazıb trest rəisi vəzifəsindən də çıxdım. Bunu eşidənlər məni qınadı. Ancaq indio fikirdəyəm ki, düzgün qərar qəbul etdim. Rahat kabinetdə oturub kimlərəsə göstəriş verməyi sevmirəm. Tək istədiyim işin üstündə olub, onun keyfiyyətlə görülməsinə nəzarət etməkdi. Ən əsası da gördüyüm başa çatanda ondan aldığım zövqdür”.

"Yaxşı işçi işsiz qalmaz”, - deyib sözünə davam edir: -Yuxarılar biləndə ki, işdən çıxmışam, böyük söz-söhbət oldu. Araşdıranda isə məlum oldu ki, işdən çıxmağımın səbəbi nazir müavini təyin olmaqdan imtina etməyimdir. Bu, çoxlarını təəccübləndirdi. Nə isə, uzun sözün qısası, məni SSRİ Nəqliyyat Tikinti Nazirliyinin Bakı KörpüTunel Dəmir-Beton Zavoduna direktor təyin etdilər. Həmin vaxt zavod qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmirdi. Belə ki, dəmir-beton konstruksiyalar tikinti obyektlərinə vaxtında çatdırılmadığı üçün işlər plan üzrə icra edilmirdi. Arada böyük fasilələr yaranırdı ki, bu da tikintidə işlərin ləngiməsinə səbəb olurdu. Belə bir çətin vəziyyətdən çıxmaq üçün bütün qüvvəmi sərf edib çalışdım. Qısa zamanda tikinti sahələri vaxtında dəmir-beton konstruksiyalarla təmin olundu və tikintidə yaranan fasilələrə son qoyuldu”.

Onu da bildirək ki, Calal Qurbanov bir dəfə də yüksək vəzifədən imtina edib. Bu barədə özü belə deyir: "Bir gün məni təcili Bakı Şəhər Partiya Komitəsinə çağırdılar. Dedilər ki, indi Xətai adlanan rayonun icraiyyə komitəsinə sədr təyin edilirsən və sabah Mərkəzi Komitədə birinci katibin qəbulunda olmalısan. Etiraz etdim. Çünki inşaatçı peşəsindən ayrılmaq istəmirdim. Amma qarşıma o dövr üçün çox ciddi sayılan tələb qoydular. Dedilər ki, sən kommunistsən, buna görə də partiyanın tapşırığını yerinə yetirməlisən. Beləliklə, 1983-cü ildən 1991-ci ilə kimi həmin vəzifədə çalışdım. Daim insanlarla ünsiyyətdə olub onların qayğı və problemləri ilə maraqlanırdım. 1990-cı ildə isə bir daha başa düşdüm ki, insanlar çəkilən zəhməti, görülən işi, xeyirxahlığı unutmurlar. Ali Sovetə deputat seçilmək üçün namizədliyimi irəli sürdüm. Rayon sakinləri ilə görüşlərdə hər yerdə hörmət gördüm. Dedilər ki, sizə səs verəcəyik. Sözlərini də tutdular. 1990-1995-ci illərdə parlamentin deputatı oldum”.

Calal Qurbanov ötən əsrin 70-80-ci illərində görülən işləri xarakterizə edərək deyir: "Həmin illər SSRİ-nin başqa yerlərində necə olduğunu deyə bilmərəm. Amma Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o dövr respublikamız üçün əsl quruculuq illəri olub. Bir inşaatçı kimi deyə bilərəm ki, keçən əsrin 70-ci illərində Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu bütün dövrlərdən çox tikinti işləri həyata keçirilib. Təkcə özüm Ulu Öndərin rəhbərliyi altında müxtəlif təyinatlı onlarca sənaye, mülkisosial obyektin tikintisini həyata keçirmişəm”.

Calal müəllim həmişə yüksək vəzifələrdə çalışsa da, heç vaxt ədalı, təkəbbürlü məmur olmayıb. Tabeliyində olan işçilərə qarşı tələbkar olduğu qədər də qayğıkeşlik göstərib. Onun insanlığından, qayğıkeşliyindən bir epizodu oxucuların diqqətinə çatdırmaq istəyirik: Calal Qurbanov həmişə tikinti sahəsində rəhbər vəzifələrdə çalışsa da, uzun illər özünün evi olmayıb, kirayədə qalıb. Hər dəfə mənzil bölgüsü zamanı işçilərini qabağa salıb. Hətta bir neçə dəfə ona çatacaq mənzili başqalarına verib.

Ömrünün 85-ci baharını yaşayan Calal Qurbanov bu gün də sevimli peşəsi ilə məşğuldur. Hazırda Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətində direktorun birinci müavini vəzifəsində işləyir. Təcrübəli inşaatçı şirkətdə çalışan gənclərdən öz dəyərli məsləhətlərini əsirgəmir. Onlara həmişə deyir ki, inşaatçı peşəsi müqəddəsdir. Əgər inşaatçı oldunsa, bu peşəyə xəyanət etmə, vicdanla çalış. Çünki sənin tikdiyin obyektlər xalqa xidmət edir, elə qiymətini də xalq verəcək.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 1 mart.- S.7.