Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli operaestrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2020-ci il

Azərbaycan.-2020.- 13 mart.- S.1.