YENİ PARLAMENTİN
YENİLİKLƏRİ
Budəfəki parlament seçkiləri həmişəkindən fərqli oldu - növbədənkənar keçirildi.
Budəfəki seçkilərin özü də fərqli oldu - daha çox namizəd - 1314 nəfər mandat uğrunda mübarizəyə qoşuldu!
Budəfəki
namizədlərin mübarizəsi daha kəskin, daha gərgin
keçdi - həm fərdi görüşlərdə, həm
də sosial şəbəkələrdə!
Budəfəki
seçkilərin nəticələrinə MSK-da daha fərqli
yanaşıldı - bir dənə də şikayət və
narazılıq diqqətdən kənarda qalmadı,
hamısı - həm fərdi müraciətlər, həm
telefon çəkilişləri, həm də sosial şəbəkələrdəki
süjetlər obyektiv araşdırılaraq şəffaf
şəkildə hüquqi cəhətdən qiymətləndirildi.
Budəfəki
seçkilərdə dörd dairənin nəticələri ləğv
olundu - bu o deməkdir ki, seçkilərin qüsursuz
keçirilməsində Azərbaycanın özü
maraqlıdır.
***
Altıncı
çağırış Milli Məclisin ilk iclasına da fərqli
şəkildə başlandı - əvvəlcə yeni
seçilən deputatlar koronavirus müayinəsindən
keçirildilər, sağlamlıqlarına əminlik
yarandı.
Parlamentin
ilk iclasında dövlət başçısı cənab
İlham Əliyev geniş, parlaq, həm də fərqli - indiyədək
toxunmadığı məsələləri və problemləri
əhatə edən maraqlı bir nitq söylədi!
Yenə sinədəftər, zəruri rəqəmlərlə, faktlarla zəngin, keçmişdə görülən işlərə yekun vuran, gələcək vəzifələri dəqiq müəyyənləşdirən dərin təhlili nitqlə dinləyənləri valeh etdi!
Təqribən bir saat davam edən bu nitqi hamı az qala nəfəs dərmədən, bir sözü buraxmadan diqqətlə dinlədi, dönə-dönə alqışladı!
Kiçik bir yazıda möhtəşəm bir çıxışda toxunulan bütün məsələlərdən bəhs etmək mümkünsüzdür.
Odur ki, diqqəti bəzi vacib məqamlara çəkmək istəyirik.
***
Hər bir xalqın parlamenti fikir mübarizəsi meydanı, siyasi baxışların qarşılaşdığı, döyüşdüyü yer sayılır.
Parlament cəmiyyətdə gedən prosesləri özündə əks etdirir, ölkənin inkişafına, dövlətin tərəqqisinə xidmət edən qanunvericilik bazası yaradır.
Sağlam təməl üzərində qurulan, vətənpərvər, dövlətçiliyə sadiq millət vəkillərindən ibarət parlamentlər öz missiyasının öhdəsindən uğurla gələrək xalqına və dövlətinə dəyərli töhfələr verə bilir.
Adətən cəmiyyətdə gedən proseslər parlamentdə əksini tapır!
Parlamentdəki proseslər də öz növbəsində cəmiyyətə təsirsiz ötüşmür!
Müstəqilliyin ötən qısa dönəmində Azərbaycan Respublikasının Milli Məclisində çox hadisələrin, yaddaqalan xoş, hərdən isə xoşagəlməz halların dəfələrlə şahidi olmuşuq:
* Səhv və yanlış addımlar atılıb...
* İclaslar qarşılıqlı ittihamlar, bəzən bazar ruhunda, üstəlik bir-birlərini təhqirlər şəraitində də keçirilib...
* Əlbəyaxa davalar baş verib...
* Siqaret tüstüsünə bülənərək çayxana söhbətləri aparılıb...
* Deputatlara qarşı zor tətbiq edilib, iclas zalından bayıra buraxılmayıblar...
Yalnız Ulu Öndər Heydər Əliyevin geriyə dönüşündən və qısa müddətdə Milli Məclisə rəhbərliyindən sonra parlamentdə saf ab-hava, işgüzar əhvali-ruhiyyə yaranmasına, xalq və dövlət qarşısında məsuliyyət hissi, parlamentarizm mədəniyyətinin formalaşmasına başlanılmışdır.
Beləliklə, parlament müzakirələri yolu ilə vətəndaş müharibəsinin alovları söndürülüb, taleyüklü qərarların qəbuluna nail olunub, yeni ənənələrin təməli qoyulub.
Ulu Öndərin yaratdığı yeni parlament real həyata yaxınlaşdı, ölkədə baş verən proseslərə adekvat reaksiya verdi, dövlətə və dövlətçiliyə xidmət yolunu tutdu.
Heydər Əliyevin qoyduğu yol, müəyyən etdiyi siyasi istiqamət bu gün də Milli Məclis tərəfindən uğurla davam etdirilir.
Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Prezident İlham Əliyev yeni dövrün yeni vəzifələrinə, onun həyata keçirilməsi üçün vacib olan məqamlara xüsusi diqqət yetirdi!
***
Dövlət başçısı çıxışında əvvəlcə yenicə başa çatmış seçkilərə münasibətini açıqladı, öz qiymətini verdi:
* "Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.
* "Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır”.
* "...Bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir”.
Cənab İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsinə də aydınlıq gətirdi: "Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir”.
Milli Məclisin ilk iclasında təşkilati məsələlərə baxılarkən bütün bu deyilənlərin şahidinə çevrildik.
Daha doğrusu, Milli Məclisdə də ciddi islahatlara start verildiyinə əmin olduq!
***
Ən mühüm yenilik və dəyişiklik Milli Məclisin sədrinin seçilməsindən başladı. Parlament çoxluğu hüququndan istifadə edən Yeni Azərbaycan Partiyası sədrliyə Sahibə xanım Qafarovanın namizədliyini irəli sürdü və təklif hamı tərəfindən dəstəkləndi.
Beləliklə, növbəti dövr ərzində ali qanunverici orqana xanım millət vəkilinin rəhbərlik edəcəyi aydın oldu.
Sahibə Qafarova cəmiyyətdə müsbət imicə, Milli Məclisdə nüfuza, Avropa qurumlarında zəngin iş təcrübəsinə malik ziyalı qadınlardandır. Onun göstərilən etimadı doğruldacağına heç bir sübhə yoxdur!
Milli Məclis sədrinin müavinləri də təzələndi!
Tanınmış hüquqşünas, böyük parlament təcrübəsi olan Əli Hüseynli birinci müavin, Adil Əliyev isə müavin seçildi.
Daha bir
neçə sürpriz təyinatlar!
Onun da
müəllifi cənab İlham Əliyevdir!
Məhz
YAP sədrinin tövsiyəsi ilə VI çağrış
Milli Məclis rəhbərliyində və komitə rəhbərliyində
digər partiyaların - müxalifət partiyalarının
üzvləri ilk dəfə yer tutdular!
Fəzail
İbrahimli Milli Məclis sədrinin müavini, Qüdrət Həsənquliyev,
Tahir Kərimli, Asim Mollazadə, Əli Məsimli, Sabir
Hacıyev, Sahib Alıyev, Elşən Musayev, Musa
Qasımlı, Fazil Mustafa - qeyri-YAP-çılar isə komitə
sədrlərinə müavin oldular.
Bir daha
xatırladırıq ki, indiyədək Azərbaycan
Parlamentində belə hal olmayıb!
Bu dəyişikliklərə
cənab İlham Əliyevin verdiyi qiymət isə vəziyyəti
lakonik əks etdirir:
"... Həm seçkilər, həm də seçkilərdən
sonra keçən dövr, iqtidar tərəfindən siyasi
partiyalara yönəlmiş addımlar - bütün bunlar
bizim mövcud siyasətimizin yeni mərhələsini əks
etdirir. Bu, bizim islahatçı kursumuzu əks
etdirir”.
Dövlət
başçısı belə bir addımın hansı məqsədlə
atılmasına da aydınlıq gətirdi: "Azərbaycanda
siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri
sağlam zəmində gücləndirmək üçün
buna ehtiyac var”.
***
Sonuncu Prezident seçkilərindən sonra - 2018-ci ilin
aprelində Milli Məclisdəki andiçmə mərasimindəki
çıxışında cənab İlham Əliyev hərtərəfli
və dərin islahatların keçiriləcəyi anonsunu
vermişdi.
Ötən dövrdə struktur və iqtisadi
islahatlarının, bir sıra kadr dəyişikliklərinin
şahidi olduq.
Yeniləşmə
Prezident Administrasiyasını əhatə etdi, bu ali qurum yeni tərkibdə
formalaşdırıldı, yeni şöbələr
yaradıldı.
Yeni tərkibdə təşkil olunan Nazirlər Kabineti
daha operativ və çevik fəaliyyətə başladı.
Bu dəyişikliklərin
həyatımıza təsirini də gördük:
* Azərbaycanın
iqtisadi inkişafı davamlı sürətini qorudu;
*
Qeyri-neft sektorunun yüksək sürətlə
inkişafı təmin edildi;
*
İmzalanan sosial paketlər nəticəsində xalqın
sosial rifahı xeyli yüksəldi;
*
Dünya birliyində ölkəmizin siyasi nüfuzu və ona
olan etimad daha da artdı;
* Azərbaycan
beynəlxalq reytinq cədvəllərindəki yerini daha da
yaxşılaşdırdı;
* Ən islahatçı ölkələr
sırasındakı yerini möhkəmləndirdi.
Şübhəsiz islahatlar və yeniliklər
dalğası Milli Məclisdən də yan keçə bilməzdi.
Üstəlik yeni tərkibdə yeniləşən Milli
Məclisin başlanmış islahatlara yeni təkan verəcəyi
də real gözləntidir.
***
Dövlət
başçısı tərəfindən millət vəkillərinə
qanun yaradıcılığı funksiyası ilə
bağlı iki mühüm xatırlatma oldu:
Birincisi, "Mənim tövsiyəm ondan ibarətdir ki,
nəinki kəmiyyətə, daha çox keyfiyyətə
fikir verilsin”.
İkincisi, "Hesab edirəm ki, bizim milli dəyərlərimizlə,
milli ənənəvi dəyərlərimizin qorunması ilə
bağlı qanunvericilik bazası daha da geniş
olmalıdır”.
Yəqin ki, Milli Məclis bundan sonrakı fəaliyyətində
deyilənləri hökmən nəzərə alacaqdır.
***
Son dövrdə cənab İlham Əliyev təmtəraqlı
inauqurasiya mərasimlərindən imtina edərək onu Milli Məclisdə
keçirilən yığcam andiçmə ilə əvəzləmişdir. Bu və Milli
Məclisdə baş tutan digər tədbirlərdə, adətən,
dövlət başçısı dünyada gedən proseslər,
Azərbaycanın görəcəyi işlər,
qarşıda duran vəzifələr və müxtəlif hədəflər
barədə dərin təhlili çıxışlarla kifayətlənir.
Milli Məclisin və deputatların fəaliyyəti
ilə bağlı müəyyən məsələlərə
toxunaraq tövsiyələrini söyləsə də, dərinliklərə
getmir, iradlarını bildirmirdi.
Bu mənada sonuncu nitqi fərqli oldu. Xüsusən
deputatın seçicilərlə görüşləri,
davranışı, beynəlxalq qurum və təşkilatlarda
aparılan müzakirələrdə iştirakı və sərgilədiyi
mövqe barədə ciddi fikirlər səsləndirdi.
Əslində, bunu həm də millət vəkillərinə
"Prezident dərsləri” də adlandırmaq olar!
Daha bir
mühüm məqam: Cənab İlham Əliyev indiyədək
öz nümunəsi ilə bu dərsləri "qiyabi şəkildə”
nümayiş etdirmişdi!
***
Biz
hamımız mavi ekranlar vasitəsilə Prezident İlham Əliyevin
Valday Diskussiya Klubunda, MDB Dövlət
başçıları Şurasının Aşqabad
görüşündə və Münxen Beynəlxalq
Konfransındakı klassik çıxışlarını
böyük məhəbbət və heyranlıqla izlədik,
düşmən dövlət başçısı
Paşinyanın tarixi faktlar və polad məntiqə söykənən
arqumentlər qarşısında necə rəzil, axmaq və
gülünc duruma düşdüyünü seyr edərək
böyük mənəvi zövq də aldıq.
Əslində,
dövlət başçısının bu mövqeyi,
münaqişə ilə bağlı bilgiləri, habelə qətiyyət
və prinsipiallığı beynəlxalq tədbirlərdə
iştirak edən hər bir azərbaycanlıdan tələb
etməsi başadüşülən, normal və arzuediləndir!
Daha bir
incə məqam: Bu tövsiyəni deputatlara verən dövlət
başçısı "qızım, sənə deyirəm,
gəlinim, sən də eşit” prinsipi ilə mövqeyindən,
partiyalılığından, iqtidara necə münasibət bəsləməsindən
asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşından
gözləməkdə də haqlıdır!
Bəli,
Azərbaycan yenicə dövlət müstəqilliyi
qazanmış gənc bir ölkədir!
Onun zəngin
təbii sərvətləri və həsəd
aparılası geosiyasi mövqeyi var!
Eyni zamanda bu gənc dövlət və onun müdrik
başçısı müstəqil siyasət
yürüdür, heç kimin qarşısında baş əymir,
dövlətin və xalqın maraqlarını hər şeydən
uca tutur.
Azərbaycanı
ram etmək, onu vassal dövlətə, qapazaltıya
çevirmək üçün çox cəhdlər
göstərilir, çox oyunlar oynanılır, məkrli
planlar işə salınır!
Lakin hər
dəfə daş qayaya rast gəlir!
Dövlət
başçısı İlham Əliyev heç kimdən və
heç nədən qorxmadan sözünü üzə deyir,
açıq və qətiyyətli mövqe göstərir,
bütün təhdidləri zərərsizləşdirir!
Bütün
bunları etmək üçün sarsılmaz iradəsi,
diplomatik məharəti, analitik təfəkkürü və
uzaqgörənliyi, dərin biliyi, müxtəlif dillərdə
parlaq nitq söyləmə qabiliyyəti, ən əsası
tükənməz vətən sevgisi və əsl vətənpərvərliyi
vardır!
Məhz
bunların sayəsində indiyədək bizə göstərilən
təzyiq və təsir cəhdləri, ikili standartların tətbiqi,
hansısa qərarın zorla qəbul etdirilməsi, yaxud nəyisə
diqtə niyyəti, sanksiyalarla hədələmək təhdidi
puça çıxmışdır!
İlham Əliyev
bu məsələlərlə bağlı deputatlar
qarşısına qoyduğu vəzifələri geniş
şərh etməklə yanaşı, həm də konkretləşdirdi:
* "Bütövlükdə beynəlxalq təşkilatlar
çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü
olmalıdır”.
* "O təşkilatlarda ki, bizə qarşı əsassız
yanaşma var, bizə qarşı ittihamlar irəli
sürülür, biz orada mübariz olmalıyıq. Yəni
onların qarşısında yaxşı olmaq yox, dövlət,
xalq qarşısında yaxşı olmaq lazımdır”.
* "Mən bütün deputatlara deyirəm, heç
bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla
işləmək lazımdır, biz də işləyirik,
ancaq bizim maraqlarımız var və kifayət qədər
arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə
çağırıram”.
***
Prezident Milli Məclis deputatlarının ölkə
daxilindəki fəaliyyətləri ilə bağlı məsləhət
və tövsiyyələrini də söylədi. Bunları yığcam
şəkildə belə ümumiləşdirmək olar:
*
Deputatlar daim seçiciləri ilə sıx təmasda
olmalı, dairələrdə fəal iş
aparmalıdırlar;
*
Mövcud problemləri öyrənib üzə
çıxarmalı, bunları yerli və mərkəzi icra
orqanlarının diqqətinə
çatdırmalıdırlar;
*
Hökumət üzvləri ilə daim təmasda olmalı,
problemlərin həlli məqsədilə təkliflər
hazırlamalıdırlar və s.
Bunlarla
bağlı cənab İlham Əliyev gözləntilərini
də ortaya qoydu: "Mən istəyirəm ki, Azərbaycanda
parlamentin rolu və təsir imkanları artsın, - həm də
ümumi işimizə müsbət təsir göstərəcək.
Çünki məsuliyyət ən vacib məsələlərdən
biridir. Məsuliyyət və nəzarət.
Harada ki bu yoxdur, heç bir iş getməyəcək”.
***
Bu gün müstəqil Azərbaycan öz tarixinin ən
qüdrətli dövrünü yaşayır.
İqtisadi
cəhətdən güclü, Cənubi Qafqazda söz
sahibidir!
Dünyada nüfuz qazanıb, səsi və sözü eşidilir!
Reallaşdırdığı transmilli layihələr özünə və onunla əməkdaşlıq edən ölkələrə böyük fayda gətirir, dəstək qazandırır.
Güclü orduya və iradəyə malikdir.
İndiyədək qarşısına qoyduğu bütün məqsədlərə çatıb!
Azərbaycanı bu zirvəyə cənab İlham Əliyev ucaldıb!
Xalq onu böyük məhəbbətlə sevir, inanır, arxalanır!
Bugünkü sabitlik və əmin-amanlıq da onunla bağlıdır!
Dövlət başçısı başladığı islahatları sürətlə sona çatdırmaqda qərarlıdır!
Bu islahatlar doğma Azərbaycanı daha güclü və qüdrətli edəcəkdir!
İşğal altındakı torpaqların azad edilməsi yolunda ciddi addımlar atılacağı da gözlənilir.
Şübhə
etmirik ki, xalqın səsi və iradəsi ilə formalaşan
yeni Milli Məclis Prezident İlham Əliyevin bu gün
qarşıya qoyduğu vəzifələri uğurla yerinə
yetirəcək, dövlətimizin tərəqqisinə dəyərli
töhfəsini verəcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.-13 mart.- S.1-2.