Prezidentdən məmurlara ciddi ismarıc
Dövlət başçısı İlham Əliyevin vəzifə sahiblərindən tələbləri sadədir: "Daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək”.
Bu tələbləri layiqincə yerinə yetirə bilən məmurların işindən həm dövlət, həm də xalq razı olacaq. Vəzifəsinin öhdəsindən gələ bilməyənlər isə cəzasız qalmayacaqlar.
Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib və onları qəbul edərkən dövlətin kadr siyasətinə də toxundu. Vəzifəsindən uzaqlaşdırılan dövlət məmurlarının buraxdıqları səhvlərin dövlətçiliyə, sosial rifaha və bütünlükdə islahatlara vurduğu ziyanlardan danışdı, korrupsiya ilə mübarizədə barışmaz mövqe tutduğunu bir daha bəyan etdi.
Dövlət məmurunun vəzifəsi ona etimad edilən kürsüdə Azərbaycan Prezidentinin yüksək etimadını doğrultmaq, iqtidar-xalq birliyinə sədaqətlə xidmət etməkdir ki, vətəndaşlarla xalq arasında bağlılıq daha güclü olsun. Bu məmnunluğa tam nail olmaq üçün daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaqla sosial-iqtisadi inkişafa töhfə vermək lazımdır.
Prezident yeni təyinat alan icra başçılarına hər iki rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, dövlət proqramları barədə ətraflı məlumat verdi, görülən işlərin mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edildiyini və yeni tələblərini bildirdi. Əlbəttə, yeni kadrlar daha novatorçu olmalı, mövcud potensialları hərəkətə gətirməli, xarici və yerli investorları cəlb etməyi bacarmalıdırlar. Bu vəsaitləri dövlətdən ummaq vərdişini yaddan çıxarmaq lazımdır.
Faktiki olaraq Prezident bu qəbulda bir daha məmur korpusuna ciddi ismarıc göndərdi və hamını dövrün tələbləri səviyyəsində fəaliyyətə çağırdı. Bütün icra başçıları fəal olmalı, investorları cəlb etməyi bacarmalıdırlar. Dövlət başçısı bəzi məmurların vəsait qoymaq istəyən investorlara mane olmasına, onlara qarşı əsassız və qanunsuz tələblər irəli sürməsinə ciddi iradını bildirdi: "Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır, həm də xalqı narahat edən problemlər həll edilməlidir”.
Dövlət başçısının yeni təyinat alan icra başçıları ilə qəbulunun kütləvi informasiya vasitələrinə çıxarılması, qüsurları açıq müzakirə etməsi bütün ölkənin rəhbər işçilərinin, məmur korpusunun ciddi məsuliyyətə dəvət edilməsi deməkdir. Prezident korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə öz mövqeyini belə ifadə etdi: "Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”.
Prezident birbaşa və kəskin tərzdə bildirdi ki, bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bütün sadalanan tələb və prinsiplərə əməl etməlidir.
Prezident Neftçala rayonunda aparılmış xüsusi əməliyyata da toxunaraq dedi ki, bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğrultmurlar, hətta özlərini elə aparırlar ki, hərəkətləri ikrah doğurur. Neftçala rayonunda rüşvətxorluq və korrupsiyanın sistem xarakter daşıması bütün qurumları sarsıtmışdı. İcra başçısının vəzifəsinin məsuliyyətini unudub kabinetində rüşvət yığması onun mənəvi deqradasiyaya uğramasını göstərir: "Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir”.
Ölkə rəhbəri bütün bunları məmurun uğradığı mənəvi deqradasiyanın pik həddi kimi qiymətləndirdi və mövqeyini sərt şəkildə ortaya qoydu: "İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil...”
Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də Prezident İlham Əliyev bir daha bu məsələlərə toxundu, kadr islahatlarının sistemli surətdə aparıldığını vurğuladı, Prezident Administrasiyasının demək olar ki, tam yeni tərkibdə formalaşdığını, yeni şöbələrin yaradıldığını, Nazirlər Kabinetində və nazirliklərdə kadr islahatlarının aparıldığını bildirdi. Dövlət başçısı bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərənin bütün xalqı hiddətləndirdiyini məxsusi qeyd etmiş və bundan sonra da təmizləmə işlərinin aparılacağını qətiyyətlə bildirmişdir: "Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın”.
Prezident İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat” kompleksinin açılışındakı çıxışında da korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərinin sistem xarakteri daşıdığını və bu mübarizənin davam etdiriləcəyini bildirmişdi. Dövlət başçısının son günlər ərzində bir neçə dəfə korrupsiya ilə mübarizə və məmur harınlığına qarşı sərt çıxış etməsi deməyə əsas verir ki, ölkənin inkişafı, iqtisadi dirçəlişinin davamlı olması üçün bütün vacib addımlar atılacaq və qanunu pozanlar ciddi cəzalarını alacaqlar.
Dövlət başçısı yeni təyin olunan icra başçılarını qəbul edərkən onların gənc olduğunu, bu günədək heç bir qanunazidd əmələ əl atmadıqlarını bildirdi. Gənclərə yol açılacaq, meydan veriləcək, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin ediləcəklər: "Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yolla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu eyni zamanda cəmiyyətdə də məyusluq yaradacaq”.
Dövlət başçısı belə hesab edir ki, rayonlarda vəziyyət təhlil edilməli, insanları narahat edən məsələlər ciddi araşdırılmalı, vacib məsələlər ya yerində həll olunmalı, ya da onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır. Hər bir vəzifə sahibi dövlətin ona göstərdiyi etimadı doğrultmalı, ölkənin sosial iqtisadi tərəqqisi üçün əlindən gələni əsirgəməməli, var gücü ilə çalışmalıdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.-13 mart.- S.3.