Azərbaycanın növbəti
“neft sınağı”ndan da
uğurla çıxacağı
şübhəsizdir
Buna
ölkəmizin iqtisadi inkişafı və maliyyə
dayanıqlığı imkan verir
Dünya iqtisadiyyatı siyasi və iqtisadi qarşıdurmalar üzündən yenidən böhran vəziyyətinə daxil olmaq üzrədir. 2008-ci il qlobal maliyyə böhranının törətdiyi fəsadlar tam aradan qalxmadığı bir vaxtda yenidən "neft müharibəsi”nin başlanması təhlükəsi yaranıb.
OPEC üzvləri və qeyri-üzvlərinin, xüsusilə Səudiyyə Ərəbistanı ilə Rusiyanın neftin hasilat həcmi üzrə razılığa gələ bilməmələri mübahisəsinə sonradan İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də qoşulub. İraq neftinin 1 barelini Asiya ölkələrinə 5 dollar aşağı qiymətə satmağa hazır olduğunu bəyan edib. Küveyt isə ixrac etdiyi neftin qiymətini 6 dollar endirib, üstəlik, BƏƏ də neft hasilatını artıracağını bildirib.
Siyasi ambisiya və iqtisadi maraqlardan qaynaqlanan bu "bəhsəbəs” dünya iqtisadiyyatına mənfi təsir göstərməyə bilməzdi. Baş verəcək zəncirvari reaksiyanın bütün ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi indidən məlumdur. Bu isə investisiya qoyuluşunun azalması, ticarətin, eləcə də istehsalın aşağı düşməsi, iş yerlərinin ixtisarı və s. neqativ hallar deməkdir.
Məlumdur ki, Azərbaycan iqtisadiyyatında neft amili mühüm rol oynayır. Bu səbəbdən neftin qiymətinin aşağı düşməsi, yumşaq desək, ölkəmiz üçün arzuolunan deyil. Amma ortada ölkəmizin 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranından vaxtında görülən tədbirlər sayəsində minimum itki ilə çıxması faktı var. O üzdən Azərbaycanın bu təcrübədən istifadə edərək ehtimal olunan yeni böhranın fəsadlarını minimum səviyyəyə endirəcəyinə şübhə yoxdur.
Nazirlər Kabinetinin martın 11-də qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirəsində də bu məsələlər ətraflı müzakirə olundu, müvafiq tədbirlərin görülməsi qərara alındı. Həmin tədbirdə Baş Nazir Əli Əsədov son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı maliyyə-bank sektorunda və əhali arasında narahatlığın yarandığını bildirdi. Qeyd etdi ki, hökumət dünya iqtisadiyyatında baş verən prosesləri daim diqqət mərkəzində saxlayır və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir.
Müşavirədə vurğulandı ki, həyata keçirilən islahatlar sayəsində bu gün ölkəmizin iqtisadi vəziyyəti dayanıqlıdır. Bank-maliyyə sektoru yarana biləcək böhranın qarşısını almağa qadirdir. Dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, maliyyə imkanları genişlənir. Prezidentin vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik "yastığı” mövcuddur.
Baş Nazir ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirərək onu da qeyd etdi ki, cari ilin ilk ayları ölkə iqtisadiyyatı üçün uğurlu olub. Bu ilin yanvar-fevral aylarında ÜDM istehsalı ölkə üzrə 2,8, o cümlədən qeyri-neft sektorunda 6,7 faiz artıb. İnflyasiya isə ən aşağı səviyyədə - 2,8 faizdir.
Müşavirədə çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədəki mövcud vəziyyət barədə məlumat verdi. Vurğuladı ki, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balansına əhəmiyyətli təsir göstərib.
Elman Rüstəmov "Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və "Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarını cavablandırarkən bildirdi ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. 11-də isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatı tam şəkildə ödənilib. Bununla yanaşı, ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib, bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə
bildirdi ki, ölkə
iqtisadiyyatının dinamik inkişafı
sayəsində ilin əvvəlindən bir sıra uğurlara nail olunub. Belə ki, qeyri-neft sənayesində
istehsal 21,7 faiz
artıb. Qeyri-neft sektoruna
investisiya qoyuluşlarının
artımı isə 21 faizə çatıb. Həmçinin əhalinin
pul gəlirlərinin
nominal artım tempi 5,1
faizdən 8,9 faizə
yüksəlib.
Nazir mövcud inkişafımızı
yüksək qiymətləndirərək
bildirdi: "İqtisadiyyatımızın
istənilən xarici şoklara qarşı güclü maliyyə ümmuniteti və təhlükəsizlik "yastığı”
mövcuddur. Strateji valyuta ehtiyatlarının
həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini 6 dəfə üstələyir.
Ehtiyatların həcmi üçillik
mal və xidmətlərin
fasiləsiz maliyyələşdirilməsi
üçün yetərlidir.
Yəni strateji valyuta ehtiyatları dövriyyədə
olan bütün manat kütləsinin həcmindən 5, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur.
Bu da valyuta
bazarının tarazlığının
təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının
fundamental şərtidir”.
Rüstəm
KAMAL
Azərbaycan.-2020.-13 mart.- S.4.