Parlamentin yaz sessiyasının qanunvericilik
işləri planı təsdiqləndi
Milli Məclisin
iclasında
Dünən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda ilk olaraq Milli Məclis üzvlərinə deputat vəsiqələri təqdim edildi.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək bildirdi ki, rəhbəri olduğu qurum seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq vəzifəsini uğurla həyata keçirib. İndi isə VI çağırış parlament seçkiləri ilə bağlı MSK son missiyasını həyata keçirəcək. Sonra Məzahir Pənahov deputatlara vəsiqələrini təqdim etdi.
Azərbaycan
iqtisadiyyatının sabit qalması üçün kifayət
qədər imkanlar var
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İclasın gündəliyinə 18 məsələ daxil edilmişdi. Bunların sırasında Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, "Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər məsələlər var idi.
İclasda ilk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə) təsdiqləndi.
"Əmanətlərin tam sığortalanması haqqında” qanununda dəyişiklik edilməsi barədə layihə haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Qeyd edildi ki, "Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu ilin dekabrın 4-dək uzadılması nəzərdə tutulur. Bunda məqsəd əhalinin əmanətlərinin qorunmasıdır.
Komitə sədri son günlər dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələr ilə əlaqədar neftin qiymətinin 30-35 dollara enməsinə də aydınlıq gətirdi. Dedi ki, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: "Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Mən insanları təşvişə düşməməyə çağırıram”.
Tahir Mirkişili onu da vurğuladı ki, Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatın dayanıqlılığı artıb: "İqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərini 270-340 milyon dollar azalda bilər ki, bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manat artıq vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə ciddi təsir göstərməyəcək”.
"Bəzi
qüvvələr şayiələr yaymaqla ajiotaj yaratmağa
çalışırlar”
Milli Məclisin Reqional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd etdi ki, son günlər ölkədə bəzi qüvvələr şayiələr yaymaqla ajiotaj yaratmağa çalışırlar. Bəzi mətbuat orqanları, xüsusilə də xaricdəki "sapı özümüzdən olan baltalar” bu ajiotajı qızışdırırlar: "Neftin qiyməti düşübsə, bizim hər bir vətəndaşımız əziyyət çəkir. Əgər sən vətəndaşı düşünürsənsə, niyə sevinirsən?! Qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. Deməli, onlar vətəndaşların yaxşı yaşamasının əleyhinə olan adamlardır. İnsanların zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addım atılmır. Burada da hansı problem olsa, dövlət, dövlət başçısı bunu həll edəcək. 5-3 adamın verdiyi şərhlərə insanlarımız uymasın. Dövlət və dövlət başçısı insanlarımızın problemlərini həll etməyə qadirdir”.
Komitə sədrinin sözlərinə görə, həmin qüvvələr cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. Ona görə də insanlar narahat olmamalıdır, çünki dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub.
Deputat Vahid Əhmədov isə təkliflə çıxış etdi. Onun fikrincə, "Əmanətlərin tam sığortalanmasının 9 ay müddətinə uzadılması yetərli deyil: "Hökumət, ümumiyyətlə, əmanətləri ortamüddətli dövr üçün tam sığortalamalıdır. Məsələn, 3 il müddətində. Neftin bazar qiymətinin düşməsi ilə bağlı bəzi söz-söhbətlər gəzir. Təklif edirəm ki, Mərkəzi Bank əhaliyə daha geniş məlumat versin. Maliyyə Sabitliyi Şurası əhaliyə çatdırmalıdır ki, yaxın müddətdə Azərbaycanda heç bir narahatlıq olmayacaq”.
Əmanətlərin tam sığortalanması dünyada bir Azərbaycan təcrübəsidir
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də əmanətlərin sığortalanması məsələsini çox aktual məsələ adlandırdı və qeyd etdi ki, layihə Azərbaycan dövlətinin daim xalqın yanında olduğunu bir daha təsdiq edir:
"Əmanətlərin tam
sığortalanması dünyada bir Azərbaycan təcrübəsidir. Dövlət Neft Fondundan 2020-ci ilin büdcəsinə 11 milyard 350 milyon manat transfert olunması nəzərdə
tutulub. Hətta Dövlət Neft Fondu 7 il
müddətində heç
bir gəlir əldə etməsə belə dövlət büdcəsinə transfertləri
köçürmək imkanına
malikdir. Bu baxımdan
pessimist olmağa ehtiyac
yoxdur. Təkcə iki ay ərzində
nəzərdə tutulan
proqnozdan artıq gömrük vergi orqanlarından büdcəyə
vəsait daxil olub. Vətəndaşlarımız bilsin ki, neftin qiymətinin düşməsi qısamüddətlidir
və bunu qarşılamağa hökumətin
hər cür imkanı var”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədr müavini Əli Məsimli də bu sənədi
əhalinin əmanətlərinin
qorunması baxımından
çox vacib bir sənəd adlandırdı.
Deputat İlham
Məmmədov isə
bildirdi ki, bu qanun layihəsinə
edilən düzəliş
Prezident İlham Əliyevin sosial siyasətinin tərkib hissəsidir.
Çıxışlardan sonra sənəd səsverməyə çıxarılaraq
qəbul edildi.
Təklif
var: parlamentdə iş rejimi dəyişsin
Sonra islasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının
qanunvericilik işləri
planı haqqında sənəd müzakirəyə
çıxarıldı. Deputatlar müxtəlif
maraqlı təkliflərlə
çıxış etdilər.
"Əminəm ki,
parlamentdə müzakirələr
açıq olacaq və hər kəsə bərabər şərait yaradılacaq”. Bu fikri Milli Məclisin
İnsan hüquqları
komitəsinin sədri
Zahid Oruc söylədi. Qeyd etdi ki, parlamentin
komitələrində, yüksək
vəzifələrdə siyasi
partiyaların nümayəndələri
təmsil olunur: "Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında
dedi ki, kəmiyyətə yox, keyfiyyətə önəm
verilməlidir. Bəzən biz 39 məsələni 1 saata bitirirdik. Prezident də dediyi
kimi, biz kəmiyyətə
deyil, keyfiyyətə
üstünlük verməliyik”.
Deputat həmçinin siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişməli
olduğunu bildirdi.
Parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev
təklif etdi ki, "Azərbaycan Respublikasının işğal
edilmiş əraziləri
haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var.
Onun sözlərinə
görə, əraziləri
işğal edilən
bir çox dövlətlər belə
bir qanun qəbul edib: "Hesab edirəm ki, Azərbaycanda bu qanunun qəbul
edilməsinə zərurət
var”.
Deputat
Elman Məmmədov bu
təklifi dəstəklədi:
"İşğal olunmuş
torpaqlar haqqında qanunun yaz sessiyasının
qanunvericilik işləri
planına daxil edilməsinə ehtiyac var”. Elman Məmmədov dedi ki, parlamentdə
Qarabağ Komitəsi yaradılmalıdır: "Xalqımız
dəfələrlə soyqırımına
məruz qalsa da, biz hələ "Soyqırımı haqqında”
qanun qəbul etməmişik. Bir həqiqət var
ki, məcburi köçkünə müavinət
onun məcburi köçkün statusuna
görə verilir.
Ancaq Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında kifayət qədər ziddiyyətlər var. Bu ziddiyyətlər
aradan qaldırılmalıdır”.
Deputat hesab edir ki,
Qarabağ münaqişəsinin
həlli ilə bağlı parlamentdə ya qapalı, ya açıq müzakirələr keçirilməli
və bu məsələ Milli Məclisin qanunvericilik işləri planına daxil edilməlidir.
Elman Məmmədov həmçinin parlamentdə iş rejiminin dəyişməsini də təklif etdi: "Ya iclas saat 11-də başlayıb, 13:00-da bitsin, ya da 10:00-da başlayıb, 12:00-da tamamlansın. Müəyyən edilən iş saatı ona görə belə olub ki, həmin dövrdə deputatların hamısı vəzifəli şəxslər idi. İndi bu vaxtı dəyişə bilərik”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə hesab edir ki, Seçki Məcəlləsinə yenidən baxılmalıdır: "9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma ötən seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük”.
Məlahət İbrahimqızı qeyd etdi ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: "Təklif edirəm ki, seçicilərlə görüşlərimiz Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər”.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə təhsil kreditləri məsələsinə toxunaraq dedi ki, bu məsələ çox vacibdir: "Biz müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq”.
Çıxışlardan sonra Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi. Sonra iclasda Milli Məclisin 15 komitəsinin tərkibi müəyyənləşdi.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd etdi ki, Milli Məclis Aparatında həm daxil olan qanun layihələrinin öyrənilməsi, həm də dil baxımından şöbələr yaradılmalıdır.
Sənədlər
ayrı-ayrılıqda səsvərməyə
çıxarılaraq təsdiqləndi və bununla da Milli Məclisin
plenar iclası başa çatdı.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 14 mart.- S.1;3.