Ermənistanda referendum xaosu davam edir

 

 

Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə baş nazir Nikol Paşinyana qarşı dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Dünənə qədər demokratiya qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlar atır. Məhz belə vəziyyətdə problemlər içərisində boğulan Ermənistan əhalisi yeni hökumətə etibar etmir. Aprelin 5-də keçiriləcək referendumda əksər siyasi qüvvələr iştirak etmək istəmədiklərini bildirdikləri halda Paşinyan geri çəkilmək niyyətində deyil. Eyni zamanda ermənilər bu şounun onların həyatlarını yaxşılığa doğru dəyişməyəcəyinə inanır, səs verməyə getməməkdə israrlıdırlar.

"Lragirqəzeti yazır ki, Paşinyan referendumla bağlı təbliğatın azaldılması barədə vəkillərinə göstərişlər verib. Vurğulanır ki, referendum payıza qədər təxirə salına bilər. Hakimiyyətin koronavirusu əsas gətirərək referendumu ləğv etməsi müzakirə mövzusuna çevrilib. Erməni siyasi ekspertlər koronavirusun Paşinyan üçün şans ola biləcəyini bildiriblər. Onlar 5 apreldə seçki məntəqələrinə elə çox adamın gəlməyəcəyini düşündüklərinə görə, referendumun Paşinyan üçün uğursuz olacağını vurğulayırlar.

"Qolos Armeniyasaytı yazır ki, koronavirus təhlükəsi fonunda keçmiş baş nazir Qant Baqratyan da referendumun ləğvinə çağırış edib. Sabiq həmkarının bu çağırışı Paşinyan üçün elə bil göydəndüşmə olub. Çünki Paşinyan onun komandasının açıq-aşkar hədə-qorxu ilə müşayiət olunan təşviqat kampaniyası elə effekt vermir. Baş nazir bütün mətbuat konfranslarında hökumətin onun rəhbərliyi altında boş oturmadığını, vətəndaşların həyatını yaxşılaşdırmağa çalışdığını deyərək 100 fakt səsləndirir.

Amma ermənilər həmin faktları real həyatlarında hiss etmirlər. Qeyd olunur ki, Paşinyan axşam saatlarında ayrı-ayrı ailələrin mənzillərinə baş çəkir. Lakin baş nazirin elə ilk ziyarətləri acı təəssürat yaradıb. Çünki əksər ailələr Paşinyana kameralar qarşısında problemlərini açıq şəkildə bildirirlər. Əslində, bunlar Paşinyanı qane etməsə , o, yalan vədlər verməkdə israrlıdır.

Aylardır qara paltarlı qadınlar hökumət binasına gəlir, saatlarla baş nazirin kabinetinin pəncərələri altında dayanır onların tələblərinə məhəl qoyulmamasından şikayət edirlər. Şübhəsiz ki, Paşinyan bunlardan məlumatsız deyil. Şikayətə gələn erməni əsgər anaları övladlarının həyatına olan təhlükələrdən, onların ac saxlanılmasından şikayətçidirlər. Bunları eşitmək istəməyən Paşinyan əvəzində nə edir? Axşamlar mənzilləri gəzərək televiziya kameraları qarşısında insanlardan necə yaşadıqlarını və ya hansı problemlərinin olduğunu soruşur.

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan yerli mediaya açıqlamasında bu prosesləri populist Paşinyan hakimiyyətinin məntiqinə uyğun bir hal kimi dəyərləndirib. Onun sözlərinə görə, bütün dövrlərdə belə olub: uğursuzluq və səriştəsizliklərini gizlətməyə çalışanlar həmişə ölkədaxili düşmənə ehtiyac duyublar: "Paşinyanın xalqa "yedirtmək” istədiyi "Ermənistanın 30 illik siyasi kursuinkişaf hədəfləri” yalandan başqa bir şey deyil. Populist vədlər və şüarlar hesabına ölkə əhalisini 5 milyona çatdırıb onların aylıq məvaciblərini 7 dəfə artırmaq mümkün deyil. Belə görünür ki, Paşinyanın əlindəki "sehrli çubuq” artıq kəsərdən düşməkdədir. Armen Aşotyan deyib ki, aprelin 5-də keçiriləcək referendumda təmsil olunduğum partiya iştirak etməyəcək.

Bu gün Ermənistanda sosial-iqtisadi sahədə çöküş getdikcə sürətlənməkdədir. Yerli media otel sənayesi və qida xidməti sektorunun da çökdüyünü etiraf edib. Vurğulanır ki, bir müddət əvvəl Ermənistanda ilin "yüksək” iqtisadi göstəricilərlə başladığını xalqa "müjdələyən” Paşinyan belə görünür ki, əslində, ili ciddi iqtisadi böhranfors-major hallarla başlamış oldu. Yazılır ki, bu gün Ermənistan hakimiyyəti dünya ölkələrinin təcrübəsinə istinad edərək qlobal iqtisadi problemlərin iqtisadiyyatlarına mənfi təsirini minimuma endirmək üçün fövqəladə vəziyyətdə işləməlidir. Yəni heç olmasa, özünü iqtisadi zərbələrdən qorumağa çalışmağa imkan verən böhran əleyhinə tədbirlər planı hazırlanmalıdır. Budan əlavə, hökumət büdcə xərclərində ehtiyatlı olmalıdır. Görünür, Paşinyan böhranı hələ də qavramamaqda çətinlik çəkməkdədir. Bununla belə, böhranın baş nazir tərəfindən fərq edilməməsi inandırıcı görünmür. Amma o, resurssuz bir ölkənin rəhbəri kimi buna qarşı hansı vasitələrdən yararlanmaqda acizdir.

Bütün bunlar Paşinyanı perspektivdə heç də asan günlər gözləmədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 14 mart.- S.1;7.