Moskvada MDB İqtisadi Şurasının 85-ci iclası keçirilib
Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 85-ci iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanı iclasda Baş Nazirin
birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı
səfiri Polad Bülbüloğlu təmsil ediblər.
İclasın
gündəliyinə MDB-yə üzv dövlətlərin
iqtisadi əməkdaşlıq sahələrini əhatə edən
məsələlər daxil edilib.
İclası
İqtisadi Şuranın sədri, Özbəkistan
Respublikasının Baş Nazirinin müavini - İqtisadiyyat və
Sənaye naziri Cəmşid Kuçkarov aparıb.
Tərəflər
iclasda Özbəkistanın 2030-cu ilədək olan dövrdə
MDB-nin iqtisadi inkişaf Strategiyası layihəsinə MDB
Hökumət Başçıları Şurasının
növbəti iclasında baxılması təşəbbüsünü
dəstəkləyiblər.
Şura
üzvləri 2030-cu ilədək olan dövrdə nəqliyyat
sahəsində əməkdaşlığın prioritet
istiqamətləri layihəsini bəyənib, həmçinin
2020-2023-cü illər üçün
razılaşdırılmış sosial və demoqrafiya siyasəti
Konsepsiyasının icrası üzrə Tədbirlər
Planını qəbul ediblər.
Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 2021-ci il MDB-də Memarlıq və Şəhərsalma İli elan edilib. İclas iştirakçıları tərəfindən qəbul edilən Tədbirlər Planına müvafiq olaraq, 2021-ci il ərzində memarlıq və şəhərsalma mövzusunda forum və müsabiqələr, sərgilər, tematik elmi-praktik konfranslar, "dəyirmi masa”lar və seminarlar keçirilməsi nəzərdə tutulur.
MDB-nin iştirakçı dövlətlərinin bitkilərin karantini sahəsində kadrların təkmilləşdirilməsi və yenidənhazırlanması üzrə baza təşkilatı haqqında Əsasnaməyə dəyişikliklər bəyənilib. Bundan əlavə, MDB İqtisadi Şurasının üzvlərinə müxtəlif informasiya-analitik və sorğu materialları təqdim edilib.
MDB İqtisadi Şurasının növbəti, 86-cı iclası iyunun 19-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində milli pavilyonlardan birində təşkil olunacaq.
MDB İqtisadi
Şurasının iclası başa
çatdıqdan sonra nümayəndə
heyətləri "MDB+dünya” Beynəlxalq
İqtisadi Forumunun
işində iştirak ediblər.
Azərbaycan.-2020.- 14 mart.- S.2.