Cenevrədə Azərbaycan
Respublikası və Dünya Səhiyyə
Təşkilatı arasında Donor Sazişi imzalanıb
Martın 13-də Dünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında "Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (DST) arasında Donor Sazişi” imzalanıb.
AZƏRTAC xəbər verir ki,
sözügedən donor sazişi dünyada koronavirus
epidemiyasının yayılması riskinin
qarşısının alınması istiqamətində beynəlxalq
birliyin səylərinə töhfə məqsədilə Azərbaycan
Respublikası hökumətinin DST-yə könüllü
maliyyə yardımının ayrılması barədə
2020-ci il 6 mart tarixli qərarına əsasən imzalanıb.
Azərbaycan Respublikasının Cenevrədəki
BMT Bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və
DST-nin baş direktoru Tedros Adhanom Qebreyesusu tərəfindən
imzalanmış donor sazişi Azərbaycan Respublikası
hökuməti tərəfindən DST-nin "Strateji Hazırlıq
və Cavab Planı” çərçivəsində
"COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində
könüllü maliyyə yardımının
ayrılmasını nəzərdə tutur.
Sənədin imzalanma mərasimi zamanı DST-nin baş direktoru Azərbaycan hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımi ehtiyat tədbirlərinin DST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. DST-nin baş direktoru Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, DST adından Azərbaycan hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib. DST-nin baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin DST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.
Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən DST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan hökumətinin müraciəti əsasında DST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.
Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVID-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVID-19 virusu ilə bağlı DST-nin tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.
Dünya
Səhiyyə Təşkilatı Azərbaycan
Respublikasının səhiyyə sahəsində əməkdaşlıq
etdiyi əsas beynəlxalq qurumdur.
Azərbaycan Respublikasının DST ilə əməkdaşlığı
təşkilatın baş qərargahı
və Kopenhagen şəhərindəki DST-nin Avropa üzrə Regional Ofisi vasitəsilə
həyata keçirilir. Eyni
zamanda, DST-nin ölkəmizdə
ofisi mövcuddur.
Azərbaycan.-2020.-
14 mart.- S.4.