Koronavirusa qarşı mübarizə tədbirləri genişlənir

 

Dünya Səhiyyə Təşkilatı: "Azərbaycan hökuməti problemin həllində qlobal səylərə töhfə verir”

 

 

 

 

Çinin Uhan şəhərindən başlayıb, üç ay ərzində bütün dünyaya "ayaq açan” yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğu elan edildi. Bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə təşkil edilən brifinqdə bildirdi.

 

"Önümüzdəki günlərdə və həftələrdə yoluxma hallarının, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik... COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik”, - deyə təşkilat rəhbəri qeyd edib.

 

Vurğulayaq ki, pandemiya insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu söz hərfi olaraq yunanca "bütün xalq” mənasını verir. Pandemiya yoluxucu xəstəliyin bütün ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və DST bu səbəbdən pandemiya elan edib.

 

DST-nin martın 13-nə olan statistikasına əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb. Ümumi yoluxanların sayı 134768, yeni yoluxanların sayı 102 nəfərdir. İndiyədək xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.

 

 

 

Koronavirusla bağlı dünyada son durum

 

 

 

 

Virusun "vətən”i sayılan Çində ötən gün ərzində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ölkədə daha 1318 insan sağalıb və xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların ümumi sayı 80813 nəfər təşkil edir. Ölkənin 64111 sakini yeni virusdan sağalıb, 3176 nəfər ölüb.

 

İranda ötən sutka ərzində 1075 nəfər yeni koronavirusa yoluxub. Ümumilikdə İranda bu virusa yoluxanların sayı 10075 nəfərə çatıb. Ötən sutka ərzində 85 nəfər virusun qurbanı olub. Beləcə, koronavirusdan ölənlərin sayı 514 nəfərə çatıb. Bu günədək 3276 nəfər bu xəstəlikdən sağalıb.

 

Qeyd edək ki, İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri, eləcə də iki nazir koronavirus infeksiyasına yoluxub. Bunlar Turizm, Mədəni İrs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmanidir. İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Əli Əkbər Vilayəti də koronavirusa yoluxub. Ötən gün onda koronavirusun əlamətləri müşahidə olunub və karantinə alınıb. Ev şəraitində müalicə olunan Ə.Vilayəti özünü yaxşı hiss edir.

 

"Fars” agentliyinin dərc etdiyi siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvaninin də adı yer alıb. Bundan əlavə, İran parlamentinin səkkiz millət vəkilinin də adları siyahıda dərc olunub. Onlardan ikisi - Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani xəstəlikdən ölüb.

 

İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib. İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Anjelo Borrelli deyib ki, ölkədə 213 nəfər sağalıb, onların sayı 1258-ə çatıb. Onun sözlərinə görə, ölən və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 15 mini keçib.

 

İtaliyada koronavirusun yayılması riski səbəbindən ərzaq dükanları və apteklər istisna olmaqla bütün mağazalar bağlanır. İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkə daxilində bütün restoran və barların bağlandığını deyib. Evə yemək çatdırılması mümkündür. Bununla yanaşı ictimai nəqliyyat və bir sıra əsas xidmətlər, kənd təsərrüfatı sənayesi, o cümlədən bankların və sığorta şirkətlərinin fəaliyyəti davam edəcək. Fabriklər bütün ehtiyat tədbirlərinə riayət etmək şərti ilə açıq qalır.

 

ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma halları 1162 nəfərə çatıb, 37 nəfər bu virusun qurbanına çevrilib. Bundan əvvəl 938 nəfərin virusa yoluxduğu deyilirdi və paytaxt federal dairə Kolumbiya da daxil olmaqla, 36 ştatda yoluxma hallarının olduğu ehtimal edilirdi. Ölənlərin sayının bundan əvvəlki göstəricisi isə 29 nəfər olub. Daha çox yoluxma halları Vaşinqton (267), Nyu York (173) və Kaliforniya (152) ştatlarında qeydə alınıb. Artıq Vaşinqton və Nyu Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Gürcüstanın bütün dövlət qurumları isə koronovirusla bağlı 24 saatlıq fövqəladə iş rejiminə keçib. Ölkənin Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında vurğulayıb ki, xüsusən səhiyyə, daxili işlər, təhsil, ədliyyə, xarici işlər və maliyyə nazirlikləri fövqəladə rejimdə fəaliyyət göstərirlər.

 

Baş Nazirin sözlərinə görə, Gürcüstan Almaniya, Fransa, Avstriya və İspaniyadan gələn şəxslərin ölkəyə daxil olmasını da sərtləşdirib. Həmin ölkələrdən qayıdan bütün Gürcüstan vətəndaşları 14 günlük karantində saxlanılacaq, əcnəbi vətəndaşlar isə koronavirusa aid testin cavabı ilə bağlı arayış təqdim etməli və yaxud 14 günlük karantində qalmalı olacaqlar. Çin, Cənubi Koreya və İtaliyadan Gürcüstana gələn şəxslər üçün də məhdudiyyətlər qüvvədədir.

 

Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib. O, distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 25 yoluxma halı təsdiqlənib. Karantində 295, stasionar nəzarətdə isə 49 nəfər saxlanılır. Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradzenin köməkçisi koronavirus şübhəsi ilə karantinə alınıb. Çünki köməkçinin həyat yoldaşında koronavirusa yoluxma təsdiqlənib.

 

Fransada sutka ərzində koronavirus xəstələrinin sayı təxminən 600 nəfər artaraq 2876 nəfərə çatıb, qurbanların sayı 60-ı keçib. Son məlumatlara görə, Fransada 2876 xəstələnmə hadisəsi təsdiq edilib, 129 nəfərin vəziyyəti ağırdır. 61 nəfər həlak olub.

 

Avropanın daha iki ölkəsi - Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib. Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssisələrində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.

 

Estoniyada mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub.

 

Dünən səhər saatlarına olan məlumata əsasən, Latviyada 16, Estoniyada isə 27 koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb. Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, turizm müəssisələrinin mövsüm açılışı martın 16-dan aprelin 16-na keçirilib. Türkiyənin Ali Təhsil Şurası martın 16-dan başlayaraq ali təhsil müəssisələrində 3 həftəlik tətilin olacağını elan etməklə yanaşı, universitetlərdə bütün tədbirlərin müvəqqəti olaraq ləğvi haqqında qərar verib. 3 həftəlik tətildən sonra Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərara uyğun olaraq addım atılacaq. Ölkə miqyasında bir çox mədəni-kütləvi tədbirlər də təxirə salınıb, hətta bəzi özəl teatrlarda biletləri satılan tamaşaların nümayişi belə ləğv olunub. Türkiyə Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv olunduğunu açıqlayıb. Bir çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək tədbirlərin tarixini dəyişib.

 

Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların təsdiqlənmiş sayı 62-yə çatıb. Bundan əvvəl ölkədə 45 nəfərin virusa yoluxduğu bilinirdi.

 

Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test müsbət nəticə verib. Prezidentin mətbuat katibi Fabio Vaynqarten də analiz verib və onda da koronavirus aşkar edilib.

 

Qeyd edək ki, Braziliyanın yüksək səviyyəli nümayəndə heyəti martın 7-dən 10-dək ABŞ-da səfərdə olub, bu müddətdə Braziliya Prezidenti və komandası ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

 

Avstraliyanın Daxili İşlər naziri Piter Dattona koronavirus diaqnozu qoyulub. O, səhər yüksək hərarət və boğaz ağrısı ilə oyanıb. Müayinə nəticəsində nazirin koronavirusa yoluxduğu aşkarlanıb. Hazırda Avstraliyada koronavirus daşıyıcılarının sayı 160 nəfərdir. 3 nəfər virusdan ölüb.

 

İspaniyanın Ərazi Siyasəti və Dövlət Qulluğu naziri Karolina Darias koronavirusa yoluxub. Bundan öncə İspaniyanın Bərabərlik nazirində koronavirusun aşkarlandığı açıqlanmışdı.

 

Kanadanın Baş Naziri Castin Trüdonun xanımı koronavirusa yoluxub. Bu barədə Kanadanın hökumət başçısının mətbuat katibi Kemeron Əhmədin xəbərində deyilir. "Sofi Qrequar-Trüdo həkimlərin tövsiyələrindən sonra COVID-19 testindən keçdi. Nəticələr müsbət oldu”, - o deyib. Əhmədin sözlərinə görə, Baş Nazirin həyat yoldaşı ətrafdan təcrid ediləcək.

 

Qeyd edilir ki, Baş Nazir Trüdo özünü yaxşı hiss edir və onda koronavirus əlaməti yoxdur. Amma onun xanımı 14 gün ərzində ev karantinində olacaq.

 

Belçikada koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb. Ölkədə üç nəfər infeksiyanın qurbanı olub. Belçikanın Baş Naziri Sofi Vilmes bildirib ki, cümə günü gecə yarısından şənbə gününə kimi ölkədə ümumi karantin tətbiq ediləcək. İctimai iaşə müəssisələri, disko-klublar, təhsil müəssisələri bağlanacaq.

 

Kubada koronavirusa ilk yoluxma faktı aşkarlanıb. Martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq səfər edən İtaliyanın 3 vətəndaşının müayinəsi nəticəsində onların virus daşıyıcısı olduğu müəyyənləşib.

 

Qeyd edək ki, Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə virus aşkarlanıb. Onlardan biri ölüb. Latın Amerikasının başqa ölkələrində - Çilidə 23 nəfər, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9, Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə 8 nəfərə koronavirus diaqnozu qoyulub.

 

Dünyanın daha 3 ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb. Mərkəzi Afrikada yerləşən Qabonda 27 yaşlı ölkə vətəndaşı bu virusa yoluxub. O, bu yaxınlarda Fransadan qayıdıb. Xəstə karantinə alınıb və onun vəziyyətinin yaxşılaşdığı bildirilir.

 

Ada dövləti Trinidad və Tobaqoda da ilk koronavirusa yoluxma faktı təsdiqlənib. İnfeksiyaya yoluxan 52 yaşlı kişidir. O, bazar ertəsi İsveçrədən qayıdıb. Həmin şəxsdə ilk günlər virusun əlamətləri aşkarlanmayıb.

 

Koronavirusun ilk dəfə aşkarlandığı daha bir ölkə Qanadır. Virusa iki yerli sakin tutulub. Onlardan biri bu yaxınlarda Norveçdən, digəri isə Türkiyədən qayıdıb. Hər iki xəstə karantinə yerləşdirilib.

 

Ermənistanda koronavirusa yoluxmuş vətəndaşların sayı səkkiz nəfərə çatıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 29-dur. Ölkə ərazisində xəstələrin sayı birdən-birə 17-dən 29-a yüksəlib. Xəstələrin əksəriyyəti İtaliyadan Rumıniyaya gələn koronavirusa yoluxmuş bir şəxslə ünsiyyətdə olublar.

 

Hazırda paytaxt Buxarestdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə, 107 nəfər karantinə alınıb. Ölkə ərazisindəki bütün məktəblərdə martın 22-nə kimi tətil elan olunub.

 

 

 

 

Azərbaycanda vəziyyət nəzarət altındadır

 

 

 

 

Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

 

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

 

Operativ qərargahın martın 12-nə olan məlumatına görə, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadının ağır autoimmun xəstəliyi ilə bağlı xroniki ağırlaşmaları dərinləşib, çoxsaylı orqan çatışmazlığı inkişaf edib, bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilmişdi. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanmış, eyni zamanda, koronavirus infeksiyasına yoluxduğu müəyyənləşdirilmişdi.

 

Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

 

"Bir daha vətəndaşlarımızı Dünya Səhiyyə Təşkilatı və operativ qərargahın virusa qarşı profilaktik tədbirlər çərçivəsindəki tövsiyələrinə ciddi riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırırıq”, - deyə operativ qərargahın məlumatında bildirilir.

 

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin də müayinəsi davam etdirilir. DST-nin tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

 

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməyən və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vurub. Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

 

 

 

 

Azərbaycan həkimlər üçün qoruyucu vasitələr alacaq

 

 

 

 

DST ekspertlərindən ibarət qrup hazırda Azərbaycandadır, "COVID-19”-a cavab planı və 3-6 aylıq milli hazırlığı inkişaf etdirmək üçün milli cavab (reaksiya) komitəsi ilə işləyir.

 

DST-nin Avropa üzrə Regional Ofisinin məlumatında bildirilir ki, 6 nəfərdən ibarət qrup aşağıda qeyd olunanlarla yanaşı, müxtəlif tədbirlərin görülməsində Azərbaycan hökumətinə yardım edir:

 

- cavab planlaşdırması;

 

- zəruri səhiyyə xidmətləri və biznesin davamlılığı;

 

- keyslərin araşdırılmasından tutmuş milli sınaq laboratoriyalarına qədər nəzarət strategiyası;

 

- xəstəxana hazırlığı və halların klinik idarə olunması;

 

- evdə və milli sərhədlərdə infeksiyanın qarşısının alınması profilaktikası və nəzarət;

 

- zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqlarla təmin etmək;

 

- məlumatları paylaşmaq, icmalar və təsiretmə gücü olanlarla əlaqə yaratmaq və şayiələri idarə etmək üçün risk ünsiyyət strategiyasını hazırlamaq;

 

- ağır nəticələri minimuma endirmək üçün səyahət və ticarətlə bağlı tövsiyə olunan tədbirlər barədə məlumatlandırmaq;

 

- beynəlxalq tərəfdaşlıq çərçivəsində gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək.

 

5 günlük missiya çərçivəsində komanda 9-13 mart tarixində Səhiyyə Nazirliyi və TƏBİB-lə işləyir, milli və regional xəstəxanalara, Qida Təhlükəsizliyi Agentliyi laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd-keçid nöqtələrinə baş çəkir. Missiyaya DST-nin Azərbaycandakı nümayəndəliyi dəstək verir.

 

Qeyd olunub ki, Azərbaycan DST ilə səmərəli əməkdaşlıq edir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir. İlk dəstlər fevral ayında paylanıb, ikinci dəst isə hazırda göndərilməkdədir. Ölkə həm "COVID-19” virusuna yoluxmaqda şübhəli və virusa yoluxduğu təsdiqlənmiş xəstələrə qayğı göstərən tibb işçiləri, həm də şübhəli halları yoxlayan laboratoriya heyəti üçün lazım olan fərdi qoruyucu vasitələr alacaq.

 

Məlumatda deyilir ki, Azərbaycan hökuməti qonşu ölkələrlə koordinasiyalı şəkildə "COVID-19” problemini həll etmək üçün qlobal səylərə töhfə verir və DST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Bu plan DST də daxil olmaqla beynəlxalq səhiyyə təşkilatları tərəfindən ehtiyac duyulan fəaliyyət və resursları, 2020-ci ilin aprel ayına qədər "COVID-19”-a hazırlaşmaq və ona cavab vermək üçün ölkələrə dəstək məqsədilə prioritet ictimai səhiyyə tədbirlərini həyata keçirməyi əhatə edir. Həmçinin bu plan beynəlxalq koordinasiya və əməliyyat dəstəyini, ölkələrin hazırlığı və cavab əməliyyatlarının miqyasını genişləndirməyi, prioritet tədqiqat və innovasiya işlərini sürətləndirməyi nəzərdə tutur.

 

 

 

 

Vizaların rəsmiləşdirilməsi dayandırılır

 

 

 

 

Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, koronavirus infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan olunur. Müvafiq dövlət orqanları qadağanın icrasına ciddi nəzarət edəcəklər.

 

DST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə "ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır. Ölkəmizə səfər etmək istəyən xarici vətəndaşların viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur.

 

Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcək.

 

DST-nin təqdim etdiyi siyahıya əsasən, xüsusilə koronavirusun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVID-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil ediləcək.

 

Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin əcnəbi vətəndaşlar "COVID-19” testindən keçirilə bilər.

 

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniya və digər risk qrupu ölkələrdən qayıdan Azərbaycan Respublikası vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejimində saxlanılacaqlar. Bütün vətəndaşlardan COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.

 

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında qeydiyyata düşmələri və olduqları ölkələrin COVID-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş edilir.

 

Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

 

 

 

 

Rus bölməsinin şagirdləri üçün də videodərslər keçiriləcək

 

 

 

 

Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirləri yüksək səviyyədə davam etdirir. Bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımdan tədbirlər həyata keçirilir, DST-nin tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır. Yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir. Bütün bağça, orta məktəb və ali təhsil müəssisələrində, hər növ ictimai nəqliyyatda, dövlət və özəl müəssisələrdə dezinfeksiya işləri aparılır.

 

Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 20-dək tədris, təlim-tərbiyə prosesi dayandırılıb və tədbirlər təxirə salınıb. Təhsil Nazirliyi bu müddət ərzində şagirdlərin dərs proqramından geri qalmaması üçün videodərslərin keçirilməsinə başlayıb. Belə ki, martın 11-dən etibarən Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilib. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayıb, fasilələrlə saat 16:00-dək davam edir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Belə ki, ibtidai sinif şagirdləri üçün "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir. Dərslər martın 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, "Dərs vaxtı” verilişinə olan maraq kifayət qədər yüksəkdir. Martın 11-i videodərslərin keçirildiyi ilk gün olsa da, dərsləri izləyənlərin sayı çox olub: "Videodərslər "Mədəniyyət” kanalının "Facebook” səhifəsində də yerləşdirilir. İki gün əvvəl həmin səhifədəki abunəçilərin sayı 2000 olduğu halda, indi 13 mini ötüb. Bunlar videodərslərə olan marağın göstəricisidir. Biz bu dərslərin maraqlı və keyfiyyətli olması üçün səylərimizi əsirgəmirik”.

 

Təhsil Nazirliyi gələn həftədən ümumtəhsil müəssisələrində rus bölməsinin şagirdləri üçün də videodərslərin keçirilməsinə başlayacaq. C.Valehov rus bölməsi üzrə videodərslərin "Mədəniyyət” kanalında Azərbaycan bölməsi üçün ayrılan dərs vaxtından kənar təqdim ediləcəyini əlavə edib.

 

 

 

 

Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı

 

 

 

 

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrinin rəhbərlərinə təlimat məktubu imzalayıb.

 

Təlimat məktubunda qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək. Başqa sözlə, tədris ilinin müddəti 15 gün artırılacaq.

 

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib. Məktubda imtahan sessiyasının 15 iyun - 13 iyul tarixlərində keçirilməsi qərara alınıb.

 

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin ("Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməyəcək, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonunadək aparılacaq. "Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-nə qədər davam etdiyinə görə) iyunun 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-dək aparılacaq.

 

 

 

 

Milli Kitabxana qapılarını bağladı

 

 

 

 

Koronavirus təhlükəsinə görə, paytaxtda və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib. Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri də epidemiya təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

 

Azərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb. Kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək. Lakin Milli Kitabxananın onlayn xidmətlərindən istifadə etmək mümkün olacaq.

 

"Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər”, - deyə Milli Kitabxananın məlumatında bildirilir.

 

 

 

 

AMEA-da koronavirusla bağlı tədbirlər

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb.

 

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub. Sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq mütəxəssisləri tərəfindən koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc etdirilməsi də sərəncamda əksini tapıb.

 

Bununla yanaşı, sənəddə AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi tapşırılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə də məhdudiyyət qoyulub. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulunun dayandırılması davam edir. Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.

 

Nazirlər Kabinetinin yanında operativ qərargah mütəxəssislərlə aparılan məsləhətləşmələrdən və Dünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

 

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlar bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə çağırılır.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 14 mart.- S.5.