Cəlilabadda yaz
tarla işləri sürətlənir
Bu yaz bir az tez gəlmişdir. Alça, şaftalı, badam ağacları əvvəlki illərə nisbətən təxminən 10-15 gün erkən çiçəkləmişdir. Martın əvvəllərində yağan yağışlar çölü-düzü yamyaşıl çəmənliyə bürümüş, qarçiçəyi, novruzgülü ləçəklənmişdir. Bir sözlə, kənd-kəsəyin indi ayrı vaxtıdır. İndi həm də kəndlinin əlinin iş-gücdən ayrılmayan zamanıdır.
Taxıl qulluq sevir
Taxılçılıq Cəlilabad üçün ənənəvi sahədir. Münbit torpaq, zəhmətkeş adamların əməyi sayəsində burada həmişə yüksək məhsul yetişdirilmişdir. Tarixin müəyyən dövrlərində, məsələn, Birinci Dünya müharibəsi zamanı bu torpağın buğdası nəinki Cəlilabad, ətraf rayonların əhalisini də aclıq və səfalətdən xilas etmişdir.
Bu gün
də taxılçılıq rayonun
iqtisadiyyatında mühüm yer tutur. Keçən il burada 203 min 708 ton buğda,
15 min 871 ton arpa, 10 min 18 ton vələmir istehsal edilmişdir. Cari ilin məhsulu
üçün isə
keçən ilin payızında 63 min 400 hektarda
səpin aparılmışdır.
Bunun 54 min 500 hektarı
buğda, 4 min 600 hektarı
arpa, 4 min 300 hektarı
vələmirdir. Qışın mülayim və yağmursuz keçməsi
bitkilərin inkişafına
mənfi təsir göstərsə də,
mart ayının əvvəlində
günboyunca davam edən sızqa yağış vəziyyəti
düzəltmişdir. Torpağın humus qatına keçən
bu yağıntı bitkilərin köklərini
kifayət qədər
su ilə təmin etmişdir. Yalnız bundan sonra hər
bir fermerdə, torpaq mülkiyyətçisində
xoş əhvali-ruhiyyə,
yüksək məhsul
üçün ümid
yaranmışdır.
Cəlilabad torpaqları əsasən dəmyədir. Taxıl əkilən sahələrdən
yalnız 6 min 500 hektarı
suvarılandır. Sudan
söz düşmüşkən
qeyd edək ki, rayon ərazisində 84
subartezian quyusu mövcuddur. Yeni qazılan
12 quyuda isə işlər başa çatdırılmaq üzrədir.
Cari ildə də daha bir neçə
quyunun qazılması
nəzərdə tutulur.
Bu il taxılda
gəmiricilərin və
digər ziyanvericilərin
olmaması əkinçiləri
sevindirir. Mütəxəssislərin
dediyinə görə,
bu, keçən il ziyanvericilərə
qarşı mübarizənin
nümunəvi təşkil
edilməsi ilə bağlıdır. Yüksək məhsuldarlıq üçün
yemləmənin, mineral gübrələrin
- azotun, karbamidin əkinlərə vaxtında
verilməsi də mühüm şərtdir.
Təəssüf hissi ilə
qeyd etməliyik ki, ümumi taxıl əkinlərinin
mart ayının 15-nə kimi
yalnız 5 min 500 hektarında
bu tədbir həyata keçirilmişdir.
Səbəb fermerlərin kartına
vəsaitin vaxtında
köçürülməməsidir.
Vaxt isə keçir. Taxıl inkişaf fazasındadır.
Bundan belə gübrəsəpən
texnika sahəyə girəndə bitkiləri əzib-tökəcək, habelə
gecikən yemləmənin
də əhəmiyyəti
olmayacaq.
Kartof sahələri bol
məhsuldan xəbər
verir
Keçən il yetişdirilən kartof yaxşı pula getdi. Fermerlərin,
torpaq mülkiyyətçilərinin
qazancı əvvəlki
illərlə müqayisədə
yüksək oldu.
Bu səbəbdən cəlilabadlılar ümumilikdə
keçən ildəkindən
500 hektar çox - 5
min 200 hektarda kartof əkmişlər. Havaların mülayim
keçməsini nəzərə
alaraq kartof əkinləri əvvəlki
illərlə müqayisədə
bir ay tez - yanvar ayında aparılmışdır.
Rayon ərazisinə daxil
olan kimi yolun hər iki tərəfində cücərti alınmış
kartof sahələri diqqəti cəlb edir. Bir tərəfdə qızlar-gəlinlər torpaqdan
baş qaldırıb
yarpaq bağlayan kartof sahələrini alaqdan təmizləyir, digər tərəfdə
ata qoşulmuş xışla cərgələrin
arası yumşaldılır,
bitkilərin dibi doldurulur. Sahələrdə belə yaxşı
çıxışın olmasını kartofçuluqla
məşğul olanlar
da bu ayın
əvvəlində yağan
yağışla əlaqələndirirlər.
Arzu edirlər ki, Novruz bayramından bir neçə gün sonra və aprel ayının
ortalarında yağış
yenə yağsın.
Qalan aqrotexniki tədbirləri isə onlar vaxtında icra etməyi nəzərdə
tutublar, çünki
bu sahədə çoxillik təcrübələri
var.
Cəlilabadda il ərzində 3 dəfə
kartof əkilib-becərilir.
Sellofan örtüklər
altında yetişdirilən
məhsul may ayının
əvvəllərində yığılır
və nübar məhsul kimi ölkəmizin, habelə qonşu Rusiya Federasiyasının müxtəlif
şəhərlərinin, xüsusilə
Moskvanın bazarlarında
sahibkarları qane edən qiymətə satılır. Bundan sonra açıq
havada becərilən faraş kartof yığılır. Onun da çoxu Rusiyanın bazarlarına daşınır.
Payızlıq kartof isə az
əkilir, çünki
məhsuldarlığı nisbətən
aşağı olur və yalnız daxili bazarlarda satılır.
Üzüm bağları hələlik
çılpaq görünür
Hazırda rayonda 1401 hektar üzüm bağı vardır. Bu, sovet
dövründəkindən qat-qat azdır. Səbəb məlumdur. M.Qorbaçovun hakimiyyəti illərində
alkoqolizmlə mübarizə
pərdəsi altında
SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da üzüm bağları məhv edildi, şərab zavodları bağlandı.
Dövlət müstəqilliyinin bərpasından
sonra bu sahənin bərpa edilməsi, üzümçülükdə
əldə edilən nailiyyətlərin, onun keçmiş şöhrətinin
geri qaytarılması
üçün tədbirlər
görüldü, dövlət
proqramı qəbul edildi. Bu tədbirlər çərçivəsində Qarazəncir kəndində
müasir texnoloji avadanlıqlar quraşdırılmış
yeni şərab zavodu tikilib istifadəyə verildi.
İndi rayonda üzüm sahələri ildən-ilə
genişlənir. Fransadan
gətirilən nadir üzüm
sortları bol bar verir.
Artıq
tənəklərin budanması
və cərgələrarası
şum vaxtında və keyfiyyətlə başa çatdırılıb,
digər işlər görülüb. Bu günlər suvarma aparılır. 800 hektardan çox sahə suvarılmışdır.
Həyata keçirilən tədbirlər, bağların
mövcud vəziyyəti
deməyə əsas verir ki, cari
ildə də Cəlilabad üzümçüləri
yüksək nəticələr
əldə edəcəklər.
Çiyələk sahələri göz
oxşayır
Cəlilabad torpağı hər növ məhsul yetişdirməyə qadir
olsa da, zəhmətkeş insan, bacarıqlı mütəxəssis
amili mühüm şərtdir. Məhz bunun hesabına
rayonda çiyələk
də yetişdirilir, özü də intensiv.
Taxıl, üzüm, kartofla müqayisədə çiyələyin
əkilib-becərilməsi nisbətən
yeni sahədir. Lakin rayondakı
fermerlərin təşəbbüskarlığı
ilə çiyələk
istehsalı ildən-ilə
artır. Türkiyədən, Kanadadan və digər yerlərdən daha məhsuldar sortlar gətirilir. Şitillər adətən payızda
əkilir. Üstü sellofanla
örtülən sahələrin
məhsulu daha tez yetişir və nübar məhsul kimi baha satılır.
Az müddət ərzində bu sahədə də zəngin təcrübə
əldə edilmişdir.
Rayonda
mini soyuducular quraşdırılmışdır.
Yetişdirilən çiyələk orada lazımi temperatura salınaraq xüsusi maşınlarla xarici ölkələrə
ixrac edilir.
Hazırda rayonda 427 hektar çiyələk sahəsi
mövcuddur. Keçən il 9 min 300 ton çiyələk istehsal
olunmuş, hər hektarın məhsuldarlığı
218 sentner təşkil
etmişdir. Çiyələk sahələrinin suvarılmasında artezian
quyularından istifadə
edilir. Yazın gəlişi ilə
əlaqədar çiyələk
sahələrində də
işlər gündən-günə
artır, becərməyə
çıxan işçilərin
sayı çoxalır.
Əkində
gecikmək olmaz
Noxud, mərci, lərgə əkinləri Cəlilabad üçün ənənəvi sahədir. Hələ sovetlər birliyi zamanında ayrı-ayrı adamlar onları həyətlərində əkib-becərirdilər. Torpaqlar şəxsi mülkiyyətə verildikdən sonra rayon əhalisi bu bitkilərin də əkilib-becərilməsinə geniş yer verməyə başlamışlar. Vaxtilə az tapılan bu kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır.
Rayon üzrə cari il 3 min 50 hektarda yazlıq dənli-paxlalı bitkilər əkilmişdir ki, bunun da 2 min 800 hektarı noxud, 160 hektarı mərci və 90 hektarı lərgədir. Bir məsələni qeyd etmək lazımdır ki, həmin məhsulların istehsalı və satışı müvafiq qurumlar tərəfindən təşkil və koordinasiya olunmadığından müəyyən çətinliklər yaranır. Belə ki, bir il noxud yaxşı qiymətə satılanda növbəti il çox sayda fermer, torpaq mülkiyyətçisi noxud əkir. Bu dəfə təklif tələbdən çox olduğu üçün məhsulun qiyməti maya dəyərindən qat-qat aşağı düşür. Necə ki 2019-cu ildə sarımsaq əkənlərin başına belə bir iş gəldi. On tonlarla sarımsaq zay olub getdi, fermerlərin zəhməti və çəkdiyi xərc havaya sovruldu.
Bəli, yazın gəlişi ilə Cəlilabad kəndlisinin başını qaldırmağa macalı yoxdur. Hər kəs istəyir ki, toxumu torpağa vaxtında əksin. Bu işdə isə gecikməz olmaz. Çünki toxum torpağa vaxtında düşəndə, aqrotexniki tədbirlər vaxtında görüləndə məhsul da bol olur. Bolluq isə firavanlıq, xoş güzəran deməkdir.
Seyran CAVADOV
Azərbaycan.-2020.- 14 mart.- S.6.