İlham
Əliyevin liderliyi ilə yaranan
“Cənub qaz dəhlizi”
Bu layihənin tam başa
çatdırılması ilə Azərbaycanın qlobal enerji təhlükəsizliyində
mövqeləri daha da
güclənəcək
Azərbaycan qazının Avropa bazarlarına çıxarılacağı günə az qalır. "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsi üzrə görülən işlərin icra göstəricisi artıq 92 faizə çatıb. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi və Avropa İttifaqının dəstək verdiyi "Cənub qaz dəhlizi”nin tam gücü ilə işə salınmasından sonra respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mövqeləri daha da güclənəcək.
İdeyadan reallığa
Xatırladaq ki, hələ 9 il əvvəl, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının o zamankı sədri Xose Manuel Barrozu Bakıda rəsmi səfərdə olarkən Azərbaycanla Avropa İttifaqı arasında "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalanmışdı. Bu sənəd tərəflər arasında buna qədər aparılan danışıqların, anlaşmaların bir növ yekunu olmaqla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu.
O zaman "Cənub qaz dəhlizi”nin ərsəyə gəlməsi xəyal kimi görünə bilərdi. Xatırladaq ki, hələ 1994-cü ildə "Əsrin müqaviləsi” imzalananda da bəziləri onun gələcəyinə inana bilmirdilər. Amma Azərbaycan dövləti həmin müqavilə ilə qarşıda dayanan bütün məqsədlərinə doğru inamla irəlilədi, bütün maneələri əzmlə aşdı. Bu mənada Aİ "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasını qətiyyətlə başa çatdıran, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini əzmlə reallaşdırmaqda olan bir dövlət kimi Azərbaycanla bu müqavilənin imzalanmasının fərqindəydi. Tarixin sınaqlarından alnıaçıq çıxan Azərbaycanın qətiyyəti, tərəfdaşlığa olan sadiqliyi dəyəri milyardlarla dollarla ölçülən bu layihənin sürətlə ərsəyə gətirilməsini təmin etdi.
Lakin
unutmaq lazım deyil ki, "Cənub qaz dəhlizi”nin çəkilişi
bir çox mürəkkəb vəzifələrin yerinə
yetirilməsini tələb edirdi. Bu baxımdan dəhlizin
seqmentləri olan "Şahdəniz” qaz yatağının ikinci
mərhələdə işlənilməsi, Cənubi Trans-Anadolu təbii qaz boru kəməri -TANAP-ın çəkilməsi,
Azərbaycan və Gürcüstan ərazisi
boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi olduqca möhtəşəm tarixi nailiyyətlərdir. Qeyd
edək ki, "Cənub qaz
dəhlizi” üzrə Azərbaycan və Gürcüstanda
həyata keçirilən layihələr 2018-ci ilin mayında başa
çatdırıldı. TANAP boru kəmərinin
birinci fazası isə 2018-ci ilin iyununda istifadəyə
verildi. Türkiyəyə ilk
qaz həcmlərinin nəqli
planlaşdırıldığı kimi həmin
il iyunun 30-da
başladı. Ötən ilin
noyabrında isə Türkiyənin Ədirnə vilayətinin
İpsala qəsəbəsində TANAP Avropaya birləşdi.
Səmərəli
əməkdaşlıq formatı
"Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Bu gün ölkəmiz əməkdaşlıq mərkəzi, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün geosiyasi məkandır. Bunun nəticəsidir ki, regionu əhatə edən qlobal nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir. Mötəbər siyasi-hərbi danışıqlar üçün məkan olaraq Bakı seçilir.
Artıq altıncı dəfədir ki, toplantısı keçirilən "Cənub qaz dəhlizi” Məşvərət Şurasının yaradılmasının da təşəbbüskarı Azərbaycandır. Çünki "Cənub qaz dəhlizi” üzrə iştirakçı dövlətlərin, maraqlı tərəflərin, maliyyə institutlarının sayı artdığından görülən işlərin əlaqələndirilməsi zərurəti yaranmışdı. Buna görə Azərbaycan Prezidenti hələ 2015-ci ildə belə bir şuranın yaradılması ideyasını irəli sürdü və Avropa Komissiyası bu təşəbbüsü dəstəklədi.
Təsadüfi deyil ki, Məşvərət Şurasının iclaslarında layihəyə qoşulan ölkələrlə yanaşı, Avropa Komissiyasının da məsul rəhbər şəxsləri iştirak edirlər. Beləliklə, İlham Əliyevin təşəbbüsü sayəsində təsis edilmiş Məşvərət Şurası onun rəhbərliyi və tövsiyələri əsasında səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə "Cənub qaz dəhlizi” layihəsinin icrasına mühüm töhfələr verib.
Məşvərət Şurasının altıncı toplantısı da uğurlu əməkdaşlıq formatının yaradıldığını göstərir. Toplantıda buna toxunan Prezident İlham Əliyev deyib: "Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng "Cənub qaz dəhlizi” layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi mexanizmə çevrilmişdir”.
"Cənub qaz dəhlizi” Azərbaycanın mənafelərinə
uğurla xidmət edəcək
"Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı bir daha təsdiqlədi ki, Avropa İttifaqı və tərəfdaş ölkələr Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji layihəsinin tam gücü ilə işə salınmasına son dərəcə böyük maraqla yanaşırlar. Diqqəti çəkən başqa bir məqam toplantıda iştirak edən dövlətlərin sayının artmasıdır. Belə ki, son toplantıda "Cənub qaz dəhlizi” üzrə tərəfdaş ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri ilə yanaşı, dəhlizin ikinci fazasında layihəyə qoşulmaq niyyətində olan Balkan ölkələrinin - Monteneqro və Xorvatiyanın, o cümlədən Məşvərət Şurasının toplantılarında iştirakları ilə layihəyə maraqlarını və böyük əhəmiyyət verdiklərini nümayiş etdirən Türkmənistan, Serbiya, Rumıniya və Macarıstan hökumətləri nümayəndələri iştirak edirdilər.
Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açacaq "Cənub qaz dəhlizi”nin işə salınmasına lap az qalıb. Bu kəmər yeni alternativ marşrutdan istifadə etməklə milyonlarla insanı sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq. Həmçinin dəhliz boyunca yerləşən ölkələrdə iqtisadi inkişafa əlavə dividentlər gətirəcək. Ən əsası ilk dəfə Xəzər qazını Avropaya daşıyacaq bu dəhliz uzun bir tarixi dövr ərzində Azərbaycan dövlətinin, xalqımızın maraq və mənafelərinə uğurla xidmət edəcək.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 15 mart.- S.1-2.