Sosial izolyasiya prosesi vətəndaşlardan
yüksək məsuliyyət tələb edir
Azərbaycan dövləti əhalinin
bütün növ təhlükələrdən etibarlı
müdafiəsini təşkil etmək üçün zəruri
potensiala malikdir
Koronavirus infeksiyasının (COVID-19) dünyada geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə ölkələr əhalisinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirməyə başlayıblar.
Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal allıb. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir.
Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST-nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Hazırda Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.
Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyıb. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.
Koronavirusun
dünyada geniş yayılması ilə əlaqədar DST tərəfindən
infeksiyanın qlobal pandemiya elan olunması Azərbaycanda da əlavə
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini
zərurətə çevirib.
Bir
ay müddətində kütləvi tədbirlərin təxirə
salınması, dövlət və özəl sektora aid
qurumlar, vətəndaşlar üçün xüsusi
qaydaların elan olunması və onlara ciddi riayət edilməsi
üçün nəzarət mexanizminin
formalaşdırılması və tətbiqi qərara
alınıb.
Əməl
olunmalı qaydalar həm də milli təhlükəsizlik və
milli həmrəylik məsələsidir
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur.
Həmin qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmasını tələb edir. Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və eyni zamanda məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.
Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək vermək ilə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz töhfəsini verəcək.
Təkcə
dövlət orqanlarının səmərəli fəaliyyəti
deyil, ayrı-ayrılıqda hər bir şəxsin sosial məsuliyyətdən
irəli gələn davranışı, Nazirlər Kabineti
yanında Operativ Qərargahın bütün tövsiyə, təklif
və qərarlara qeyd-şərtsiz əməl etməsi
qarşıda duran vəzifələrin mümkün qədər
səmərəli icrasını reallaşdıracaq əsas
faktorlardan biridir.
Hər hansı xəstəliyin müalicəsi, əlbəttə, ilk növbədə həkimin müayinə və diaqnozundan çox asılıdır. Dünyanı vahimə içərisində saxlayan koronavirusun da müalicəsi, təbii ki, onun profilaktikasından başlayır. Dünya səhiyyəsinin son nailiyyətlərini nəzərə alsaq, bu virusa yoluxmanın qarşısının alınması ilə bağlı həyəcanı müqayisə etmək o qədər də asan deyil.
Koronavirusa yoluxaraq dünyasını dəyişənlərin müxtəlif yaş qruplarına aid olması ilə bağlı Çinin Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzinin yaydığı statistikaya nəzər salsaq görərik ki, bu bəladan həyatını itirənlərin 2,8 faizi kişilər, 1,7 faizi isə qadınlardır. Virusa yoluxanların 80 yaşdan yuxarı olanları - 14,8, 70-80 yaşarası - 8, 60-70 arası - 3,6, 50-60 arası - 1,3, 40-50 arası - 0,4, 30-10 arası - 0,2 faizdir. 10 yaşadək uşaqlarda isə ölüm faizi yoxdur.
Təəssüfləndirici haldır ki, dünyada koronavirusa yoluxanların sayı durmadan artmaqdadır. Bu fakt Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatda da təsdiqlənib. Antarktidadan başqa, bütün qitələrə yayılmış virusdan xilas yolları araşdırılmaqdadır.
Çinin hüdudlarından kənarda koronavirusa yoluxanların sayı müxtəlif mənbələrdə fərqli rəqəmlərlə göstərilir. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxanon Gebreyesusun bu barədə verdiyi məlumatlara görə, virus artıq 127 ölkədə yayılıb. Bu vurusa ən azı 148051 nəfər yoluxub ki, onlardan 5544-ü dünyasını dəyişib. Onlardan 144-ü yeni ölüm faktıdır. 78116 nəfər sağalıb. Onlardan 2334-ü yeni sağalanlardır. Diqqətçəkən məqam isə Çin ərazisində yoluxma sürətinin son günlər azalmağa başlamasıdır.
Koronavirusun "doğulduğu” Çində martın 13-də dünyasını dəyişənlərin sayının azalaraq cəmi 7 nəfər olduğu bildirilir. Lakin gün ərzində virusa yoluxanların sayında artım olub: 8 nəfər. Çində daha 1318 nəfər isə sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində bu bəlaya yoluxanların sayı 80813 nəfərdir. Həmin ölkənin 64111 sakini yeni virusdan sağalsa da, 3176 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bu xəstəliyə yoluxma ən aşağı göstərici hesab edilib.
Virusun sürətlə yayılması ilə bağlı Dünya Səhiyyə Təşkilatının "həyəcan təbili” çalması ilə yanaşı, bir neçə həftədən sonra müxtəlif ölkələrdə koronavirusa qarşı hazırlanan peyvəndlərin ilk nəticələrini öyrənmək mümkün olacağı da bildirilir. Bu ümidverici xəbəri şərh edərkən Dünya Səhiyyə Təşkilatının baş direktoru eyni zamanda onu da vurğulayıb ki, infeksiyanın qeydə alındığı ölkələr onun qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirməsə, koronavirusun yayılması ilə bağlı vəziyyət nəzarətdən çıxa bilər.
Operativ Qərargah əhaliyə çağırış edib
Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahda (COVID-19) virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Müşavirədə təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Bu qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Virusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
Müşavirədə qeyd edilib ki, sosial şəbəkələrdə və "WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır. Buna cavab olaraq bildirilib ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.
Restoran və kafelərdə iş rejimi axşam saat 21:00-dək davam edir və müvafiq dövlət strukturları tərəfindən həmin iaşə obyektlərinin gecə fəaliyyət göstərəcəyi barədə yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.
Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.
Koronavirus infeksiyasının (COVID-19) sürətlə yayılması heç bir dövlət tərəfindən gizlədilmir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir. Buna görə də virusun qarşısının alınması istiqamətində DST-nin tövsiyə və tələblərindən irəli gələrək Azərbaycan ərazisində də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Şayiələrə,
saxta ajiotaj yaradan informasiyalara inanmayın
Qəbul
olunmuş qərarda o da göstərilir ki, koronavirus diaqnozu ilə
xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər
barəsində cəza tədbirləri tətbiq ediləcək.
Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin
formalaşdırılması məqsədi güdən və
qəsdən bu qəbildən olan informasiyaların
yayılmasını həyata keçirən KİV, o
cümlədən sosial şəbəkə istifadəçiləri
barəsində ən ciddi tədbirlər görüləcək.
Kütləvi informasiya vasitələri, fəal sosial
şəbəkə istifadəçiləri bilməlidirlər
ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya
təhlükəsizliyi məsələsidir. Hər bir
media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar
tərəfindən qaydalara riayət olunmasını təbliğ
etməli, insanları maarifləndirməli, cəmiyyətdə
şayiə və ajiotaj yaranmasına yol verməməli,
narahatlığa səbəb olacaq məlumatlar, dezinformasiyalar
yaymaqdan çəkinməlidir.
Televiziya kanallarının üzərinə bu məsələdə
daha çox yük düşür. Onlar analitik verilişlərdə
məsələni müzakirəyə çıxarmalı,
ekspertlər tərəfindən şərhini təşkil
etməlidirlər. Saytlar məsələni
davamlı şəkildə gündəmdə saxlamalı,
müvafiq şərhlər, müsahibə və rəylər
verməlidirlər.
Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və
fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək
və müvafiq hüquqi məsuliyyət doğuracaq.
Ölkə əhalisindən və KİV-dən
bütün dünyada yaranmış hazırkı vəziyyətlə
bağlı maksimum məsuliyyətli olmaq və dövlət
tərəfindən həyata keçirilən tədbirlərə
hərtərəfli dəstək göstərmələri tələb
olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında
Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri
üçün keçirilən brifinqində o da bildirilib
ki, artıq bir sıra tədbirlər qadağan edilir. Nazirlər Kabinetinin mətbuat
xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki,
kafelərlə bağlı xüsusi təlimatlar
hazırlanacaq: "Bununla Qida Təhlükəsizliyi Agentliyi
qısa zamanda məşğul olacaq. Bu rejimin
olması o demək deyil ki, Azərbaycanda vəziyyət gərgindir.
Sadəcə qabaqlayıcı tədbirdir ki,
başqa ölkələrdəki kimi kütləvi hal
almasın. Koronavirus pandemiya elan edilsə də,
Azərbaycanda koronavirus pandemiya vəziyyətində deyil.
Bəzi saytlar ajiotaj yaradır. Buna qarşı da hüquq mühafizə
orqanları tədbirlər görəcəklər”.
Hökumət tərəfindən qoyulan qaydalara riayət
etməyən obyektlər bağlanacaq. Qadağalar
pozulduğu təqdirdə cərimələr tətbiq
olunacaq. Vəziyyətə uyğun olaraq
Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər
Ticarət Departamenti, Daxili İşlər Nazirliyi cərimələri
tətbiq edəcək.
İ.Məmmədov
onu da bildirib ki, ərzaq
çatışmazlığının yaranacağı ilə
bağlı yayılan məlumatlar yalandır: "Hazırda
ölkənin ərzaq ehtiyacı tam təmin olunub”.
Koronavirusla bağlı yaranan fövqəladə şəraitdə
yalnız dövlət tərəfindən keçirilən tədbirlər
deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin
sosial məsuliyyətdən irəli gələn
addımları, görülən işlərə dəstəyi
vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın bütün tövsiyə, təklif və
qərarları qeyd-şərtsiz icra olunmalıdır.
Dünya
koronavirusa qarşı birləşir
Hələlik
(az qala hər saat rəqəmlər dəyişilir)
Fransada koronavirusa yoluxanların sayı 3661 nəfərə,
virusdan ölənlərin sayı isə 79 nəfərə
çatıb. Bu barədə "TASS” məlumat
yayıb. Fransanın İctimai İşlər və Səhiyyə
naziri Olivye Veran "yoluxanların sayı 3661 nəfər təşkil
edir, bu, dünənki göstəricidən 800 nəfər
çoxdur”, - deyə bildirib ki, ölənlərin sayı son
gün ərzində 18 nəfər artaraq 61-dən 79-a
çatıb.
Son 24 saat ərzində Rusiyada koronavirusa yoluxanların
sayı 34-dən 45-ə çatıb. Rusiya
Federasiyasında koronavirusa yoluxmuş 45 nəfər qeydə
alınıb. Onlardan 42 nəfəri Rusiya,
2-si Çin Xalq Respublikası, biri isə İtaliya vətəndaşıdır.
İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin
sayı 3 minə yaxın artıb, ölənlərin sayı
1000 nəfəri keçib. İtaliyanın Mülki Müdafiə
Xidmətinin rəhbəri Anjelo Borrelli deyib ki, ölkədə
213 nəfər sağalıb, onların sayı 1258-ə
çatıb. Onun sözlərinə görə,
ölən və sağalanlar da daxil olmaqla, yoluxma
hallarının ümumi sayı 15 mini keçib.
ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma
halları 1162 nəfərə çatıb. 37 nəfər
bu virusun qurbanına çevrilib. Bundan əvvəl
1938 nəfərin virusa yoluxduğu deyilirdi və paytaxt federal
dairə Kolumbiya da daxil olmaqla, 36 ştatda yoluxma
hallarının olduğu ehtimal edilirdi. Ölənlərin
sayının bundan əvvəlki göstəricisi isə 29 nəfər
olub. Daha çox yoluxma halları
Vaşinqton, Nyu York və Kaliforniya ştatlarında qeydə
alınıb. Artıq Vaşinqton və
Nyu Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar
fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Gürcüstanın
bütün dövlət qurumları isə koronavirusla
bağlı 24 saatlıq fövqəladə iş rejiminə
keçib. Ölkənin Baş Naziri Giorgi
Qaxaria hökumətin iclasında vurğulayıb ki, xüsusən
səhiyyə, daxili işlər, təhsil, ədliyyə,
xarici işlər və maliyyə nazirlikləri fövqəladə
rejimdə fəaliyyət göstərirlər.
Gürcüstanın Baş Nazirinin sözlərinə
görə, Gürcüstan Almaniya, Fransa, Avstriya və
İspaniyadan gələn şəxslərin ölkəyə
daxil olmasını da sərtləşdirib. Həmin
ölkələrdən qayıdan Gürcüstan vətəndaşları
14 günlük karantində saxlanılacaq. Əcnəbi vətəndaşlar isə koronavirusa
aid testin cavabı ilə bağlı arayış təqdim
etməli, yaxud karantində qalmalı olacaqlar. Çin, Cənubi Koreya və İtaliyadan
Gürcüstana gələn şəxslər
üçün də məhdudiyyətlər qüvvədədir.
Fransada
sutka ərzində koronavirus xəstələrinin sayı təxminən
600 nəfər artaraq 2876 nəfərə çatıb,
qurbanların sayı 60-ı keçib. Son məlumatlara
görə, Fransada 2876 xəstələnmə faktı təsdiq
edilib, 129 nəfərin vəziyyəti ağırdır.
61 nəfər isə həlak olub.
Avropanın
daha iki ölkəsində fövqəladə vəziyyət
elan edilib
Latviya və Estoniyada koronavirusa görə fövqəladə
vəziyyət elan edilib. Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək
davam edəcək. Qərar martın 13-dən
qüvvəyə minib. Bütün təhsil
müəssisələrində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və
uşaq bağçalarında virusa yoluxma halı aşkar
edilib.
Estoniyada mayın 1-dək muzey, kinoteatrlar bağlanıb,
konsertlər, konfrans və idman yarışları qadağan
olunub.
Latviyada 16, Estoniyada isə 27 koronavirusa yoluxma faktı qeydə
alınıb.
Türkiyədə koronavirus
daşıyıcılarının sayı hələ ki 2 nəfərdir. Türkiyənin
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki,
turizm müəssisələrinin mövsüm
açılışı martın 16-dan aprelin 16-na
keçirilib. Türkiyənin Ali Təhsil Şurası
martın 16-dan başlayaraq ali təhsil
müəssisələrində 3 həftəlik tətilin
olacağını elan etməklə yanaşı, universitetlərdə
bütün tədbirlərin müvəqqəti olaraq ləğvi
haqqında qərar verib. Tətildən sonra
Türkiyə Səhiyyə Nazirliyinin verdiyi qərara uyğun
addımlar atılacaq. Ölkə
miqyasında bir çox mədəni-kütləvi tədbirlər
də təxirə salınıb, hətta bəzi özəl
teatrlarda biletləri satılan tamaşaların nümayişi
belə ləğv olunub. Türkiyə
Ədliyyə Nazirliyi həbsxanalarda ziyarətlərin ləğv
olunduğunu açıqlayıb. Bir
çox siyasi partiyalar da mart-aprel aylarında keçiriləcək
tədbirlərin tarixini dəyişib.
Səudiyyə Ərəbistanında yeni növ
koronavirusa yoluxanların təsdiqlənmiş sayı 62-yə
çatıb.
Bundan əvvəl ölkədə 45 nəfərin
virusa yoluxduğu bilinirdi. Avstraliyanın
Daxili İşlər naziri Piter Dattona koronavirus diaqnozu qoyulub.
Hazırda bu ölkədə koronavirus
daşıyıcılarının sayı 160 nəfərdir.
3 nəfər isə artıq
dünyasını dəyişib. İspaniyanın
Ərazi Siyasəti və Dövlət Qulluğu naziri Karolina
Darias da koronavirusa yoluxub. Bundan öncə
isə İspaniyanın Bərabərlik nazirində
koronavirusun aşkarlandığı bildirilirdi. Belçikada koronavirusa yoluxanların sayı 399 nəfərə
çatıb. Ölkədə
üç nəfər infeksiyanın qurbanı olub. Martın 9-da Kubanın paytaxtı Havanaya turist olaraq
səfər edən 3 nəfər İtaliya vətəndaşının
virus daşıyıcısı olduğu müəyyənləşib.
Latın Amerikasında yerləşən Argentinada 21 nəfərdə
virus aşkarlanıb, onlardan biri ölüb. Hələlik Çilidə
23, Ekvadorda 17, Braziliyada 52, Meksikada 8, Peruda 13, Kolumbiyada 9,
Kosta-Rikada 22, Dominikan Respublikası və Paraqvayda 5, Panamada isə
8 nəfərə koronavirus diaqnozu qoyulub.
Dünyanın daha 3 ölkəsində koronavirusa ilk
yoluxma halı qeydə alınıb. Mərkəzi Afrikada
yerləşən Qabonda 27 yaşlı ölkə vətəndaşı
bu virusa yoluxub. Onun yaxın günlərdə
Fransadan qayıtdığı, karantinə
alındığı, vəziyyətinin
yaxşılaşdığı bildirilir. Koronavirusun ilk dəfə aşkarlandığı
daha bir ölkə Qanadır. Virusa iki yerli
sakin tutulub ki, onlardan biri Norveçdən, digəri isə
Türkiyədən qayıdıb. Hər
iki xəstə karantinə yerləşdirilib.
Rumıniyada koronavirusa yoluxanların sayı 29-dur. Ölkə ərazisində
xəstələrin sayı birdən-birə 17-dən 29-a
yüksəlib. Xəstələrin əksəriyyəti
İtaliyadan gələn koronavirusa yoluxmuş bir şəxslə
ünsiyyətdə olublar. Paytaxt Buxarestdə
8 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə, 107 nəfər karantinə
alınıb. Ölkə ərazisindəki
bütün məktəblərdə martın 22-nə kimi tətil
elan olunub.
Nəhayət, Ermənistanda koronavirusa yoluxanların
sayı səkkiz nəfərdir.
"Şagirdlərin
dərs proqramından geri qalmaması üçün videodərslərin
keçirilməsinə başlanıb”
Bunu Operativ Qərargahın təşkil etdiyi mətbuat
konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri
İbrahim Məmmədov bildirib. O, deyib ki, koronavirusa yoluxan bir nəfər
dünyasını dəyişib: "Ancaq o şəxsin də
vəziyyəti digər xəstəliklərlə
bağlı ağır olub, koronavirusdan həyatını dəyişməyib.
İndiyə qədər koronavirusa yoluxan 3 nəfər
sağalıb. Karate yarışı ilə
bağlı tədbir ləğv olunub. Bakıda
keçiriləcək "Formula-1” ilə bağlı hələ
qərar yoxdur. "Formula-1” yayda
keçirilməlidir. O dövrə qədər vəziyyətdən
asılı olaraq qərar qəbul ediləcək. Məktəblər mart ayının 27-dək
dayandırılıb. Ola bilsin həmin
vaxta bir neçə gün qalmış vəziyyət dəyərləndirilsin
və sərəncam olsun. Amma bu, həmin
o zamana yaxın vaxtlarda müzakirə oluna bilər”.
Azərbaycan hökuməti virusun yayılmasının
qarşısının alınması və profilaktikası, əhalinin
sağlamlığının mühafizəsi ilə
bağlı bütün lazımi tədbirləri yüksək
səviyyədə davam etdirir. Yoluxma hallarının
qarşısının alınması məqsədilə
ölkədə dezinfeksiyaedici və digər
qabaqlayıcı tədbirlər intensivləşdirilir.
Bütün bağça, orta məktəb və ali təhsil müəssisələrində, hər
növ ictimai nəqliyyatda, dövlət və özəl
müəssisələrdə dezinfeksiya işləri
aparılır.
Gömrük-sərhəd buraxılış məntəqələrində
koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər,
lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş
rejimdə davam etdirilir.
Dövlət
Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsindən bildirilib ki,
respublikamızın bütün gömrük-sərhəd
buraxılış məntəqələrində, o cümlədən
Cənub Ərazi Baş Gömrük İdarəsinin
"Astara” və "Biləsuvar” gömrük postlarında
mütəmadi olaraq dezinfeksiya işləri həyata
keçirilir. Hər bir nəqliyyat vasitəsi
stasionar dezinfeksiya qurğusundan keçməklə rejim
zonasına daxil olur.
Ölkəmizə
gətirilən yüklər Azərbaycan Respublikasına aid
avtomobillərə boşaldılır. Tranzit
yük daşıyan nəqliyyat vasitələri isə
Dövlət Yol Polisinin müşayiəti ilə təyinat
nöqtəsinə yola salınır.
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN
Kommunal” mərkəzlərinin fəaliyyəti martın 15-dən
19-dək məhdudlaşdırılır.
Dövlət xidmətlərinin göstərilməsini təmin
etmək üçün bu dövr ərzində müraciətlər
108 "Çağrı” mərkəzi vasitəsilə qəbul
ediləcək. Vətəndaşları qəbul edəcək
mərkəzlər və səyyar xidmət göstərəcək
əməkdaşlar insan hərarətini ölçən
cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəklər.
Martın 15-dən 19-dək sənədlərinin
hazır olacağı barədə əvvəlcədən məlumat
verilən vətəndaşlar mərkəzlərə
yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Vətəndaşlara
"Elektron hökumət” portalında (https://www.e-gov.az)
mövcud olan elektron xidmətlərdən istifadə etmək
tövsiyə olunur. Vətəndaşların nəzərinə
o da çatdırılır ki, martın 20-dən 28-dək
Novruz bayramı ilə əlaqədar "ASAN xidmət” və
"ASAN Kommunal” mərkəzlərində qeyri-iş günləri
olacaq.
Nazirlər
Kabinetinin sərəncamına əsasən, yoluxma
hallarının qarşısının alınması və
ölkə ərazisində yerləşən bütün təhsil
müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və
digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə
martın
10-dan 20-dək tədris, təlim-tərbiyə prosesi
dayandırılıb və tədbirlər təxirə
salınıb.
Təhsil Nazirliyi bu müddət ərzində
şagirdlərin dərs proqramından geri qalmaması
üçün videodərslərin keçirilməsinə
başlayıb.
Azərbaycan
ilə Gürcüstan arasında dövlət sərhədi
bütün nəqliyyat vasitələri üçün 10
gün müddətinə bağlanıb
Martın 13-də Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov ilə Gürcüstanın
Baş Naziri Giorgi Qaxariya arasında telefon
danışığı olub. Nazirlər Kabinetinin mətbuat xidmətindən
verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının
təhlükəsizliyinin təmin edilməsi və
sağlamlığının qorunması məqsədilə
hökumət başçılarının
qarşılıqlı razılığına əsasən,
2020-ci il 14 mart saat 00:00-dan etibarən on
günlük müddətə Azərbaycan ilə
Gürcüstan arasında dövlət sərhədinin
bütün nəqliyyat vasitələri üçün
müvəqqəti bağlanması barədə qərar qəbul
edilib.
Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının
ölkədən çıxması, Gürcüstan ərazisindəki
Azərbaycan vətəndaşlarının öz vətəninə
gəlməsini təşkil etmək üçün zəruri
dəhliz təmin olunacaq. Eyni zamanda,
yükdaşımaların həyata keçirilməsi
üçün tranzit dəhlizi də fəaliyyət
göstərəcək: "Ölkələrlə ciddi nəzarət
altında gediş-gəliş saxlanılır. Aviareyslər məhdudlaşdırılıb, amma
bir çox ölkələrin bizdə olan vətəndaşları
ölkələrinə gedirlər, bizim vətəndaşlar
geri gəlmək istəyirlər. Ona
görə ciddi nəzarət altında gediş-gəliş
saxlanılır”.
Toy məclisləri
və yas mərasimlərinin keçirilməsinə müvəqqəti
qadağa
Azərbaycan ərazisində bütün toy məclislərinin
keçirilməsi qadağan edilib.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan verilən məlumata
görə, 14-15 mart 2020-ci il tarixlərinə əvvəlcədən
təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat
00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində
bütün toy, həmçinin (dəfn mərasimləri
istisna olmaqla) mərasim zallarında, çadırlarda və
digər qapalı məkanlarda yas məclislərinin
keçirilməsi qadağan olunur.
İctimai nəqliyyatda dezinfeksiya tədbirləri davam
etdirilir. Qısa müddətdə ictimai nəqliyyatla
bağlı təlimatlar işlənəcək ki, onlar ticarət
mərkəzlərini də əhatə edəcək. Böyük ticarət mərkəzlərində
satıcılar maska və əlcəkdə, alıcılar
bir-birindən 1 metr məsafədə olacaqlar.
Bakıda keçirilməli olan karate üzrə Avropa
çempionatı da ləğv edilib. Məlumatı
Ümumdünya Karate Federasiyası yayıb. Yarışın ləğvinə koronavirus epidemiyası
səbəb olub. Qeyd edək ki, sayca 55-ci
Avropa çempionatı martın 25-29-da keçirilməli idi.
Qaydalara əməl edib, qorunmaq lazımdır
Bütün bunlarla yanaşı, nikbinliyi artıran bir səbəb də var: tezliklə havaların istiləşəcəyi. O zaman ölkədə bu virus tapılsa belə infeksiya tədricən sönəcək. Buna qədər isə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmək vacibdir. Xüsusilə də gigiyenik qaydalara əməl edilməlidir.
Tibbi mütəxəssislərin fikrincə, profilaktik tədbirlər düzğün aparılsa, ən az itki ilə bu vəziyyətdən çıxmaq olar. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə virusun ölkəmizdə daha geniş yayılma təhlükəsinin olmadığını, bütün qabaqlayıcı tədbirlərin aparıldığını deyir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 15 mart.- S.1;5.