Müasirliklə təcrübənin
vəhdəti
Dövlət
başçısının kadr və struktur islahatları ilə daha
çevik, operativ idarəçilik
mexanizmi formalaşır
Dövlət idarəçilk sistemini daim təkmilləşdirən və bu istiqamətdə düşünülmüş addımlar atan Prezident
İlham Əliyev daha iki gənc kadra etimad göstərdi. İsmayıllı və Neftçala rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edən Prezident gənclərə ciddi tapşırıq və tövsiyələrini verməklə yanaşı, bəzi məmurlara xəbərdarlıq da etdi.
Dövlət
başçısının gənc kadrlara etimadı yüksəkdir
Son dövrlərdə idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi ölkə ictimaiyyəti tərəfindən çox müsbət qiymətləndirilir. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür.
Öncə onu vurğulayaq ki, Azərbaycanda gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılır. Prezident İlham Əliyevin hər zaman dəstək verdiyi ölkə gəncliyi isə üzərinə düşən vəzifəni uğurla reallaşdıraraq dövlət başçısının yürütdüyü müstəqil siyasətə, dövlətçiliyə mühüm töhfələr verməyə çalışır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb və gənc kadrlara etimadın artması gəncliyin stimullaşdırılması baxımından da əhəmiyyətlidir.
Prezidentin də söylədiyi kimi gənclər mütəmadi olaraq yeniliklərə can atır, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Ancaq bu o demək deyil ki, bütün strukturlarda rəhbər vəzifələrdə yalnız gənclər təmsil olunmalıdırlar.
Ölkə rəhbəri də hesab edir ki, yaşlı nəslin təcrübəsi ilə müasir gənclərin vəhdəti ölkəyə, idarəçilik sisteminə daha çox səmərə verə bilər. Yəni məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması və ya yalnız gənclərin vəzifələrə gətirilməsi deyil. Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin işdən uzaqlaşdırılmasıdır.
Azərbaycan
Prezidenti hər zaman qeyd edib ki, hazırda ölkəmizdə
çox təcrübəli, işinin öhdəsindən
yüksək səviyyədə gələn yaşlı
kadrlar var və gənc nəsil onların təcrübəsindən
bəhrələnməli, öyrənməlidir.
Prezident
yeni kadrlardan gözləntilərini, onların idarəçilikdə
daha çox hansı proseslərə üstünlük verməli
olduqlarını da açıqladı - vətəndaşlarla
bir yerdə olmaq, daim xalqın qayğıları ilə
yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı
ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi
inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu,
həmçinin rayonların inkişafı üçün
daxili və xarici investisiyaların cəlb edilməsini təmin
etmək.
Prezidentin
yeni icra məmurlarından tələbləri və gözləntiləri...
Əgər Prezidentin bu tapşırıqları layiqincə yerinə
yetirilərsə, həm dövlət, həm də ölkə
vətəndaşları onların fəaliyyətindən
razı qalacaq. Yox, əgər
bu etimad doğrulmasa, ilk növbədə
cəmiyyətdə məyusluq yaranacaq. Ona görə də yeni təyin
edilmiş icra
başçıları rayonlarda vəziyyəti
təhlil etməli, insanları narahat edən
məsələləri ciddi
araşdırmalı və onların həlli yolları ilə
bağlı təkliflər hazırlamalıdırlar.
Bu görüşdə dövlət başçısı son illər ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi formada aparılan mübarizədən də söz açaraq bildirdi ki, bu, şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək: "Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır”.
Prezident yeni çağırışların tələbinə uyğun olaraq yeni baxışlı, yeni dünyagörüşlü yanaşmaları özündə təcəssüm etdirən və əvvəlki işində bunu göstərən şəxsləri vəzifəyə təyin edir. Bu proseslər həqiqətən də cənab İlham Əliyevin siyasi əzmkarlığına dəlalət edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, islahatçı Prezidentin verdiyi qərarlar Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verəcək.
Göründüyü kimi, Prezident İlham Əliyevin kadr islahatları davam edir. Bu, ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu deyən cənab İlham Əliyev bu prosesləri belə dəyərləndirib: "İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.
Bu gün həm dünya birliyi, həm də ölkə ictimaiyyəti Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatlara şahidlik edir. Dövlət başçısının güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar ölkəmizin ötən il də yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının "Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Çünki hesabata əsasən, Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Göründüyü kimi, cənab İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı” ölkə imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 15 mart.- S.1;3.