Mavi yanacaq ehtiyatları Azərbaycanın beynəlxalq
bazarlarda iştirakını genişləndirir
Prezident İlham ƏLİYEV: "Uzunmüddətli
perspektivdə əsas gəlir mənbəyimiz qaz
olacaqdır”
Hazırda Xəzərin Azərbaycan sektorundakı bir sıra perspektiv qaz yataqlarında müxtəlif mərhələlərdə geoloji kəşfiyyat işləri aparılır.
Bəzi yataqlarda bu işlər ölkəmizlə əvvəlki neft-qaz layihələrində tərəfdaşlıq etmiş şirkətlərlə birgə, bəzilərində isə SOCAR tərəfindən müstəqil surətdə həyata keçirilir. Zəngin mavi yanacaq mənbəyi olan həmin yataqlar böyük ümidlər verir və möhkəm inam yaradır ki, gələcəkdə "Cənub qaz dəhlizi”nin ehtiyat bazası təkcə "Şahdəniz” olmayacaq. Başqa sözlə, təbii qaz ehtiyatlarımız hələ çoxdur və onlar Azərbaycana uzun illər fayda gətirəcək.
Bu ilin fevral ayında "Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən VI toplantısındakı nitqində Prezident İlham Əliyev SOCAR-ın Böyük Britaniyanın BP, Fransanın "Total”, Norveçin "Equinor” şirkətləri ilə birgə işlədiyi ayrı-ayrı zəngin qaz yataqlarının adlarını çəkmişdir.
"Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq” deyən dövlət başçısı hazırda ayrı-ayrı strukturlarda aparılan işlərdən də bəhs etmişdir.
Onların biri "Şəfəq-Asiman”
blokudur. Burada cari il yanvarın 13-də ilk kəşfiyyat
quyusunun qazılmasına
başlanıb. Quyunun 9 aya
qazılacağı planlaşdırılır.
Mütəxəssislərin fikrincə, strukturda bol qaz ehtiyatları
aşkar oluna bilər.
Bu blok Bakıdan
təqribən 125 kilometr
aralıda cənub-şərqdə
yerləşir. Onu Xəzərdə "Şahdəniz”
qaz-kondensat yatağından
60 kilometrlik, qurudakı
Səngəçal terminalından
145 kilometrlik məsafə
ayırır.
"Şəfəq-Asiman” dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun
dərinliyi 600-800 metr
arasında dəyişir.
Kollektorun dərinliyi isə
7000 metrə çatır.
Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada son illərədək heç
bir geoloji kəşfiyyat işləri
aparılmayıb. Lakin 2010-cu ilin
oktyabr ayında Bakıda SOCAR və BP arasında strukturun birgə geoloji kəşfiyyatı və
işlənməsinə dair
Hasilatın Pay Bölgüsü
Sazişi (HPBS) imzalanıb.
"Gilavar” seysmik
tədqiqat gəmisinin
mütəxəssisləri strukturda aparılan üçölçülü seysmik məlumatların əldə olunması proqramını başa çatdırıblar. Sonra həmin
məlumatların emalı
aparılıb. 2015-ci ildə məlumatların interpretasiyası yekunlaşıb
və ilk kəşfiyyat
quyusunun planlaşdırılmasına
həmin vaxtdan başlanıb.
"Şəfəq-Asiman” və digər bir blok - D230 bloku üzrə HPBS 2018-ci ildə imzalanıb. Sazişə həmin il aprelin 26-da Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə imza atılıb.
D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. Seysmik tədqiqatların suyun 100-800 metr dərinliklərində strukturun bütün ərazisini əhatə edəcəyi gözlənilir.
Digər layihələrdən - AÇG-dən və "Şahdəniz”dən fərqli olaraq adıçəkilən iki strukturda geniş tərəfdaşlar qrupu iştirak etmir. İştirak payları BP və SOCAR arasında bölünür. Bunun üstünlüyü ondadır ki, hər iki şirkət bir-birindən ən yaxşı təcrübəni əxz edir, öyrənir və istər sözügedən, istərsə də digər müqavilələri yerinə yetirərkən topladıqları təcrübədən geniş istifadə edir.
Prezident İlham Əliyev Məşvərət Şurasının toplantısında digər strukturların da böyük perspektivləri olduğunu bildirmişdir. SOCAR-ın BP ilə birgə işlədiyi "Dayazsulu Abşeron” strukturunun böyük potensiala malik olduğunu demişdir. Fransanın "Total” şirkəti ilə birgə işlənən "Abşeron”un və Norveçin "Equinor” şirkəti ilə tərəfdaşlıqda işlənən "Qarabağ”ın zəngin ehtiyatları olduğunu qeyd etmişdir. SOCAR-ın "Ümid-Babək” yatağında hazırda fəal iş apardığını bildirmişdir. Eyni zamanda "Azəri-Çıraq-Günəşli” yataqlarında "dərin qaz” adlandırılan böyük ehtiyatlar var. Onların istismarı da uzaqda deyil.
Keçən ilin sonunda Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bildirmişdir ki, uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır.
Beləliklə,
perspektiv strukturlarda olan ehtiyatların
çıxarılması Azərbaycanın beynəlxalq
bazarlarda iştirakını genişləndirəcək, ixracı
şaxələndirəcək, xalqın güzəranını
daha da yaxşılaşdıracaq və dövlətimizi
gücləndirəcək.
Flora SADIQLI
Azərbaycan.-2020.- 15 mart.- S.1;3.