Ömrü
sürgündə bitən millət cəfakeşi
XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində onun böyük xidmətləri olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri - Həmid bəy Şahtaxtinski vətəni, milləti yolunda yalnız biliyi və bacarığı ilə çalışmayıb. O, öz ömrünü Azərbaycanın dövlət müstəqilliyinə, həmvətənlərinin azadlığına, tərəqqisinə həsr edib...
Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində dünyaya gəlib. Atası Xəlil bəy babasının, əmilərinin, qardaşlarının yolu ilə gedib, hərbçi olub. Bu maarifpərvər, müasir fikirli ziyalı övladlarının təhsilinə xüsusi diqqət yetirib. Həmid bəy Şahtaxtinski ömrünün sonunadək oxuyub öyrənməyə, öyrətməyə böyük maraq göstərib.
O, öz tərcümeyi-halında beş yaşında ibtidai məktəbə getdiyini, ana dili ilə bərabər fars dilini də öyrəndiyini yazıb. İki il sonra isə beşillik rus məktəbinə daxil olub. Həmin məktəbi - Naxçıvan üçüncü dərəcəli şəhər məktəbini bitirdikdən sonra o, İrəvan Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1899-cu il iyunun 5-də seminariyanın tam kursunu bitirib. Gənc müəllim kimi İrəvan rus-tatar məktəbinə təyinat alıb. Ancaq Qafqaz Tədris Dairəsinin (Popeçitel) 1901-ci il 27 oktyabr tarixli təklifi ilə Həmid bəyə İrəvan Müəllimlər Seminariyasında türk dili (Azərbaycan) dərslərini tədris etməyə icazə verilib. 1902-ci il aprelin 9-da vəzifəyə təsdiq olunub. Təyinatla beş ildən çox İrəvan Müəllimlər Seminariyasında pedaqoji fəaliyyət göstərib.
Həmin
ilin sonları ali təhsil
almaq arzusu onu Odessaya aparıb.
Novorossiysk İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetdə azərbaycanlı tələbələrin yaratdığı
"Azərbaycan Həmyerliləri”
təşkilatının rəhbərlərindən
biri olub. 1912-ci ildə universiteti
bitirib.
1917-ci ildə baş
verən fevral inqilabından sonra Azərbaycanın vətənsevər
övladlarının siyasi
fəallığı yüksəlib. Həmid bəy
Şahtaxtinski həmin
ildən "İttihad”
partiyasının üzvü
olub. İnqilabdan sonra Tiflisdə
keçirilən Müəllimlər
Qurultayında Müvəqqəti
Zaqafqaziya Hökuməti
tərəfindən Qafqaz
Təhsil Dairəsi Komissarlığının üzvlüyünə
seçilib. 1918-ci ildə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya Hökumətinin Xalq təhsil naziri vəzifəsində çalışıb.
1918-ci ilin 28 mayı... Azərbaycanın qabaqcıl ziyalıları
Tiflis şəhərində Qafqaz canişininin əzəmətli sarayına
toplaşırlar. Milli Şuranın
iclasını keçirirlər.
Onlar vətənin, millətin taleyinə günəş
kimi şəfəq saçan bir qərara - Azərbaycanın
dövlət müstəqilliyi
barədə qərara
imza atırlar. O
möhtəşəm, tarixi
iclasın iştirakçılarından
biri də Həmid bəy Şahtaxtinski olub...
1918-ci il iyunun
6-da Fətəli xan Xoyskinin Gəncədə formalaşdırdığı ikinci Hökumət kabinetində ona da məsul vəzifə
tapşırılıb. Həmid bəy
Şahtaxtinski Xalq Maarifi və Dini Etiqad naziri
Nəsib bəy Yusifbəylinin müavini olub. 1918-ci ilin
oktyabrınadək orada
xalq müəllimlərinin
təkmilləşdirilməsi üzrə kurslara rəhbərlik edib. Bu işləri yekunlaşdırdıqdan
sonra, 1918-ci ilin noyabrında Bakıya gəlib. 1918-ci il dekabrın 26-da Xoyskinin formalaşdırdığı
üçüncü Hökumət
kabinetində də Həmid bəy Şahtaxtinski Maarif və Dini Etiqad
nazirinin müavini vəzifəsində çalışıb.
O, 1919-cu il martın
14-də Nəsib bəy
Yusifbəylinin yaratdığı
Hökumət kabinetində
Maarif və Dini Etiqad nazirliyinin
idarəedicisi kimi fəaliyyət göstərib.
Araşdırıcılar qeyd edirlər
ki, sonradan Həmid bəy Şahtaxtinskinin Baş Nazir Nəsib bəy Yusifbəyli ilə münasibətlərində
fikir ayrılığı
yaranıb. Vəzifəsindən uzaqlaşıb və yeddi ay yarım işsiz qalıb.
1919-cu il dekabrın 24-də Nəsib
bəy Yusifbəylinin
formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində
Həmid bəy Maarif və Dini Etiqad naziri
təyin edilib. 1920-ci il martın
5-də o, bu vəzifədən
istefa verib. Parlament və universitet fəaliyyətini davam etdirib. Həmid bəy 1919-cu ilin
iyulundan "İttihad”
partiyasının rəsmi
üzvü kimi Azərbaycan parlamentində
təmsil olunub. "İttihad” parlamentdə
"Müsavat”dan sonra
ikinci güclü partiya idi.
Həmid bəy Şahtaxtinski təhsilin inkişafında
misilsiz xidmətlər
göstərib. Cümhuriyyət hökumətində maarif sisteminə rəhbərlik edənlərdən
biri kimi ölkədə təhsil
müəssisələrinin milliləşdirilməsində, şəhər və kəndlərdə ana dilində məktəb və seminariyaların, Bakı Dövlət Universitetinin açılmasında
böyük əmək
sərf edib. O, Nazirlər Şurasının
qərarı ilə
1919-cu il avqustun 20-dən sentyabrın
1-dək Bakıda keçirilən
Azərbaycan müəllimlərinin
III qurultayına rəhbərlik
edib.
Bakı Dövlət Universitetində çalışdığı zaman Cümhuriyyət hökuməti Ali Pedaqoji İnstitutun yaradılması layihəsini tərtib etməyi ona həvalə edib. Həmid bəy Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu işi başa çatdırıb və Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanova təhvil verib.
1920-ci ilin aprel işğalından sonra bolşevik hökuməti onun təhsil sahəsində yüksək mütəxəssis olduğunu nəzərə alıb. Həmid bəy Bakı Dövlət Universitetində işləməyə dəvət edilib. 1923-1925-ci illərdə universitetin prorektoru olub.
Həmid bəy Şahtaxtinski 1928-ci ildə Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirib. Bakıya dönən Həmid bəy Şahtaxtinskiyə 1929-cu ildə universitetin yaradılmasının onilliyi münasibətilə professor fəxri adı verilib. 1930-cu ilin sonlarından Azərbaycan Tibb İnstitutunda çalışıb. Repressiya bəlası başının üstünü kəsdirənədək o, dərsliklərin hazırlanmasında, elmi terminlərin Azərbaycan dilinə tərcüməsində fəal iştirak edib.
Əslində, bolşevizm bəlası ondan heç zaman uzaqda olmayıb. Sovet hökuməti Həmid bəyin maarifçilik işini dərindən bildiyini nəzərə almalı olsa da, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurucularından biri və "İttihad” partiyasının üzvü olduğunu da yaddan çıxarmayıb.
Altmış yaşına çatmış Həmid bəy Şahtaxtinski 1940-cı il yanvarın 5-də Azərbaycan SSR XDİK-in əməkdaşı, Dövlət Təhlükəsizlik İdarəsinin mayoru Markaryanın təsdiq etdiyi qərara və Zaqafqaziya dairəsi hərbi prokurorunun sanksiyasına əsasən yanvarın 6-da həbs edilib. O, dəhşətli işgəncələrə məruz qalıb. Həmid bəyin işinə SSRİ XDİK yanında xüsusi müşavirə 1940-cı ilin 11 iyununda baxıb. Antisovet millətçi təşkilatda fəaliyyətinə görə islah-əmək düşərgəsində saxlanılmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Vətənindən, ailəsindən uzaqlarda, Arxangelsk vilayətindəki həbsxanada ağır şərait, verilən işgəncələr onun həyatına son qoyub. Həmid bəy Şahtaxtinski 1944-cü il fevralın 3-də sürgündə həlak olub. Repressiya qurbanlarının əksəriyyəti kimi, onun da faciəli ölümü barədə ailəsinə xəbər verilməyib. Uzun illər dörd qızı ata həsrəti, intizarı ilə yaşayıblar...
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2020.- 15 mart.- S.6.