Dövlət idarəçiliyində
səmərəliliyin artırılması ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi
istiqamətində respublikada çoxşaxəli işlər
görülməkdədir. Müasir dövrün
çağırışlarından biri kimi, dövlət orqanları və
qurumlarının fəaliyyətinin səmərəlilik
göstəriciləri əsasında qiymətləndirilməsi
sisteminin mərhələlərlə
işlənməsi və tətbiqi dövlətimizin diqqət
mərkəzindədir.
Bu baxımdan
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin
müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri
əsasında qiymətləndirilməsi üçün
zəruri sistem hazırlanmış və
qəbul edilmişdir.
Aparılan
sosial-iqtisadi islahatlar,
regionların inkişafına dövlətin göstərdiyi
qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi
inkişafın tamamilə yeni mərhələyə
qədəm qoyması məqsədilə digər əməli
tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi
sisteminin yerli icra
hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli
və ən qabaqcıl dünya təcrübəsinin
ölkəmizdə tətbiqinə
başlanılmalıdır.
Eyni zamanda,
dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində
görülən işlərin səmərəliliyinin
artırılmasına, bu sahədə daha əhatəli və çevik
mexanizmlər yaradılmasına ehtiyac
vardır.
Qeyd edilən hədəflərə
nail olunması məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin
fərman, sərəncam və
tapşırıqlarının icra vəziyyətinə
nəzarətin elektron qaydada
həyata keçirilməsi üçün
yeni informasiya sistemi yaradılsın.
2. Yerli icra hakimiyyəti
orqanlarının fəaliyyətinin səmərəliliyi
mütərəqqi dünya təcrübəsinə
uyğun əsas səmərəlilik
göstəriciləri üzrə qiymətləndirilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası
beynəlxalq məsləhətçi şirkət cəlb etməklə,
aşağıdakılar barədə təkliflərini
altı ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin:
3.1. yerli icra hakimiyyəti
orqanlarının fəaliyyətinin səmərəliliyinin
qiymətləndirilməsi mexanizminin
yaradılması və tətbiqi;
3.2. Azərbaycan
Respublikası Prezidentinin fərman, sərəncam
və tapşırıqlarının icra
vəziyyətinə nəzarətin elektron
qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət orqanları və
qurumları tərəfindən icra
intizamına əməl olunması vəziyyətini təhlil etsin və icra
intizamının pozulması halları, onlara
yol verən dövlət orqanları və
qurumları barədə Azərbaycan Respublikasının
Prezidentinə ildə iki dəfə məlumat
versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2020-ci il
Azərbaycan.-
2020.- 18 mart.- S. 2.