3 ildə 23 pillə
yüksəliş
Prezident İlham
Əliyevin mütərəqqi islahatları ilə Azərbaycan
Avropa regionunda iqtisadi azadlıq indeksini ən çox
yaxşılaşdıran ölkədir
"İqtisadi azadlıq indeksi-2018” - 186 ölkə arasında 67-ci yer;
"İqtisadi azadlıq indeksi-2019” - 186 ölkə arasında 60-cı yer;
"İqtisadi azadlıq indeksi-2020” - 186 ölkə arasında 44-cü yer.
İstənilən ölkədə iqtisadi azadlıq mövcuddursa, dövlət xarici güc və amillərdən asılı olmayaraq xalqın layiqli yaşayışını təmin edir, maddi və mənəvi ehtiyatlarını qorumağa qadir olur. Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Bu gün Azərbaycanın da adı həmin ölkələr sırasında çəkilir. ABŞ-ın "İrs Fondu”nun hazırladığı "İqtisadi azadlıq indeksi”nə görə Azərbaycanın bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlməsi deyilənlərin bariz nümunəsidir.
"İqtisadi
azadlıq indeksi”ni ən çox təkmilləşdirən
11 ölkədən biri
Öncə onu vurğulayaq ki, bu indeks artıq
25 ildir hazırlanır. 186 ölkədə mülkiyyət
hüquqlarından tutmuş maliyyə azadlığına qədər
12 azadlıq dəyərləndirilir. "İqtisadi azadlıq indeksi” 4 əsas
indikator olmaqla, 12 alt-indikatora əsasən formalaşır.
"Qanun Aliliyi”, "Dövlət payı”, "Səmərəli
tənzimləmə” və "Bazarların
açıqlığı” əsas indekslər (indikatorlar)
olmaqla ölkələrin reytinqini formalaşdırır.
Qeyd olunan
əsas indikatorlar üzrə isə müəyyənləşdirilən
əsas alt-indikatorlara mülkiyyət hüquqları, hökumət
bütövlüyü, məhkəmə effektivliyi, dövlət
xərcləri, vergi yükü, fiskal sağlamlıq, biznes
azadlığı, əmək azadlığı, pul
azadlığı, ticarət azadlığı, investisiya
azadlığı və son olaraq maliyyə azadlığı
aid olunur. Hər bir alt-indikator indeks üzrə reytinqdə bərabər
xüsusi çəkiyə malikdir.
Bu gün
Azərbaycan dünyada "İqtisadi azadlıq indeksi”ni ən
çox təkmilləşdirən 11 ölkə
sırasındadır. Son 3 ilin göstəricilərinə nəzər
yetirdikdə bunları aydın şəkildə görə
bilərik.
İki il
öncə, 2018-ci ildə Azərbaycan "İqtisadi
azadlıq indeksi”ndə bir pillə irəliləyərək
186 ölkə arasında 67-ci yerdə qərarlaşmışdı.
Həmin hesabatda bildirilirdi ki, son on il ərzində həyata
keçirilən davamlı iqtisadi islahatlar nəticəsində
Azərbaycan ümumi orta hesab üzrə regional və
dünya göstəricilərindən üstün olaraq,
Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yerdə
qərarlaşmışdı. Bundan əlavə,
sözügedən indeks üzrə Azərbaycan Fransa,
İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələr
ilə müqayisədə ön sıralarda yer tutmuşdu. Həmçinin
Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini
qabaqlamışdı.
2019-cu ildə
isə ölkəmiz 7 pillə irəliləyərək 186
ölkə arasında 60-cı, 2020-ci ildə isə daha 16
pillə irəliləyərək 44-cü yerə yükəlib.
Göründüyü kimi, son 3 ildə Azərbaycan
"İqtisadi azadlıq indeksi”ndə Avropanın inkişaf
etmiş ölkələrini geridə qoyaraq 23 pillə irəliləyib.
Bu, əlbəttə ki, ölkəmiz adına böyük
nailiyyətdir.
Reytinqdə Azərbaycan qədər
irəliləyiş edən ikinci ölkə yoxdur
Bütün
bunlar Prezident İlham Əliyevin məqsədyönlü və
köklü iqtisadi islahatlarına verilən növbəti beynəlxalq
qiymətdir. Əksər beynəlxalq reytinq agentlikləri tərəfindən
ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti
haqqında müsbət mövqe nümayiş etdirməsi təbii
ki, təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın
adının yüksəlməsini müşahidə edirik.
Azərbaycanın
iqtisadi sahədə qazandığı bu nailiyyətlər,
eləcə də ölkədə həyata keçirilən
liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ
iqtisadi sistemin formalaşdırılması istiqamətində
atılan ardıcıl və qətiyyətli addımlar
dünyanın aparıcı iqtisadi və maliyyə
institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq
səviyyəsini tədqiq edən fond və mərkəzlərin
diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Xatırladaq
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin
artırılması və beynəlxalq reytinqlərdə
ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncam
imzalayıb. Eləcə də "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bu sərəncam
və fərmanlar nəticəsində bir sıra istiqamətlər
üzrə mövcud vəziyyətin
yaxşılaşdırılması, maliyyə sabitliyi və
davamlı iqtisadi inkişafın təmin olunması, Azərbaycanın
iqtisadi mövqeyinin gücləndirilməsi ilə
mühüm nailiyyətlər əldə olunub.
"İqtisadi
azadlıq indeksi” də göstərir ki, Azərbaycan əsasən
azad ölkələrin sırasında mövqelərini daha da
möhkəmləndirir. Son illərdəki yüksəlişə
nəzər yetirsək görərik ki, "İqtisadi
azadlıq indeksi”nin tarixində ölkəmiz qədər irəliləyiş
edən ikinci ölkə yoxdur.
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru Vüsal Qasımlı da bildirdi ki, Azərbaycanın
bu irəliləyişi biznes, investisiya azadlığı və
fiskal sağlamlıq göstəricilərinə görə əldə
etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan
"İqtisadi azadlıq indeksi”nə görə Polşa,
Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölkələrini
geridə qoyub. Ölkəmiz Avropa regionunda "İqtisadi
azadlıq indeksi”ni ən çox yaxşılaşdıran
ölkə kimi qiymətləndirilib. Azərbaycanın
"İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə
təxminən bərabərdir. Bu ildən etibarən
"İrs Fondu” Azərbaycanı Asiya-Sakit Okean deyil, Avropa
ölkəsi kimi qiymətləndirib”.
Əminliklə
deyə bilərik ki, son illərdə Azərbaycanda həyata
keçirilən uğurlu siyasətin nəticəsində
inklüziv və dayanıqlı inkişafa nail olunub. Azərbaycan
ardıcıl olaraq iki dəfə 2018-ci və 2019-cu illərdə
Dünya Bankının "Doing Business” hesabatında "10 ən
islahatçı” və "20 ən islahatçı” ölkələr
sırasında qərarlaşıb. Həmçinin
"Qlobal Rəqabətlilik Hesabatı” və "İqtisadi
azadlıq indeksi” hesabatının nəticələri də
ölkəmizin uğurlarını göstərir.
Əlbəttə
ki, belə hesabatlarda, reytinqlərdə adı ən
yaxşılar sırasında çəkilən Azərbaycanın
beynəlxalq nüfuzu getdikcə artır, etibarlı tərəfdaşlarının
sayı çoxalır və ölkəyə investisiya
axını daha da sürətlənir. Bu da ölkəyə
həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 19 mart.- S. 1;
2.