Hökumət qlobal şoklara qarşı tədbirləri gücləndirir

 

Müasir dünya ağlasığmaz təlatümlər içindədir. Həm ictimai-siyasi, həm də iqtisadi proseslər gərginlik nöqtəsinə çatmışdır. Üzücü münaqişələr və uzun sürən müharibələr ölkələri ağuşuna almış, onları sivil dünyanın aqibətini həll edən proseslərdən təcrid etmişdir. Mövcud çətinliklər azmış kimi, ildırım sürəti ilə inkişaf edən yeni qlobal şoklar yaranmış və bir çox ölkə həlli müşkülə çevrilən siyasiiqtisadi problemlərin, humanitar fəlakətlərın sınaqlarından keçmək məcburiyyətində qalmışdır.

Koronavirusa yoluxanların sayı yüz minlərlə, ölənlərin sayı isə minlərlə ölçülür. Mahiyyət etibarı ilə planetar fəlakət baş vermişdir. Biz onun qarşısında hətta Avropanın inkişaf etmiş ölkələrinin belə aciz qaldığını görürük. Yalnız İtaliyada ölənlərin sayı 2 min nəfərdən çoxdur. Bunun arxasınca neft bazarında qiymətlərin "çökməsi” baş vermişdünya iqtisadiyyatı yeni böhran dalğasıyla üzləşmişdir.

Yeni təhlükələrin Azərbaycana olan təzyiqlərini azaltmaq üçün Prezident İlham Əliyev ciddi addımlar atır, müvafiq göztərişlər verir. Nazirlər Kabinetinin yenidən formalaşması, struktur islahatlarının aparılması, yeni təyinat alan yüksək çinli məmurların qarşısında ciddi tələblərin qoyulması bu istiqamətdə atılan addımlardır.

Artıq Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş və sistemli surətdə yeni çağırışlara cavab tədbirlərini reallaşdırmaqdadır. İlk olaraq koronavirusun yayılmasının qarşısının alınması istiqamətində ciddi addımlar atılır. Artıq xeyli müddətdir ki, Nazirlər Kabinetinin yanında operativ qərargah ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir.

Maarifləndirmə işləri aparılır, sərhəd-keçid məntəqələrində xüsusi qaydalar və zəruri qadağalar tətbiq edilir. Hökumətin bu məqsədlə təsdiq etdiyi Tədbirlər Planı səmərəsini çox gözlətmir. Ölkəmizdə virusa yoluxanların sayının az olması görülən tədbirlərin faydalılıq əmsalının yüksək faizini təsdiq edir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin zamanında və sürətlə reallaşdırılması məqsədilə Dünya Səhiyyə Təşkilatı ilə birgə intensiv aparılır, verilən bütün tövsiyələr dəqiqliklə icra edilir. Əldə edilən nətcələr həm də insanların dövlətə güvəncini artırır. Lakin ən əsası yenə də hər bir kəsin evində, ailəsində və işində virusun yayılmasının qarşısını almağa imkan verən gigiyenik qaydalara tam məsuliyyətlə əməl etməsinin vacibliyini anlamaqdır. Dövlət vətəndaşların sağlamlığını necə qoruyursa, hər kəs də özünü, evini, yerini qorumaqla ümumi işə öz töhfəsini verməlidir.

Hökumətin diqqət ayırdığı ikinci əsas məsələ neftin məlum səbəblərdən kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinin azaldılmasıdır. Bu işdə isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir ki, Azərbaycan hökuməti də bu tələblərin öhdəsindən uğurla gəlir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin fəaliyyəti barədə açıqlamasında belə deyir: "Xüsusilə sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcəkdir. Cari ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manatya 33,5 faiz çoxdur. Cənab Prezidentin tövsiyəsinə uyğun olaraq özəl sektor da mövcud yerlərinin saxlanılması və yeni yerlərinin açılmasında fəal olmalıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq kiçikorta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb”. Vüsal Qasımlı onu da qeyd edir ki, bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artmışdır və hökumət bu tempin saxlanılmasında maraqlıdır.

Xüsusi vurğulanmalıdır ki, dövlət başçısı iqtisadi prosesləri daim diqqət mərkəzində saxlayır, sosial məsələlərin həllində güzəştsiz mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərək ondan pensiya təminatı ilə bağlı, xüsusilə bu il yanvarın 1-dən görülmüş işlər haqqında məlumat verməsini tələb etməsi bu diqqətin nəticəsidir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 19 mart.- S. 1; 3.