Əli Hüseynli: Ölkəmizdə
həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin
heç bir əsası yoxdur
Azərbaycan
dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan
qüvvələrə, "beşinci kolon” təmsilçilərinə
vəziyyətdən istifadə edib hansısa təxribat
törətməyə imkan verməyəcək.
Bu
fikri Milli Məclis Sədrinin birinci müavini Əli
Hüseynli "Milli şura”nın bəyanatı ilə
bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.
-
Əli müəllim, qondarma "Milli şura” belə bir iddia
ilə çıxış edib ki, guya Azərbaycan hakimiyyəti
koronavirus pandemiyasının yayılmasının
qarşısının alınması məqsədilə
ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən
siyasi rəqiblərinə qarşı istifadə edir. Siz
bununla bağlı nə deyə bilərsiniz?
- Elə
"Milli şura”nın bəyanatı və bəyanatın məzmunu
bir daha onu göstərir ki, Prezident İlham Əliyev Novruz
bayramı münasibətilə Azərbaycan xalqına təbrikində
özünü radikal müxalifət adlandıran bu qrupun fəaliyyəti
ilə bağlı proqnozlarında tam haqlı olub. Azərbaycan
dövlətinin və Azərbaycan xalqının bu qlobal
pandemiyaya qarşı tamamilə səfərbər olduğu,
bütün cəmiyyətin bu həssas məsələdə
birlik nümayiş etdirdiyi bir vaxtda belə bir bəyanatın
qəbulu, belə bir davranış yalnız təxribat kimi
qiymətləndirilə bilər. Hesab edirik ki, Azərbaycan
ictimai fikri də məsələni məhz bu cür dəyərləndirir.
Əgər xatırlayırsınızsa, biz bir müddət əvvəl
bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən
qərəzli və qeyri-obyektiv bəyanatlarda bunun cücərtilərini
gördük. İndi Azərbaycandakı "beşinci kolon”
bunu icra etməkdədir.
-
"Milli şura” bir sıra şəxslərin məhz bu
dövrdə həbs olunması ilə bağlı iddialarla
çıxış edir, buna siyasi don geyindirməyə
çalışır. Bunu necə dəyərləndirirsiniz?
-
Onların səsləndirdikləri bu fikirlər təəccüb
və ikrah hissi yaradır. Bilirsiniz ki, koronavirus
epidemiyasının yayılmasının
qarşısının alınması məqsədilə
inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik
olundu. Bu dəyişikliklər haqqında bütün Azərbaycan
vətəndaşlarına vaxtında və operativ şəkildə
məlumat verilib və ictimaiyyət bu məsələlər
haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz
hazırda tamamilə fərqli bir hüquqi rejimdə
yaşayırıq. Bu dövr ərzində Azərbaycanda
karantin rejimi qaydalarını pozduqarına görə, 3 cinayət
işi üzrə 5 nəfər haqqında həbs qətimkan
tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs
edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq
edilib, 475 nəfərə isə xəbərdarlıq edilib.
Onların sırasında iddia olunan bir neçə nəfərin
olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin
fonunda çox məntiqsiz görünür. Bu baxımdan
müvafiq qurumlar tərəfindən həyata keçirilən
hüquqi tədbirlərin siyasiləşdirilməsinin
heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir
və ölkəmizdə hüququn aliliyi tam təmin olunur.
Əgər kiminsə əməllərində, fəaliyyətində
qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq
şəkildə qanun qarşısında cavab verməlidir.
Əlbəttə
ki, Azərbaycan dövləti və Azərbaycan xalqı
heç vaxt anti-Azərbaycan qüvvələrə,
"beşinci kolon” təmsilçilərinə vəziyyətdən
istifadə edib hansısa təxribat törətməyə
imkan verməyəcək. "Milli şura”nın bu bəyanatı
isə bir daha belə bir çətin dövrdə radikal
ünsürlərin Azərbaycan xalqı ilə ayrı
düşüncədə olmasından xəbər verir.
Azərbaycan.- 2020.- 29 mart-7 aprel.-
S. 10.