İlə yaxşı
başlamışıq
Pandemiya ərəfəsində
əsas makroiqtisadi göstəricilərimiz
müsbət olmuşdur
Arzuedilməz "qəfil qonaq” olan koronavirusun "hücum”a hazırlaşdığı ilin ilk rübü arxada qalmışdır. Karantinin sərt şərtlərindən sonra tədricən ayağa qalxa biləcəyimizə ümid etdiyimiz ikinci rübün bir ayını da başa vururuq, baxmayaraq ki, COVID-19-un dünya düzəninə vurduğu zərbənin fəsadlarının aradan qaldırılması üçün nəinki bir rübün iki ayının, hətta bir neçə ilin kifayət etməyəcəyini anlayırıq.
Bununla belə, yenə də bədbinliyə qatılmırıq, gümanımızı üzmürük, depressiyaya düşmürük, yəni nikbinik. Həmin nikbinliyi bizə verən isə Azərbaycanın iqtisadi cəhətdən dayanıqlı, sosial cəhətdən güvənli, maddi cəhətdən imkanlı ölkə olmasıdır, hətta o dərəcədə ki, pandemiyanın da bu cəhətlərə ciddi təsir edə bilmədiyinin şahidi oluruq. Bunu ilin demək olar bir ayı koronavirusun tüğyan etdiyi şəraitdə keçən ilk rübünün makroiqtisadi göstəriciləri də təsdiqləyir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-mart aylarında ölkə üzrə 18,3 milyard manatlıq ÜDM istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çoxdur. Hesabat dövründə qeyri-neft və qaz sektorunda əlavə dəyər 3,5 faiz artmış, neft-qaz sektorunda 2,1 faiz azalmışdır.
İlk rübdə istehsal edilmiş ÜDM-in 40,2 faizi sənaye, 10,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 19,7 faizi isə digər sahələrin payına düşmüşdür. Bu aylarda məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən əlavə dəyər isə 1840,2 manata bərabər olmuşdur.
DSK xəbər verir ki, yanvar-mart aylarında Azərbaycanda 10,6 milyard manatlıq (keçən ilin eyni dövründəkindən 0,8 faiz çox ) sənaye məhsulları istehsal edilmişdir. Yeri gəlmişkən bildirək ki, ilk rübdə sənayenin qeyri-neft və qaz sektorunda məhsul istehsalı 23 faiz artmışdır.
Bu dövrdə sənaye məhsullarının 65,5 faizi mədənçıxarma, 28,4 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 3,9 faiz azalsa da, əmtəəlik qaz hasilatı 15,3 faiz artmışdır. Artım həmçinin emal sektorunda bir çox məhsulların istehsalı üzrə (məsələn, avtomobil, qoşqu və yarımqoşquların, kompüter, elektron və optik məhsulların, metallurgiya sənayesi, eləcə də əczaçılıq məhsullarının, içkilərin, elektrik avadanlıqları və s.-nin istehsalında) qeydə alınmışdır.
DSK-nın hesabatına əsasən, ilin ilk rübündə ölkə üzrə əsas kapitala 2,9 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,5 faiz çoxdur. Bu dövrdə istifadə olunmuş vəsaitin 69 faizi məhsul istehsalı, 21 faizi xidmət, 9,9 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 58,2 faizini daxili sərmayələr təşkil edən əsas kapitala yönəldilmiş vəsaitlərin 57,5 faizi bilavasitə tikinti quraşdırma işlərinə xərclənmişdir.
Yanvar-mart aylarında ölkənin nəqliyyat, informasiya və rabitə sektorlarında da müsbət nəticələr müşahidə olunmuşdur. DSK-nın hesabatına görə, bu dövrdə ölkə üzrə 50,8 milyon ton yük, 440,6 milyon nəfər sərnişin daşınmışdır. İnformasiya və rabitə sektorunda isə 546,6 milyon manatlıq müxtəlif xidmətlər göstərilmişdir.
Pərakəndə ticarət dövriyyəsinə gəldikdə, ilk rübdə əhaliyə 9,2 milyard manatlıqdan çox məhsul satılmışdır. Bu aylarda əhali, həmçinin 2 milyard manatlıq ödənişli xidmətlərdən istifadə etmişdir. Başqa bir fakt: keçən ilin eyni dövrünə nisbətən cari ilin 3 ayında əmtəə dövriyyəsi 1,2 faiz artmışdır.
Bu artımın bir səbəbi də əhalinin gəlirlərinin çoxalması ilə bağlıdır. DSK xəbər verir ki, hesabat dövründə ölkə əhalisinin gəlirləri nominal ifadədə 6,8 faiz artaraq 13,4 milyard manata çatmışdır. Muzdla işləyənlərin orta aylıq maaşları isə yanvar-fevral aylarına olan məlumata görə, 28,4 faiz artaraq 712,3 manat olmuşdur.
Göründüyü kimi, ölkə ərazisində martın 24-dən başlamış sərt karantin tədbirlərinin iqtisadiyyata məlum təsirlərinə, eləcə də neftin dünya bazarında kəskin ucuzlaşması nəticəsində valyuta gəlirlərimizin xeyli azalmasına baxmayaraq, birinci rübün makroiqtisadi göstəriciləri əsasən müsbətdir. Amma Prezident İlham Əliyevin də bildirdiyi kimi, növbəti rüblərdə bu müsbət dinamikanı saxlamaq asan olmayacaq. Çünki bütün ölkələr kimi Azərbaycan da pandemiyanın ağır şərtlərini günü bu gün də yaşayır. İnsanların sağlamlığını qorumağa xidmət edən həmin şərtlərin zərbəsi isə ilk növbədə iqtisadiyyata dəyir. Bununla belə, vaxtında görülən tədbirlər sayəsində ölkəmizin koronavirus böhranından da minimum itki ilə çıxacağı şübhə doğurmur.
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 1 may.- S.1;5.