Qlobal pandemiyaya qarşı uğuru sosial məsuliyyətsizliklə əldən verməyək

 

Yer üzündən bu bəla tamamilə silinməyincə təhlükənin sovuşmasına sevinmək yersizdir

 

 

 

Görünməmiş bir sürətlə dünyanı bürüyən koronavirus, COVID-19 bəlası hələ də tüğyan etməkdə davam edir. Güclü ölkələri, super gücləri bir həmlədə diz çökdürən bu virus insanlara yeni qaydalar, yeni yaşam şərtləri diktə etdi. İndi insanoğlunun həyatda yeganə qayəsi bu bəladan canını qurtarıb yaşamaq və övladlarını qorumaqdır. Amma necə?

Təbii ki, virusa yoluxmamağın, ondan qorunmağın yolları da bəllidir. Yetər ki, buna əməl edilsin, qoyulan qaydalara riayət olunsun. Zamanında bu taclı bəlanı ciddiyə almayıb lazımi tədbir görməyən bir çox ölkələrin təəssüf ki, necə acı aqibətlə üzləşməsi göz qabağındadır. ABŞ, İspaniya, İtaliya, FransaAlmaniya kimi böyük dövlətlər çıxılmaz vəziyyətə düşüblər. Dünyanın nəhəng dövlətlərinin koronavirus qarşısında aciz durumu göstərir ki, getdikcə pandemiyanın miqyası daha da böyüyür.

Sərhəd qonşularımız İran və Rusiyada da vəziyyət ürəkaçan deyil və virusa yoluxmanın, bu bəlanın aldığı canların sayı getdikcə artır.

 

 

 

Ölkəmizdə virusa qarşı effektiv tədbirlər həyata keçirildi

 

 

Azərbaycanda isə hələ virusun yeni alovlandığı ilk günlərdən etibarən həyata keçirilən effektiv tədbirlər öz müsbət təsirini göstərməyə başladı. Demək olar ki, artıq ölkə daxilində virusu yox etməyin bir addımlığındayıq. Xəstəliyin erkən aşkarlanması üçün diaqnostik testlərin sayı çoxalıb və aparılan testlərin nəticəsi də göstərir ki, yoluxma halları xeyli azalıb. Sadalanan bu müsbət göstəricilərə görədir ki, Azərbaycanda tətbiq olunan karantin rejimi mərhələ-mərhələ yumşaldılma ərəfəsindədir.

Artıq aprelin 27-dən etibarən koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisində tətbiq olunmuş məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı və onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

 

 

 

Azərbaycan Prezidenti böhranı idarə etmək gücünə qadir komanda yaratdı

 

 

 

Azərbaycanda pandemiya ilə mübarizədə mühüm addımların atılması, dövlətimizin bütün imkanlarını virusun yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılmasına yönəltməsi isə birbaşa Prezident İlham Əliyevin qətiyyətli və çevik siyasəti nəticəsində əldə olundu.

Bu nailiyyətlər dünyanın diqqətindən də yayınmadı və aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin Prezident İlham Əliyevlə keçirdiyi videokonfransda səsləndirdiyi fikirlərlə bir daha təsdiqini tapdı: "Həqiqətən də koronavirus pandemiyası ildırım sürəti ilə dünyaya yayılanda biz onun şahidi olduq ki, bir sıra dövlətlər bu bəlanın qarşısında aciz qaldılar, bəzi liderlər isə qətiyyətli və düzgün qərarlar verməkdə çətinlik çəkdilər, gözləmə mövqeyində dayandılar və nəticədə misilsiz problemlərlə üzləşdilər. Azərbaycan Prezidenti isə ilk gündən reallıqları dəyərləndirməyi bacardı, gələcək təhlükələrin konturlarını dəqiq təyin etdi və böhranı idarə etmək gücünə qadir olan komanda yaratdı. Virusun gəldiyi ünvan dəqiqləşdirilən kimi qonşu dövlətlərlə birlikdə sərhədlərin bağlanmasına qərar verildi. Azərbaycan digər ölkələri qabaqlamaqla səhiyyə sisteminin hazırlanması və düzgün idarəçiliyin qurulması üçün əlavə vaxt qazandı”.

 

 

 

Təhlükənin ikinci dalğası ilə üz-üzə qalmayaq

 

 

Göründüyü kimi, pandemiyanın Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən vacib addımlar atılıb və hazırda müşahidə olunan müsbət tendensiya da məhz buna görədir.

Amma bu nailiyyətlər vətəndaşlarda virusun tamamilə məhv olması, yoluxma riskinin sıfıra enməsi hissi yaratmamalıdır. Çünki arxayınlığa qapılaraq tam qələbəyə sevinmək tezdir. Ölkəmizdə hələ də epidemioloji vəziyyət müşahidə olunur və sayıqlığı əldən vermək olmaz.

Virusoloqlar, bu sahə üzrə mütəxəssislər koronavirus pandemiyasının ikinci dalğasının labüdlüyündən də bəhs edirlər. Bütün bunlar isə COVID-19-a yoluxmanın qarşısını alan, ölüm sayını azaldan ölkələr üçünbir xəbərdarlıqdır. Ehtiyatlı olmaq, sosial izolyasiyaya, gigiyenik qaydalara əməl etmək, virusun yayıldığı ilk zamanlardakı kimi elə indi də həyati əhəmiyyət daşıyır. Nə qədər ki, koronavirusa qarşı peyvəndlər effektiv olmayıb və Yer üzündən bu bəla tamamilə çəkilməyib, təhlükənin sovuşduğunu düşünmək yersizdir.

 

 

 

Zərurət yaranarsa, xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər

 

 

Azərbaycanda karantin rejimi yumşaldılsa da, Operativ Qərargah əhalini diqqətli olmağa, ehtiyatı əldən verməməyə və qoyulan qaydalara ciddi riayət etməyə çağırır.

Qurumun məlumatında deyilir ki, elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür: "COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq”.

Həmçinin COVID-19-la bağlı hazırkı vəziyyətdə hamı şəxsi gigiyenaya, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırılır. Koronavirusla mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

 

 

 

 

Yalnız bu halda koronavirusun ölüm nəfəsini boğa bilərik...

 

 

İndi Azərbaycan vətəndaşlarının üzərinə düşən əsas vəzifə COVID-19-a qarşı əldə etdiyimiz qələbəni qoruyub saxlamaqdır. Hər birimiz şəxsi məsuliyyət nümayiş etdirərək ölkəmizin, xalqımızın gələcək taleyini bu bəladan sığortalamalıyıq.

Məlum olduğu kimi, virusun sürətlə yayılması, immuniteti zəif, yaşı 65-dən yuxarı, xüsusilə xroniki xəstəlikləri olanları yaxalaması onu daha da təhlükəli, qarşısıalınmaz edir...

Bütün bu məqamlara qarşı həssas davranmaq mütləqdir. Karantin qaydaları yumşaldılsa da, qoyulan qaydalara riayət etmək, ehtiyac olmadan küçələrə çıxmamaq və evdə qalmaq zərurətdir. Özümüzün, ailəmizin, doğmalarımızın təhlükəsizliyinə görə sosial nəzarəti gücləndirməliyik. Məsuliyyətsiz davrananlarla bağlı tədbir görülməsi üçün də aidiyyəti qurumlara məlumat verməliyik.

Yalnız bu halda koronavirusun zəhərli zəncirini qıra və ölüm nəfəsini boğa bilərik...

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 1 may.- S.1;5.