“İnsan ömrü bir nəğmədir”
Bəlkə də doğma yerlərin əsrarəngiz təbiəti olub onu sözün sehrinə salan... Xalidə Hasilova 1920-ci ilin aprelində Zaqatalada dünyaya gəlib. İlk təhsilini də elə doğma rayonunda alıb. Sonra Zaqatala Pedaqoji Texnikumunda oxuyub. Çox gənc yaşlarında əmək fəaliyyətinə başlayıb. Bir müddət Zaqatala rayonundakı Qımır kəndində müəllim işləyib. O günlərdə əlinə qələm alıb, gözünün gördüyü, ruhunun sevdiyi gözəllikləri vəsf etməyə çalışıb. Ancaq hələ ki, ədəbi yaradıcılığın incəliklərindən, dərinliklərindən xəbərsiz olub. Yazdıqları gənc bir qızın zərif duyğularının, kövrək düşüncələrinin tərcümanıydı.
O vaxtlar bədii yaradıcılığa həvəsi ilə ali təhsil almaq marağı bir-birinə tən gəlib. Onları arzularına, ümidlərinə qoşa qanad bilib. Xəyalları isə onu çox uzaqlara aparıb. 1939-cu ildə Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Qazandığı tələbə adının sevincini yaşamağa müharibə fürsət verməyib. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması Xalidə Hasilovanı Leninqraddan (indiki Sankt-Peterburq şəhəri) ayırıb. Bakıya gəlib. Təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində davam etdirib.
Ali təhsilini başa vurduqdan sonra Zaqatalaya qayıdıb. Pedaqoji fəaliyyətini davam etdirib. Gənc olsa da, xatirələrində həyatın sərt üzü, ciddi sınaqları, müharibə illərinin ağrı-acıları iz salmışdı. Bu hissləri, duyğuları, həyat hadisələrini əsərlərində təsvir edib. Beləcə, ötən əsrin qırxıncı illərində Xalidə Hasilova ədəbiyyatda öz yoluna başlayıb.
Müharibədən sonra Moskvada xarici dillər kursunda türk şöbəsinin dinləyicisi olub. 1948-ci ildə Bakıya dönüb.
"Kiçik hekayələr” adlı ilk kitabı 1950-ci ildə işıq üzü görüb. Ədəbiyyata o, uşaq yazıçısı kimi gəlib. Sonralar həm uşaqlar, həm də böyüklər üçün yazdığı maraqlı nəsr əsərləri Xalidə Hasilovanı oxuculara tanıdıb. Yazıçının müxtəlif illərdə "İlk məktub”, "Lalənin kitabı”, "İki yoldaş”, "Onun taleyi”, "Məhəbbət olmayanda”, "Çətin yollar boyunca”, "Atlas yarpaqları”, "Sular durulur”, "Ulduzlu papaq”, "Rəna evlərini axtarır”, "Dəniz çıraqları”, "Yaşıl ayna”, "Çılçıraq”, "Kaman”, "Xatirə”, "Ana fəryadı” və başqa kitabları işıq üzü görüb.
O, bədii tərcümələrlə də məşğul olub. Kiçikyaşlılar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirib. Xalidə Hasilova çox sevilən türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı hekayələri "İndiki uşaqlar möcüzədir” adlı kitabda balaca oxuculara təqdim edib. N.Nosov, N.Tixonov və başqa müəlliflərdən etdiyi tərcümələr də maraqla qarşılanıb.
Xalidə Hasilovanın yaradıcılığında jurnalistikanın özünəməxsus yeri olub. O, uzun illər mətbuat sahəsində çalışıb. Peşəkar jurnalist, bacarıqlı rəhbər kimi tanınıb. "Göyərçin” jurnalında baş redaktor, "Azərbaycan qadını” jurnalında ədəbi işçi və uzun illər baş redaktor işləyib. Hər iki mətbu orqan dövrünün ən çox oxucu auditoriyasına malik, sevilən jurnallarından olub. Redaktorluq bacarığı Xalidə Hasilovaya istedadlı qələm sahiblərinin üzə çıxarılmasında, onların oxucuların diqqətini cəlb edən məqalələrinin işıq üzü görməsinə nail olunmasında kömək edib. Özü də maraqlı, aktual mövzulu məqalələrlə mətbuatda çıxış edib.
Yazıçı, dramaturq, tərcüməçi, redaktor, ictimaiyyətçi Xalidə Hasilova istedadı, zəhmətsevərliyi, insanpərvərliyi ilə sevilib. O, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları, "Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb. "Şərəf nişanı” ordeninə layiq görülüb.
Xalidə Hasilova Azərbaycan qadınlarının həyatından bəhs edən gözəl pyeslər yazıb. Teatr rejissorları mütəmadi onun yaradıcılığına müraciət ediblər. "Bir sahilin adamları”, "Nəğməli Könül”, "Hamı doğmadır mənə” və başqa pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulub.
O, yazılarında cəmiyyətin diqqətini vacib məsələlərə yönəltməyə müvəffəq olub. Bir sıra nəzəri məqalələrin müəllifi kimi də tanınıb. Həmin məqalələrin əksəriyyətində uşaq ədəbiyyatı problemlərini işıqlandırıb. "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında”, "Gözəl duyğular”, "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, "Ədəbiyyat və tərbiyə” və digər məqalələri bu qəbildəndir.
Azərbaycan qadınlarının problemlərinə yaradıcılığında daha geniş yer verən, həm jurnalist, həm də yazıçı, dramaturq kimi qələmə aldığı bu cür əsərləri ilə Xalidə Hasilova tanımadığı, üzlərini görmədiyi, adlarını eşitmədiyi neçə-neçə qadının doğmasına çevrilib. Çünki onun əsərlərində çoxu öz həyatını, öz taleyini, çəkdiyi əziyyətləri, keçirdiyi hiss və həyəcanı görüb. Bu gün də belədir. İllər ötsə də, zaman dəyişsə də, Xalidə Hasilovanın qəhrəmanları oxucuya, tamaşaçıya çox doğmadır.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2020.- 1 may.- S.7.