Parlament Prezident İlham Əliyevin təqdimatına
razılıq verdi
Mayın 1-də Milli Məclisin növbəti plenar
iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan
Respublikası Baş prokurorunun vəzifəyə təyin
edilməsinə razılıq verilməsi haqqında məsələyə
baxıldı.
Yeni Baş prokurorun namizədliyi
müsbət qiymətləndirildi
Məsələ
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev məlumat verdi. Bildirildi ki,
Prezident İlham Əliyevin təqdimatına əsasən,
Baş prokuror vəzifəsinə Baş prokurorun müavini -
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi
Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Ədalət
Vəliyev Kamran Əliyevin bioqrafiyası, prokurorluq
orqanlarında keçdiyi xidmət yolu barədə ətraflı
məlumat verdi. Qeyd olundu ki, Kamran Əliyev
Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi,
Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə
dair işlər üzrə istintaq idarələrində
müstəntiq və böyük müstəntiq, Baş
prokurorun köməkçisi və böyük köməkçisi,
Baş Prokurorluğun Dövlət İttihamının
müdafiəsi idarəsinin rəisi vəzifələrində
işləyib.
2007-ci ildə Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2014-cü ildə
isə Azərbaycan Respublikası Baş prokurorunun müavini -
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi
təyin olunub. Onun fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə 2008-ci ildə "Azərbaycan bayrağı” ordeni,
2018-ci ildə isə 2-ci dərəcəli "Vətənə
xidmətə görə” ordeni ilə təltif edilib.
Milli Məclis
Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli dedi ki, Kamran Əliyevin Azərbaycan Respublikası
Baş prokuroru vəzifəsinə namizədliyi Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin onlayn iclasında
müzakirə edilib. Komitə üzvləri
Kamran Əliyevin namizədliyini dəstəkləyərək
müsbət rəy veriblər. Əli
Hüseynli Kamran Əliyevin Baş prokuror vəzifəsinə
namizədliyinin irəli sürülməsinin hüquq ictimaiyyəti
tərəfindən də müsbət
qarşılandığını, onun dövlətçilik
ideyalarına və milli maraqlara sadiq olduğunu diqqətə
çatdırdı.
Milli Məclisin Sədri Sahibə Qafarova əmin
olduğunu bildirdi ki, Kamran Əliyev Azərbaycan dövlətinə
ləyaqətlə xidmət edəcək. Çıxışlar
zamanı deputatlardan Vahid Əhmədov və Eldar İbrahimov
Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyini
müsbət qiymətləndirdilər.
Yekunda məsələ
səsə qoyuldu və Milli Məclis Kamran Əliyevin Azərbaycan
Respublikası Baş prokuroru vəzifəsinə təyin edilməsinə
razılığını verdi.
Kamran Əliyev namizədliyinin irəli sürülməsinə
və dəstəklənməsinə görə ölkə
rəhbərliyinə və Milli Məclisə təşəkkürünü
bildirdi. "Prezident İlham Əliyev və Mehriban
Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin
edilib. Xalqın maraqlarının
qorunmasının dövlət siyasətində prioritet
olması hazırda dünyada mövcud olan pandemiya şəraitində
özünü daha çox göstərməkdədir.
Bunlarla yanaşı, hazırda ölkəmizdə
iqtisadi və sosial inkişafı hədəfləyən
islahatlar keçirilir. Məhkəmə-hüquq
sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir.
Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin
etmək istəyirəm ki, bundan sonra da prokurorluq orqanları
dövlətimizə və xalqımıza ləyaqətlə
xidmət edəcək”, - deyə o vurğuladı.
Hesablama
Palatası hesabat verdi
Sonra iclasda Azərbaycan Respublikası Hesablama
Palatasının illik hesabatı haqqında məsələ
müzakirəyə çıxarıldı. Hesabatla
Palatanın sədri Vüqar Gülməmmədov
çıxış etdi. Qeyd olundu ki, sənəd
qanunun tələblərinə uyğun hazırlanıb.
Mütərəqqi təcrübə öyrənilib,
hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş
Strateji İnkişaf Planı ilə nəzərdə
tutulmuş məqsədlərə dair tədbirlər,
Hesablama Palatasının ötən ildəki həm nəzarət,
həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr
əks etdirilib.
Vüqar
Gülməmmədov həyata keçirilmiş nəzarət
tədbirləri, müxtəlif büdcə və hesablara bərpa
edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli
şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri,
səmərəlilik auditləri nəticəsində aşkar
olunmuş səmərəsiz xərclər və s. barədə
məlumat verdi. Qeyd olundu ki,
2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata
keçirilib. İlk dəfə olaraq 4 səmərəlilik
auditi aparılıb. Hesabatda 43 maliyyə və
uyğunluq auditinin nəticələri
icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilib.
Ötən il Hesablama Palatası 561
nöqsan müəyyən edib. Hesablama Palatasının sədri
auditlərlə yanaşı, Hesablama Palatasının analitik
və monitorinq fəaliyyətinin nəticələrini diqqətə
çatdırmaqla nəzarət tədbirlərinin əhatə
dairəsi ilə bağlı məlumat verdi.
O da
bildirildi ki, Hesablama Palatasının verdiyi rəylərdə
həm icra, həm də layihə sənədləri ciddi təhlil
edilib, mümkün risklər sadalanıb, problemlər göstərilib
və onların aradan qaldırılması məqsədilə
tövsiyələr verilib. Həmin tövsiyələrin
19-u büdcə qanunvericiliyi, 16-sı gəlirlərin
inzibatçılığı, 18-i maliyyə
inzibatçılığı və hesabatlılıqla
bağlı olub.
Hesabatla bağlı parlamentin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin rəyi dinlənildi. Rəyi diqqətə
çatdıran komitənin sədri Tahir Mirkişili
hesabatın məqbul olduğunu bildirdi.
Milli Məclisin
komitə sədrləri Sadiq Qurbanov, Zahid Oruc, Siyavuş
Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Vahid
Əhmədov, Malik Həsənov, Qüdrət Həsənquliyev,
Əli Məsimli, Sahib Alıyev, Vüqar Bayramov, Erkin Qədirli,
Razi Nurullayev, Sədaqət Vəliyeva hesabata münasibət
bildirdilər, təkliflərlə çıxış etdilər.
Qaldırılan məsələlərə
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli də
münasibət bildirdi.
Yekunda Milli Məclisin Sədri Sahibə Qafarova
hesabatın yüksək səviyyədə
hazırlandığını bildirdi. Hesabat səsə
qoyularaq nəzərə alındı.
Fasilədən
sonra öz işini davam etdirən Milli Məclisdə öncə
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz
Komissiyası arasında Dənizçilərin
hazırlanmasına, onlara diplom verilməsinə və növbə
çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq
Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına
uyğun olaraq sertifikatların (diplomların) tanınması
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
qanun layihəsi təsdiqləndi.
Deputatlar həmçinin "Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlər
arasında vergi inzibatçılığının həyata
keçirilməsi üçün elektron formada məlumat
mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə
qanun layihəsinə müsbət münasibət bildirdilər.
Cərimə
və cəza müddəti ilə bağlı yeni qaydalar təsdiqlənir
Milli Məclisin
Sədri Sahibə Qafarova bildirdi ki, gündəlikdəki 5-7-ci
məsələ (Cinayət, İnzibati Xətalar məcəllələrində,
"Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihələri) Prezident İlham Əliyevin bir məktubu
ilə parlamentə daxil olub.
Sənədlərlə
bağlı məlumat verən parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov
bildirdi ki, dəyişikliklər Prezident İlham Əliyevin cəza
siyasətinin humanistləşdirilməsi və cinayətlərin
dekriminallaşdırılması siyasəti ilə
bağlıdır.
Dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə
törədilmiş cinayətin ağırlığı və
məhkumun əmlak vəziyyəti nəzərə
alınmaqla cərimənin yeni müəyyənləşdirilməsi
qaydası əlavə edilib. Qüvvədə olan
Cinayət Məcəlləsinə əsasən, törədilmiş
cinayətin ağırlığı və məhkumun əmlak
vəziyyəti nəzərə alınmaqla, 20 min manatadək
miqdarda və ya cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) 1 mislindən 10
mislinədək miqdarda cərimə müəyyən olunub.
Təklif edilən dəyişikliyə əsasən
cərimə, törədilmiş cinayətin
ağırlığı və məhkumun əmlak vəziyyəti
nəzərə alınmaqla müəyyən olunur.
Dəyişiklikdə
cinayətlərin dekriminallaşdırılması təklif
edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən
çıxarılır, 25 cinayət əməlinə
görə məsuliyyət yaradan hədd artırılır,
3 cinayətə görə zərərçəkmiş
şəxslə barışma və ziyanın ödənilməsi
şərti ilə cinayət məsuliyyətindən azad etmə
müəyyən olunur. Eyni zamanda 30 cinayətə
görə azadlıqdan məhrum etməyə alternativ cəzalar
(cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması)
daxil edilir. 60 cinayətə görə cərimə
və ya azadlıqdan məhrumetmə cəzasının
yüngülləşdirilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə
gəlincə bildirildi ki, sənədə yeni 41-ci fəsil əlavə
edilir. Yeni fəslin 610-cu maddəsində (rəisin, yaxud hərbi
qulluq vəzifəsini yerinə yetirən digər şəxsin
şərəf və ləyaqətini alçaltma) qeyd edilib
ki, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən
digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini
yerinə yetirməsi zamanı və ya belə vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar şərəf və
ləyaqətini alçaltmaya görə 10 gündən 20
günədək müddətə inzibati həbs tətbiq
olunacaq. Sənədin yeni 611-ci maddəsində
(tabelikdə olan hərbi qulluqçunun şərəf və
ləyaqətini alçaltma) isə bildirilib ki, hərbi xidmət
üzrə vəzifələrin yerinə yetirilməsi
zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində
olan şəxsin şərəf və ləyaqətini
alçaltmaya görə on gündən iyirmi günədək
müddətə inzibati həbs tətbiq olunacaq.
"Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən
isə xarici dövlətin vətəndaşlığını
qəbul etmiş Azərbaycan vətəndaşının məlumat
verməməsinə görə cinayət məsuliyyəti ləğv
edilir. Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını
qəbul etmiş Azərbaycan vətəndaşı bir ay
müddətində bu barədə Xarici İşlər
Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə
yazılı məlumat verməlidir.
Dəyişikliklər səsverməyə
çıxarılaraq III oxunuşda qəbul edildi.
Peşə
təhsili alan əcnəbilərə də
ölkəmizdə müvəqqəti yaşamaq hüququ
veriləcək
Deputatlar üçüncü oxunuşda müzakirəyə
çıxarılan Əmək, Torpaq, Vergi, Gömrük,
Şəhərsalma və Tikinti və Miqrasiya məcəllələrində
dəyişiklik edilməsi haqqında qanun layihəsinə
müsbət münasibət bildirdilər.
Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə
əsasən, Azərbaycanda əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə ölkəmizin ərazisində
müvəqqəti yaşamaq üçün icazə
verildiyi hallar genişləndirilir. Dəyişikliyə əsasən,
peşə təhsili alan əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
də Azərbaycan ərazisində müvəqqəti
yaşamaq hüququ veriləcək.
İclasda
həmçinin "Dövlət rüsumu haqqında”,
"Dövlət satınalmaları haqqında”, Azərbaycan
Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında
xidmət haqqında Əsasnamə”də, "Nağdsız
hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihələri üçüncü
oxunuşda səsverməyə çıxarılaraq qəbul
edildi.
"Dövlət
rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif
edilən dəyişiklikdə isə peşə təhsili və
ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərdən ölkəmizdə müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə
və müddətinin uzadılmasına görə dövlət
rüsumu tutulması təklif edilib. Dəyişikliyə əsasən,
peşə təhsili və ümumi təhsili müəssisələrində
təhsil alan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
ölkədə müvəqqəti yaşamaq
üçün icazə vəsiqəsinin verilməsinə və
müddətinin uzadılmasına görə dövlət
rüsumu tutulacaq.
İclasda həmçinin "Kimyəvi silahın
hazırlanması, istehsalı, artırılması
(yığılması) və tətbiq edilməsinin
qadağan olunması və onun məhv edilməsi haqqında”
qanun layihəsi ikinci oxunuşda təsdiqləndi.
Valideyn himayəsindən
məhrum olmuş uşaqlara yaşayış sahələri
veriləcək
Gündəlikdəki
Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində,
"Uşaq hüquqları haqqında”, "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında”,
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında”, "Gənclər siyasəti
haqqında”, "Penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş şəxslərin
sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət
haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”,
"Reklam haqqında” və "Uşaqların zərərli
informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsi ikinci oxunuşda
geniş müzakirə edildi.
Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər
və idman komitəsinin sədri Adil Əliyev bildirdi ki, bu dəyişikliklərlə
yetkinlik yaşına çatmayanların idman mərc
oyunlarında iştirakı məhdudlaşdırılacaq. Eyni zamanda buna
şərait yaradacaq şəxs 500 manat məbləğində
cərimələnəcək. Mövcud
layihələr gənclərin milli mənəvi dəyərlərə
bağlı şəkildə yetişdirilməsinə şərait
yaradacaq. Çünki bu oyunlarda iştirak
edən gənclər bəzən bir ailənin faciəsinə
səbəb olur.
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında” qanuna edilən dəyişikliyə görə valideyn
himayəsindən məhrum olmuş uşaqlara
yaşayış sahələri veriləcək. Dəyişikliklə
sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə
aid olan valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara Mənzil Məcəlləsi ilə
müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi
əsasında yaşayış sahələri veriləcək.
"Reklam haqqında” qanuna edilən dəyişikliyə
əsasən isə uşaq verilişləri zamanı energetik
içkilərin reklamı qadağan edilir. Belə ki,
energetik içkilərdən istifadə olunması ilə
bağlı yetkinlik yaşına çatmayanlara müraciət
edilməsi, uşaqlar üçün proqramların
(verilişlərin) energetik içkilərin reklamı ilə
kəsilməsi qadağan olunur.
Bu ay cəzasının
az hissəsi qalan daha 300-dək şəxs
zadlığa çıxa bilər
Müzakirələrdə çıxış edən
parlamentin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov bildirdi ki, hazırda Azərbaycanda 3000-ə
yaxın qeyri-hökumət təşkilatı Ədliyyə
Nazirliyində qeydiyyatdan keçib. Bölgələrdə
isə cəmi 202 qeyri-hökumət təşkilatı var.
Komitə sədri hesab edir ki, bu təşkilatların
regionlarda sayı artırılmalıdır.
Siyavuş Novruzov çıxışı zamanı digər
bir məsələyə də toxundu. Vurğuladı
ki, Ulu Öndər Heydər Əliyevin humanist siyasəti bu
gün də davam etdirilir. Bu günə qədər 68 əfv
sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul
edilib: "Bunlar kifayət qədər insana şamil olunub. Koronavirusla əlaqədar dövlət
başçısı tərəfindən son əfv sərəncamı
da kifayət qədər insanı əhatə etdi. May
ayı ərzində cəzasının az
hissəsi qalan daha 300-dək şəxsin azadlığa
çıxması nəzərdə tutulur. Azadlığa
çıxan insanların sosial adaptasiyası problemi
mövcuddur. Bu insanların 60 faizi yenidən
həbsə qayıdır. Çünki
adaptasiya prosesində problemlər var. Bu problemi azadlığa
çıxandan sonra yox, ona qədər yerində həll etməliyik.
Elə cəzalar var ki, onların ictimai təhlükəsi
yoxdur. Belə cəzaları kənd təsərrüfatı,
inşaat və s. sahələrə yönləndirə bilərik.
Bu şəxslər həbs psixologiyası ilə
azadlığa çıxır, bir müddətdən sonra
yenə hansısa əməlinə görə həbsə
qayıdır. Avropa ölkələrinin
bu təcrübəsindən istifadə etmək
lazımdır. Məsələn, yüngül avtomobil qəzaları
və s. kimi cəzalar törətmiş şəxslərə
şamil olunan cəza tədbirlərinin müvafiq forması
tapılmalıdır. Avropa ölkələrində
bu cəzaları törədən şəxslər həftənin
5 günü işləyib evində qalır, həftə
sonunu isə həbsxanada keçirir”.
Dövlət
dili normalarının pozulmasına görə cərimələr
müəyyən edilir
İclasda
həmçinin "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında”, "Kütləvi
informasiya vasitələri haqqında”, "Televiziya və radio
yayımı haqqında”, "Azərbaycan Respublikasında
dövlət dili haqqında” və "İctimai televiziya və
radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə
çıxarıldı.
Parlamentin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc dəyişikliklə bağlı məlumat verərək
bildirdi ki, "Kütləvi informasiya vasitələri
haqqında” qanuna edilən dəyişikliyə əsasən,
Azərbaycanda dövlət dili normalarının pozulmasına
görə cərimələr müəyyən edilir. Yəni
kütləvi informasiya vasitələrində dövlət
dili normalarına riayət edilməlidir.
İnzibati
Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə
əsasən isə kütləvi informasiya vasitələrində,
internet informasiya resurslarında və reklam
daşıyıcılarında dövlət dili
normalarının pozulmasına görə fiziki şəxslər
100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300
manatdan 400 yüz manatadək, hüquqi şəxslər 500
manatdan 1000 manatadək məbləğində cərimə
ediləcəklər. Müzakirələrdən
sonra dəyişiklik səsə qoyularaq qəbul edildi.
Deputatlar
həmçinin "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” və "Azərbaycan Respublikasında
dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə sənədlərə də ikinci oxunuşda
müsbət münasibət bildirdilər.
Dövlət
sahibkara güzəştlər edir
Gündəliyin son 5 məsələsi birinci oxunuşda
müzakirəyə çıxarılan sənədlər
idi. "Sosial sığorta haqqında” və Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanunun layihəsi (birinci
oxunuş) dövlət başçısı tərəfindən
bir paketdə parlamentə qədim edilib.
Sənədləri
təqdim edən Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədri Musa Quliyev bildirdi ki, bu qanun layihəsi
"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli
gələrək dünya enerji və səhm bazarlarında
baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə,
ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19
mart tarixli sərəncamına uyğun olaraq Nazirlər
Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq
edilmiş Tədbirlər Planı ilə əlaqədar
hazırlanıb. Əlavə və dəyişikliklər
mütərəqqi xarakteri daşıyır. Sənəd iqtisadi fəallığın
artırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin
stimullaşdırılmasına xidmət edəcək.
Müzakirələrdə çıxış edən
deputatlardan Əli Məsimli, Jalə Əliyeva bildirdilər
ki, bu dəyişikliklər aztəminatlı ailələrin
sosial durumunun yaxşılaşdırılmasına,
sahibkarların fəaliyyətinə mühüm töhfə
vermiş olacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihəsi barədə məlumat verən
parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, qlobal
pandemiyaya qarşı aparılan mübarizədə dövlətin
gördüyü işlər göz önündədir. Məcəlləyə
təklif edilən dəyişikliklər pandemiyadan zərər
çəkmiş sahələrdə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə (o cümlədən
kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri
əhatə edən vergi güzəştlərinin və tətillərinin
verilməsini nəzərdə tutur. Mikro sahibkarlıq
subyektlərinə sadələşdirilmiş vergi üzrə
50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və
ikinci rübü üzrə sadələşdirilmiş vergi
hesabatının və mənfəət (gəlir) və əmlak
vergiləri üzrə hesabatların verilməsi və hesablanmış
verginin büdcəyə ödənilməsinə cari ilin
sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə
tutulur.
Müzakirələrdə
çıxış edən deputatlar Əli Məsimli, Azər
Badamov, Fatma Yıldırım, Vüqar Bayramov fikir və təkliflərini
səsləndirdilər və sənədlər səsverməyə
çıxarılaraq birinci oxunuşda qəbul edildi.
İclasda
həmçinin Miqrasiya Məcəlləsində, "Turizm
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsi, eləcə də Vergi Məcəlləsində,
"Qiymətləndirmə fəaliyyəti haqqında” və
"İcra məmurları haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə sənədlər birinci oxunuşda
müzakirəyə çıxarılaraq təsdiqləndi.
Milli Məclisin
Aparatı və İşlər idarəsinin yeni strukturu
müəyyən edilib
İclasın sonunda Milli Məclisin Sədri Sahibə
Qafarova parlamentdə aparılan struktur islahatları barədə
məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin
təşəbbüsü ilə həyata keçirilən
köklü islahatlar ölkəmizin siyasi və ictimai həyatının
bütün sahələrini əhatə edib. Bu islahatların əsas məqsədlərindən
biri də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini
müasir dövrün çağırışları səviyyəsində
qurmaqdır: "Prezident Administrasiyası və Nazirlər
Kabineti ilə yanaşı Milli Məclis Aparatında da
struktur və kadr islahatlarının aparılması zərurəti
yaranmışdı. Bununla əlaqədar mən
cari ilin aprelin 2-də sərəncam imzalamışdım.
Sərəncama əsasən Milli Məclis
Aparatında və İşlər idarəsində
çalışan dövlət qulluqçuları
ştatdankənar elan olunmuş və yeni struktura uyğun
ştat cədvəli təsdiq edilənədək onların
öz fəaliyyətini əvvəlki ştat cədvəlinə
uyğun davam etdirməsi nəzərdə tutulmuşdur.
Ötən bir ay müddətində Aparatın
və İşlər idarəsinin hər bir bölməsinin
fəaliyyəti, hər bir əməkdaşın işi ətraflı
və dərin təhlil edilmişdir”.
Milli Məclisin Sədri artıq bu işin başa
çatdığını vurğulayaraq aprelin 30-da bir
neçə yeni sərəncam imzaladığını
söylədi.
Bu sərəncamlara əsasən Milli Məclis
Aparatının və İşlər idarəsinin yeni
strukturu, yeni ştat cədvəli təsdiq edilib, dövlət
qulluqçularının vəzifələrə təyinatları
həyata keçirilib, bir sıra dövlət
qulluqçuları ixtisar olunub: "İnanıram ki, həyata
keçirilən bu islahatlar parlamentin işinin daha səmərəli
təşkil edilməsinə, qanun
yaradıcılığı prosesinin təkmilləşməsinə
kömək edəcək”.
Sədrin çıxışından sonra Milli Məclisin
plenar iclası başa çatdı.
Rəşad CƏFƏRLİ
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.-2 may.- S.1;4