“Sizin xeyirxah əməlləriniz Azərbaycanı daim zirvələrdə saxlayacaq”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Rəmziyə Abbasova yazır: "Möhtərəm cənab Prezident, mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi, Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü” dəstəsinin üzvüyəm. Cənab Prezident, 200-dən artıq ölkədə milyonlarla insanı yoluxduran, çoxsaylı ölüm halları ilə nəticələnən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atdığınız addımlar təqdirəlayiqdir. Ölkəmizdə hələ virusa yoluxma halı qeydə alınmamışdan əvvəl görülən qabaqlayıcı tədbirlər və verilən qərarlar, o cümlədən sərhədlərin bağlanması, xaricdəki vətəndaşlarımızın Vətənə dönmələrinə şəraitin yaradılması, səhiyyə sahəsində infrastrukturun möhkəmləndirilməsi virusun Azərbaycanda yayılmasının qarşısını almağa imkan verdi.
Bu gün Azərbaycan virusla mübarizədə ən qabaqcıl ölkələrdəndir. Mən 2-ci qrup Qarabağ müharibəsi əlilinin qızı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini diqqət və qayğınızı təkcə bu günlərdə deyil, hər zaman hiss edən gənc vətəndaş olaraq Sizə minnətdarlığımı bildirir, müasir dünyagörüşünə sahib, Vətəninə, xalqına bağlı bir gənc və layiqli vətəndaş olmaq, bizə göstərdiyiniz etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm. Möhtərəm cənab Prezident, biz - könüllü gömrükçülər Sizin çağırışlarınıza səs verir, güclü dövlətçiliyimiz və yüksək rifahımız naminə atdığınız addımlara görə Sizə təşəkkürümüzü bildirir və Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun! Biz birlikdə güclüyük!”
Azərbaycan Kənd Qadınları Assosiasiyasının "Qız yurdu” qrupunun üzvü Natavan Fətullayeva: "Cənab Prezident, bütün dünyanı bürüyən koronavirus bəlası bizim ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkə daxilində təxirəsalınmaz və sistemli tədbirlər həyata keçirildi. Nəticədə bu infeksiyanın geniş kütləyə yayılmasının qarşısı alındı. Möhtərəm Prezident, xalqın mənafeyini daim hər şeydən üstün tutduğunuz aşkardır. Sosial izolyasiya şəraitində ölkə əhalisini ərzaq məhsulları ilə təmin edən kənd təsərrüfatının fəaliyyətinə məhdudiyyətin tətbiq olunmaması buna daha bir sübutdur. Kənd təsərrüfatının inkişafı üçün gördüyünüz tədbirlər bu gün özünü göstərməkdədir. Əkinin əkilməsi, biçilməsi, tədarükü və satışla bağlı heç bir problem yoxdur. Daim xalqın yanında olduğunuz üçün Sizə təşəkkürümüzü bildirirəm”.
Bakı şəhərinin Suraxanı rayonunun sakini Ələddin Xələfli: "Hörmətli cənab Prezident, artıq neçə aydır koronavirus adlı xəstəlik dünyaya və insanlığa meydan oxuyur. Baxıb görürük ki, bu ağır sınaqdan çox az ölkə üzüağ çıxacaq. İnanırıq ki, onlardan biri də bizim Vətənimiz olacaq. Çünki Siz bu gözəgörünməz bəlanın qarşısının alınması üçün böyük işlər görürsünüz. Bunun nəticəsində gözəgörünməz bəlanın ölkəmizdə minimum həddə olması sevindirici haldır. Ümid edirik ki, gördüyünüz işlərin nəticəsində xalqımız COVID-19 virusundan tezliklə qurtulacaq. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!” Ulu Tanrı Sizi qorusun!”
Oğuz rayonunun sakini Günay Haşımovanın məktubunda deyilir: "Möhtərəm cənab Prezident, bu məktubu yazmaqda məqsədim ailəmiz adından Sizə qarşı hörmətimi və sonsuz inamımı bildirməkdir. Azərbaycan xalqı koronavirus pandemiyası dövrünü yaşayarkən Siz təkcə böyük məsuliyyət hissi olan, bu günü deyil, gələcəyi düşünən lider kimi yox, həm də bir qayğıkeş ata, ürəyi yanan qardaş kimi xalqa arxa-dayaq oldunuz. Azərbaycan azsaylı dövlətlərdəndir ki, Sizin sayənizdə koronavirus pandemiyasını vaxtında cilovlamağı bacardı və dünya ölkələri arasında bu istiqamətdə ciddi tədbirlər görən ilk ölkələrdən biri oldu. Bizə və övladlarımıza xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətinizi dəstəkləyirəm. Bu dövrdə verdiyiniz hər bir qərar, imzaladığınız sərəncamlar, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi bir daha sübut etdi ki, Siz ən sadə bir vətəndaşa da necə diqqət və qayğı ilə yanaşırsınız. Mən də bir təhsil işçisi olaraq Sizə inanıram. Sizin bütün çağırışlarınıza riayət edərək bu bəladan tezliklə qurtulacağımıza əminəm. Çünki nə qədər ki, Sizin kimi sözü ilə əməli bir olan rəhbərimiz var, heç bir bəla bizi sarsıda bilməz. Sizin mənəvi dəstəyiniz bizə həyat eşqi, stimul verir. Mən fəxr edirəm ki, Sizin kimi qayğıkeş bir rəhbəri olan Azərbaycan Respublikasında yaşayıram, dahi liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi peşə olan müəllim işləyirəm”.
Qaradağ rayonundan məktəbli Məhəmməd Novruzsoy yazır: "Əziz Prezidentimiz, mən Şuşa rayon 7 nömrəli tam orta məktəbin 3 "a” sinif şagirdiyəm. Mən də böyüyəndə Sizin kimi vətənini sevən, öz xalqı yolunda əlindən gələni edən bir vətəndaş olacağam. Mənim atam cəsur insanlar yetişdirən Laçın rayonunda, anam isə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Onlara demişəm ki, mən böyüyəndə hərbçi olacağam, bu işi pul qazanmaqdan ötrü yox, işğalda olan torpaqlarımızı azad etmək üçün seçmişəm. Atam deyir ki, Ali Baş Komandanımız döyüş əmri verəndə, Vətən yolunda döyüşə gedəcəyik. Mən də Sizin əsgəriniz olacağam. İndi biz məktəbə getmirik, evdə onlayn dərslər keçirik. Valideynlərim deyir ki, vəziyyət tezliklə düzələcək, biz yenə də doğma məktəbimizə qayıdacağıq. Çünki Sizin doğru zamanda verdiyiniz qərarlar nəticəsində bizim ölkəmiz dünyanı bürüyən koronavirus pandemiyasından az itkilərlə çıxdı. Cənab Prezidentimiz, Siz televiziyada çıxış edəndə mən Sizə qulaq asıram. Sizin Paşinyana verdiyiniz cavabları atam mənə izah etdi. Mən Sizinlə fəxr edirəm. Çox sağ olun ki, bizim Prezidentimizsiniz”.
Yardımlı rayonunun Ostayır kəndindən Ağagül Nəbiyev: "Hörmətli cənab Prezident, mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu Öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram. İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin!”
Masallı rayonunun Qasımlı kəndindən Əfqan Cabbarov: "Hörmətli cənab Prezident, Sizin yorulmaz və fədakar fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri və etdiyiniz çıxışları izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Siz əhalinin sağlamlığının təmin olunması məsələsinə çox həssaslıqla yanaşırsınız. Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm”.
Qazax rayonunun Canalı kəndinin sakini Orxan Səfərov dövlət başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: "Hörmətli cənab Prezident, Sizin geniş dünyagörüşünüzə, böyük siyasi təcrübənizə və dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirusla mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir zamanda Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində pandemiyadan minimum ziyanla çıxacağımıza ümid bəsləyirik. Pandemiya ilə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda da çox yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Sərhəd bölgəsində yaşayan kənd sakinlərinin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin, xüsusi qayğıya ehtiyac duyan ahıl insanların və sosial təminat baxımından digər həssas təbəqələrin ehtiyacları yüksək səviyyədə qarşılanmaqdadır. Biz rayonumuzun ictimai fəalları olaraq ölkədə gedən siyasi prosesləri daim izləyir və 2020-ci ili "Könüllülər ili” elan etməyinizdən istifadə edərək, həm müsbət siyasi addımları, həm də rastlaşdığımız çatışmazlıqları Sizin çağırışınıza uyğun olaraq lazımi qurumlara çatdırmağı özümüzə borc bilirik. Biz qazaxlılar Sizin "Biz birlikdə güclüyük!” çağırışınızı bir şüara çevirmişik, Azərbaycan xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik”.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən Aidə Maxanova: "Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyası (COVID-19) ölkəmizdən də yan keçmədi. Bu ağır günlərdə Sizin müdrikcəsinə gördüyünüz qabaqcıl tədbirlər, uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz digər güclü dövlətlərlə müqayisədə olduqca yaxşı mövqedə dayanaraq dünyanın bir çox dövlətlərinə əsl nümunə oldu. Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər hər bir kəsə bəllidir. Bu günlərdəki fədakarlığınız da göz önündədir. Ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Möhtərəm cənab Prezident, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir mədəniyyət işçisi kimi dərin təşəkkürlərimi bildirir, ətrafınızda sıx birləşərək daim Sizə dəstək olacağımıza söz verirəm. Müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə Sizə nailiyyətlər arzulayıram”.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Arif Şəkərəliyev: "Möhtərəm Prezident, koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəlikdən həyatını itirdiyi bir vaxtda Sizin Azərbaycan xalqının sağlamlığının qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər ölkənin təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanır. COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəyə görə Sizə minnətdarıq. Prezidentimizin yolu Heydər Əliyev yolu, Azərbaycan yolu, xalqın gələcəyinin, güzəranının və əhvali-ruhiyyəsinin daha da yaxşılaşdırılması yoludur. Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir. Siz güclü Azərbaycan dövlətinin ideyasını həyata keçirirsiniz. Sizin həyata keçirmiş olduğunuz iqtisadi strategiya islahatların aparılması, innovasiya, yeni texnologiyaların istehsala tətbiqi və qeyri-neft sektorunun inkişafına söykənir. Mənim çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti öz Prezidentinə həmişə sadiqdir. Cənab Prezident, Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar olunması istiqamətində apardığınız məqsədyönlü fəaliyyətinizdə Sizə böyük uğurlar və cansağlığı arzu edirəm”.
Yasamal rayonunun sakini Eldəniz Seyidəliyev: "Möhtərəm cənab Prezident, Siz hər zaman olduğu kimi, ölkəmizin bu çətin günlərində də vətəndaşları, o cümlədən sahibkarları hər zaman diqqət və qayğınızla əhatə edirsiniz. Sirr deyil ki, dünyanın bütün ölkələrində, o cümlədən doğma Azərbaycanımızda böyük maliyyə itkiləri baş vermişdir. Lakin bu dövrdə qəbul etdiyiniz humanist qərarlar, göstərdiyiniz diqqət və qayğı, Azərbaycan xalqının rifahının yüksəldilməsi Sizin üçün prioritet və öndə gedən məsələ olduğunu sübut etmişdir. Göstərdiyiniz bu dəstəyə, diqqət və qayğıya, yürütdüyünüz dayanıqlı siyasətə, hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir”.
Sabunçu rayonundan şagird Nurlan Cəbrayılzadə: "Möhtərəm cənab Prezident, bu gün Sizin Azərbaycan xalqının rifahı və sağlamlığı üçün gördüyünüz çoxşaxəli tədbirlər həm mənim, həm də bütün Azərbaycan xalqının xoşbəxt və sağlam gələcəyi üçündür. Bizlər hər birimiz çox şanslıyıq ki, bizi daim mühafizə edən və qoruyan Prezidentimiz var. Bu gün mən bir məktəbli kimi deyə bilərəm ki, Sizin təhsilimiz və gəncliyimiz üçün gördüyünüz əvəzsiz xidmətlər danılmazdır. Hazırda bütün dünyanı öz ağuşuna almış koronavirus pandemiyasının kəskin dalğaları Azərbaycan üzərindən çox xəfif keçir. Bütün bunlar isə Sizin əvəzsiz xidmətlərinizin bariz nümunəsidir. Mən 9-cu sinif şagirdi və ölkəmizin tərəqqi yolunda ön sıralarda olduğunun şahidi kimi deyə bilərəm ki, Sizin yorulmaz səyləriniz və tükənməz əməlləriniz sayəsində Azərbaycan inkişaf edib və edəcəkdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı kimi Sizin daim Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası ilə irəliləyəcəyinizə hər zaman əminəm. Tam inanıram ki, müstəqil, suveren, azad Azərbaycan Respublikasının taleyi və işıqlı gələcəyi Sizinlə bağlıdır. Sözlərimi Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirmək istərdim: "Biz müstəqilik, biz azadıq, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik”. Mən əminəm ki, Sizin xeyirxah əməlləriniz Azərbaycanı daim zirvələrdə saxlayacaq. Yaşasın Azərbaycan Respublikasının Prezidenti!”
Şəki rayonunun Baş Göynük kəndindən
Elxan Qəniyev: "Hörmətli
Prezidentimiz cənab İlham
Əliyev, Azərbaycan xalqına, o cümlədən
Şəki camaatına hər zaman, həmçinin
koronavirusun yayılmasının
qarşısının alınması üçün
görülmüş özünütəcrid
tədbirləri müddətində göstərdiyiniz diqqətə,
atılan addımlara, imkansız ailələrə
etdiyiniz maddi
yardımlara, gənc kadrların irəli çəkilməsinə,
adət-ənənələrimizə uyğun
olaraq yaşlı nəslə göstərdiyiniz
qayğıya və hörmətə görə şəxsən
öz adımdan və Baş
Göynük kəndinin sakinləri
adından Sizə təşəkkür edirik.
Biz bir daha
əmin olduq ki, Sizin sayənizdə daim
müstəqil, sürətlə inkişaf
edən və adət-ənənələrə hörmətlə
yanaşılan bir ölkədə
yaşayırıq. Siz hər bir Azərbaycan vətəndaşının
yanındasınız və bizim əbədi
Prezidentimizsiniz”.
Azərbaycan.-2020.- 2 may.- S.1;3.