Korrupsiyaya və korrupsionerlərə
qarşı daim amansız mübarizə aparılacaqdır
Prokurorluq orqanları bu
mübarizənin ön sıralarında olmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:
- Siz bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilirsiniz. Ümid edirəm ki, bu yüksək etimadı doğruldacaqsınız. Siz prokurorluq orqanlarında 30 ildən çoxdur ki, işləyirsiniz. Hələ sovet dövründən bu işə başlamısınız və son 6 il ərzində Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində çalışırsınız. Ümid edirəm, əldə olunmuş təcrübə sizə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilsin.
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.
Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.
Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Bu ilin birinci rübünün yekunları göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var. Düzdür, çox kiçik rəqəmlərlə ölçülür - 1,1 faiz. Ancaq bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyim görüş əsnasında məlum oldu ki, bir çox ölkələrdə indi iqtisadi tənəzzül müşahidə olunur. Bizdə də bu, istisna edilmir, çünki pandemiya ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərmişdir. Ancaq hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, o cümlədən keçən il 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşmış, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir. Bu addımlar bir daha göstərdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir.
Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.
Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.
Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.
Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.
Eyni zamanda, bu yaxınlarda Binəqədi
qəsəbə bələdiyyəsinin sədri saxta icazə
sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə
saxlanılıb. İsmayıllı rayonunun şəhər
üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi
ilə məşğul olmuş, kasıb adamlara göndərilən
yardımı özünə götürmüşdür. Həbs
edilmiş icra başçılarının istintaqı gedir.
Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir
ki, rüşvətxorluq bu adamlar üçün əsas
prinsip olmuşdur. Yəni, bütün aidiyyəti
qurumlar bir qayda olaraq hər ay icra başçılarına və
icra hakimiyyətinin digər nümayəndələrinə
rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz
hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək
istəyirəm ki, heç kim məsuliyyətdən
boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər
kim fikirləşir ki, onun yaxınları,
tanışları, qohumları, yüksək vəzifəli dostları
ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan
cəmiyyətində korrupsiya və rüşvətxorluq
olmamalıdır. Hər halda biz
çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq
üçün meydanı həm inzibati yollarla, həm də
institusional üsullarla daraldaq. Eyni zamanda, cəza
tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.
Ona görə bu dörd rayonda hansı ki, icra
başçıları həbs olunub, orada işlər
geniş təhlil edilməlidir. Artıq dünən mənə
məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra
başçısı bir neçə insanın torpaq sahəsini
əllərindən alıb. Bu vətəndaşlar
mənə açıq şəkildə müraciət
etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ
araşdırılsın. Əgər bu
siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin
vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə
fəal olmalıdırlar. Bu gün bu
ağır dövrdə verilən ərzağı
oğurlamaq, fəhlələrə nəzərdə
tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək
həm cinayətdir, həm böyük
vicdansızlıqdır. Bu vəsaiti ayırırıq
ki, bu gün özünə iş tapa bilməyən insan
heç olmasa minimum əməkhaqqı səviyyəsində
işlə təmin edilsin. Bunlar ictimai işlərdir
və biz bu yolla insanları işlə təmin edirik.
Əgər birinci mərhələdə təqribən 30 min
iş yeri yaradılmışdırsa, hazırda mən
göstəriş vermişəm ki, onların sayı 90 minə
çatdırılsın. Ancaq birinci mərhələdə
bu vəsaitin paylanılması icra başçıları tərəfindən
həyata keçirilirdi. Burada mövcud
olan nəzarətsizlik və korrupsiya halları bir çox
insanları dövlət tərəfindən verilən bu
yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək
olmaz. Artıq bu gün biz nəzarəti
gücləndirmişik. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də
tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti
gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs
edilmiş icra başçılarının, icra nümayəndəsinin
iş otaqlarından, onların ciblərindən yenə də
həmin o kasıb insanlara çatacaq kartlar
çıxır. Ona görə bu və digər
hallara qarşı mübarizə çox ciddi
olmalıdır.
Pandemiya ilə əlaqədar bu gün Azərbaycan
dövləti bütün resursları səfərbər edib,
ilk növbədə, vətəndaşları, onlara həyatını,
sağlamlığını qorumaq üçün əlindən
gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz
işləyirlər. Hər gün bizim birinci və
günün axırında sonuncu əsas işimiz bu məsələ
ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam
sağaldı, neçə nəfər xəstəxanalara
yerləşdirildi, onların vəziyyəti necədir,
ağır vəziyyətdə olan vətəndaşların
durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz
bununla məşğul oluruq. Dövlət,
ictimai təşkilatlar, ilk növbədə, Heydər
Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı
imkanlı adamlar öz təşəbbüsləri ilə
gedib kasıb insanlara əl tuturlar. Bu
yardımı mənimsəməyə nə ad vermək olar?!
Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən
göndərilmiş ərzaq paylarını da aparıb
öz qohumlarının evlərində saxlayırlar ki, sonra
onları satsınlar. Biz buna gözmü
yumacağıq? Belə adamlar ən ciddi cəzaya
layiqdirlər.
İndi dünya liderlərinin bir çoxu qeyd edir ki,
pandemiya müharibədir. Bəli, mən bu
tezislə razıyam. Əgər indiki
şəraitdə bunlar özlərini belə aparırlarsa,
bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər?
Bunun bir adı var – vicdansızlıq və xəyanət.
Ona görə bundan sonra bu ünsürlərə
qarşı mübarizə daha ciddi aparılmalıdır.
Biz dövlət sektorunda işləyən 900 min
insanın əməkhaqqını tam ödəyirik. 600 min özəl
sektor nümayəndəsinin, o cümlədən
mikrosahibkarın, - hansı ki, onların
çalışdıqları sahələr pandemiyaya görə
daha çox zərər çəkib, - əməkhaqqının
əhəmiyyətli hissəsini ödəyirik. Aztəminatlı təbəqəyə aid olan 600 min
insanın, o cümlədən işsizlərin və
qeyri-formal məşğul olanların vəsaitini ödəyirik.
Biz hər bir vətəndaşa kömək etmək istəyirik,
hər bir vətəndaşa! İcra
başçılarının, digər mərkəzi və
yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi
budur. Hər bir icra başçısı vəzifəyə
təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara
xidmət et, get, vətəndaşlarla bir
yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları
incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara
kömək göstər, onların malını əlindən
alma, onların fəaliyyətindən özünə pay istəmə.
Hər birinə bu sözləri deyirəm.
Bu məsələ ilə bağlı bizim
mövqeyimiz birmənalıdır. Korrupsiyaya
və korrupsionerlərə qarşı amansız mübarizə
aparılacaq. Onu da bildirməliyəm ki, bu
hallar təkcə yerli icra orqanlarında müşahidə
edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə
siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi
icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu
siqnallar araşdırılır, - vəzifəyə təyin
olunmaq üçün insanlardan bəzi hallarda rüşvət
tələb edilir. Bu, cinayətdir, bu, bizim
cəmiyyətimizin əsaslarını sarsıdan
addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə
gələn adam ilk növbədə neyləyəcək?
Çalışacaq ki, o pulun əvəzini
çıxsın. Bunu haradan
çıxaracaq? Ya haradansa dövlət
malını oğurlayacaq, ya da ki, əgər imkanı
olacaqsa, insanlardan pul tələb edəcək.
Biz bunu dəfələrlə görmüşük. Sadaladığım
bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində
kütləvi şəkildə vətəndaşlardan,
valideynlərdən, hər məktəb direktorundan pul
yığılır. Rayon mərkəzi xəstəxanasının
baş həkimindən icra hakimiyyətinə pul verilir.
O da öz növbəsində bütün şöbələrdən
hər ay haqq yığır. Bütün bələdiyyələr
icra hakimiyyətinə aylıq pul verir. Biz
bu hallara qarşı amansız mübarizə
aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir.
Bütün bu ifşaedici görüntülər
hər bir Azərbaycan vətəndaşında haqlı olaraq
ikrah hissi doğurur. Eyni zamanda, mənə
ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim
bu addımlarımıza böyük dəstək göstərilir.
Ona görə prokurorluq orqanları bu işdə
ön sıralarda olmalıdır və qanunun aliliyini təmin
etməlidir.
Ümid
edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız
imkan verəcək ki, mənim bu göstərişlərimin
icrası təmin edilsin. Prokurorluq
orqanlarının işçiləri bundan sonra da Vətənə
ləyaqətlə xidmət etsinlər və bütün
hüquq mühafizə orqanları elə
çalışsınlar ki, həm vətəndaşlar,
ictimaiyyət onların işindən razı olsun, eyni zamanda,
dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.
Mən bu gün Sizi təyin edirəm və ümid edirəm
ki, Siz bu yüksək etimadı doğruldacaqsınız.
x x x
Baş
prokuror Kamran ƏLİYEV dedi:
-Çox
sağ olun, möhtərəm cənab
Prezident. İcazə verin, əvvəlcə Sizə
mənə böyük etimad göstərdiyinizə, məni
bu mühüm dövlət postuna layiq
gördüyünüzə, bu vəzifəyə təyin
etdiyinizə görə dərin təşəkkürümü
bildirim.
Prokurorluq orqanları doğrudan da dövlət
quruculuğunda, dövlət idarəçiliyində çox
mühüm bir orqandır. Prokurorluq
orqanlarının dövlət idarəçiliyində yerini
ulu öndər Heydər Əliyev müəyyən
etmişdir. Ulu öndər Heydər
Əliyev qeyd etmişdir ki, prokurorluq dövlətin əsas
sütunlarından biridir. Bu, doğrudan da
belədir. Prokurorluq orqanları ulu öndər
Heydər Əliyevin diqqət və qayğısı ilə
daim əhatə olunmuşdur. Onun rəhbərliyi
ilə müstəqil Azərbaycanın prokurorluğu
mühüm inkişaf yolu keçmişdir. Məhz onun
müvafiq Sərəncamı ilə prokurorluq orqanlarının
– müstəqil Azərbaycan Prokurorluğunun peşə
bayramını – 1 oktyabr gününü biz hər il qeyd edirik.
Möhtərəm cənab Prezident, Siz 2003-cü ildə
Azərbaycan xalqı tərəfindən Prezident seçildikdən
sonra prokurorluq orqanları yenə də daim diqqət və
qayğınızla əhatə edilmişdir. Prokurorluq
orqanlarında bu gün doğrudan da kifayət qədər
çox peşəkar kadrlar, Vətənə, dövlətə
xidmət edən, dövlətə sədaqətli kadrlar var.
Bu, Sizin rəhbərliyinizlə prokurorluq orqanlarında həyata
keçirilmiş mühüm islahatların nəticəsidir.
Sizin rəhbərliyinizlə digər sahələrdə
həyata keçirilən islahatların prokurorluq
orqanlarında da aparılması çox zəruridir. Siz ötən il məhkəmə-hüquq islahatları barədə
müvafiq Fərman imzalamısınız və bu istiqamətdə
işlər davam edir. Bu baxımdan hesab edirəm
ki, məhkəmə-hüquq sisteminin tərkib hissəsi olan
prokurorluqda islahatların aparılması xüsusi önəm
kəsb edir.
Siz tamamilə düzgün qeyd etdiniz ki, hazırda -
postneft dövründə həyata keçirilən islahatlar
birinci növbədə əhalinin rifahının, hər bir
Azərbaycan vətəndaşının gündəlik həyatının
yaxşılaşmasına xidmət edir.
Prokurorluq orqanlarının fəaliyyət dairəsi
doğrudan da genişdir. Prokurorluğun əsas fəaliyyət
istiqamətlərindən biri də təbii ki, ağır
cinayətlərə, dövlətə, dövlətçiliyə
qarşı yönələn bütün daxili və xarici təhdidlərə
qarşı amansız mübarizə aparmaqdır. Bu sahədə
təbii ki, prokurorluq orqanları digər dövlət
qurumları ilə – həm Dövlət Təhlükəsizliyi
Xidməti, həm Daxili İşlər Nazirliyi və digər
müvafiq dövlət qurumları ilə birbaşa sıx əlaqədə
işləməlidirlər.
Möhtərəm cənab Prezident, Siz korrupsiyaya
qarşı mübarizə ilə bağlı xüsusi olaraq
qeyd etdiniz. Azərbaycan Prezidenti seçildikdən sonra
korrupsiyaya qarşı mübarizə Sizin həyata
keçirdiyiniz islahatların, siyasətin ən mühüm tərkib
hissəsi olmuşdur. Məhz həmin dövrdən Azərbaycan
Respublikası bu sahədə bütün beynəlxalq təşəbbüslərə,
həm Avropa Şurasının, həm Birləşmiş
Millətlər Təşkilatının bu sahədə
bütün mövcud konvensiyalarına qoşulmuş və bu
sahədə institusional tədbirlər həyata
keçirilmiş, müvafiq qurumlar
yaradılmışdır. Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsi də bu sahədə
ixtisaslaşmış cinayət təqibi orqanı kimi
yaradılmışdır. Sizin 2013-cü
ildə prokurorluğun peşə bayramı günü ərəfəsində
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin
yeni tikilmiş binasının açılışında
iştirak etməyiniz tam əminliklə deyirəm ki,
prokurorluq orqanlarında xüsusi olaraq ruh yüksəkliyi
yaratmışdır. Sizin həmin vaxt gənc
prokurorluq əməkdaşları qarşısında
çıxışınız hər bir prokurorluq əməkdaşının
bu gün də xatirindədir və onlar bunu daim böyük fərəh,
qürur hissi ilə qeyd edirlər.
Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik. Kadr
islahatları doğrudan da çox vacib məsələdir və
biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik.
Əgər zərurət yaranarsa təbii ki,
prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti
təhlil edilməlidir. Hesab edirəm ki,
biz bu sahədə də mütərəqqi addımlar
atmalıyıq.
Sizin tapşırığınız və göstərişinizlə
prokurorluq orqanları beynəlxalq qurumlarla daim əməkdaşlıq
etmişdir. Həm beynəlxalq qurumlar və eyni zamanda, digər
ölkələrin prokurorluq və antikorrupsiya orqanları ilə
mütəmadi əlaqələr saxlanılmışdır.
Təbii ki, bu iş Sizin siyasi iradənizə
uyğun həyata keçirilmişdir. Siz
prokurorluq orqanlarının əməkdaşları
qarşısında çıxışınız zamanı
qeyd etdiyiniz kimi, biz fəaliyyətimizdə ən qabaqcıl təcrübəni
yalnız öyrənməklə kifayətlənməməli,
eyni zamanda, gündəlik fəaliyyətimizdə tətbiq etməliyik.
Cənab
Prezident, Siz koronavirus pandemiyası ilə bağlı qeyd
etdiniz ki, bu, bir müharibədir. Azərbaycan dövləti
Sizin rəhbərliyinizlə, Mehriban xanımın gündəlik
diqqət və qayğısı sayəsində digər
qabaqcıl ölkələrlə müqayisədə demək
olar ki, bu böyük problemi artıq arxada qoymaq üzrədir.
Ümid edirik ki, bu istiqamətdə işlər
belə də davam edəcəkdir.
Möhtərəm cənab Prezident, icazə verin, məni
bu çox məsul dövlət vəzifəsinə layiq
bildiyiniz üçün Sizə bir daha dərin təşəkkürümü
bildirim. Sizi tam əmin etmək istəyirəm ki, prokurorluq
orqanları bundan sonra da daim Heydər Əliyev prinsiplərinə,
dövlətə, dövlətçiliyə, öz
xalqına xidmət edəcəkdir. Bir daha
təşəkkür edirəm.
Prezident
İlham ƏLİYEV: Sağ olun, sizə uğurlar
arzulayıram.
Kamran Əliyev: Çox sağ olun.
Azərbaycan.-2020.- 2 may.- S.1;2.