Azərbaycan 4-cü sənaye inqilabına hazır olduğunu sübut edir

 

 

Heç kəs Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət sayəsində sənaye istehsalında böyük uğurlar qazanıldığını dana bilməz. Bu dövrdə ölkədə yüzlərlə kiçik, ortairi sənaye müəssisələrinin fəaliyyətə başlamasını, yerli istehsalın artımı hesabına idxaldan asılılığın azalmasını, ixracınsa artmasını necə inkar etmək olar.

Dövlət başçısı ötən ilin yekunlarına həsr olunan müşavirədə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən sənayedə əldə etdiyi uğurları yüksək dəyərləndirərək demişdir: "Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Ümumi daxili məhsul

2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.

Bəli, aparılan islahatlar sayəsində ölkə üzrə qeyri-neft sənayesinin inkişafı ildən-ilə sürətlənir. Bu, məhsul istehsalında özünü daha açıq şəkildə göstərir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, keçən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,8 faiz artaraq 46,7 milyard manat təşkil edib. Sənayenin qeyri-neft sektorunda istehsal 2018-ci illə müqayisədə 14,3 faiz artıb və bununla sənayedə qeyri-dövlət sektorunun payı 82,1 faizə çatıb. Həmin dövrdə ümumi istehsalın 86,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşıb.

Prezident İlham Əliyev sözügedən müşavirədə bildirdi ki, qeyri-neft məhsulları ixracının uzunmüddətli strategiyası işlənməlidir və bu strategiya mövcud olan bazarlarla bağlı olmalıdır. Bununla yanaşı, yeni bazarlara da çıxış əldə edilməlidir. Dövlət başçısı həmçinin vurğuladı ki, yeni sənaye müəssisələrinin yaradılmasında özəl sektorun daha yaxından iştirak etməsi vacibdir. Hazırda dövlət əsas investor kimi çıxış edir. Ancaq qeyri-neft sektorunun inkişafında özəl sektorun fəal olması vacib şərtdir. Bunun üçün dövlət onlara hər cür şərait yaradır.

Qeyri-neft sənayesinin inkişafında kiçikorta biznesin rolu böyükdür. Dünya təcrübəsi göstərir ki, məhsul istehsalının çox hissəsi bu növ sahibkarlıqla məşğul olanların payına düşür. Dövlət başçısının da qeyd etdiyi kimi, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun əsas hissəsi kiçikorta sahibkarlıq subyektləri tərəfindən təmin edilir.

Azərbaycanda bu istiqamətdə texnopark və sənaye zonaları yaradılır. Həmin ərazilərdə bütün infrastruktur büdcə vəsaiti hesabına yaradılır. Burada görmək istəyən yerlixarici sahibkarlara böyük güzəştlər edilir. Onlar xaricdən gətirdikləri malmateriallara görə gömrük rüsumundan azad olunur, vergi sahəsində böyük güzəştlərdən istifadə edirlər.

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin Azərbaycanda yaradılması haqqında Davosda niyyət protokolu imzalanmışdır. Bu, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı sahəsində görülən işlərə verilən yüksək qiymətdən irəli gəldi və belə bir sənədin imzalanması həmin mötəbər tədbirdə çox diqqətçəkən məqam idi. Protokol imzalanandan sonra Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycan Prezidentinə müraciət edərək demişdir: "Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan 4-cü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

 

Həqiqətən, bu gün ölkəmizdə dünya standartlarına uyğun yüksək keyfiyyətli məhsul istehsalı Azərbaycana olan inamı artırıb. Lakin bu, son hədd deyil, Azərbaycanda yeni texnoparkların yaradılması və mövcud texnoparklarda təzə müəssisələrin açılması istiqamətində dövlət sahibkarlara hər cür dəstək verir. Ən önəmlisi, bu sahədə yerlixarici sahibkarlara fərq qoyulmur ki, bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 17 may.- S.4.