Dövlət gəncliyə, gənclər
isə öz liderinə güvənir
Azərbaycan
Prezidenti İlham Əliyevin gəncliyə inamı hər iki
tərəf arasındakı sarsılmaz birliyin ifadəsidir
Gənclik bütün dövrlərdə yenilikçi, islahatçı, yaradıcı potensialı ilə orta və yaşlı nəslin diqqətini çəkib. Müstəqil Azərbaycan gəncliyi bütün ictimai-siyasi fəaliyyəti, elmi potensialı ilə yanaşı, həm də vətənpərvərliyi ilə tarixə imza atır. Ulu Öndər Heydər Əliyev məhz buna görə hələ keçmiş sovetlər dövründən başlayaraq Azərbaycan gənclərinin yanında olub, onlara SSRİ-nin ən güclü ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almalarında dəstək göstərib, onları dövlət orqanlarında məsuliyyətli vəzifələrdə sınaqdan keçirib.
Bu vacib amil Azərbaycan Prezidenti İlham Əliyevin də yürütdüyü dövlət və gənclik siyasətinin tərkib hissələrindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il respublikada "Könüllülər ili” elan edildi. Bununla bağlı bu il yanvarın 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində gənclər təşkilatları və könüllülər hərəkatının iştirakı ilə görüşün keçirilməsi yeni nəslin daim diqqətdə saxlanması demək idi. Əsas məqsəd 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncama uyğun olaraq könüllü fəaliyyətin təşviqi, il ərzində reallaşdırılması nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili olmuşdur.
Görüş zamanı iştirakçılar tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə onların potensialından istifadəyə xüsusi qayğı və diqqəti alqışlarla qarşılanmışdı.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov o günləri xatırlayaraq qeyd edir ki, həmin görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası, onlar üçün düşərgələrin yaradılması və digər istiqamətlərlə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb: "Bildiyimiz kimi, könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir. Ötən müddət ərzində Gənclər Fondunun "Gənc Könüllü” proqramının fəaliyyəti genişləndirilmiş, regionlarda təmsilçiliyi artmışdır. Proqram vasitəsilə yüzlərlə gənc ilk dəfə könüllü hərəkatına qoşulmuş və nümayəndəliklərin fəaliyyətinin təşkilində aktiv iştirak etmişlər”.
Onu da qeyd etmək yerinə düşər ki, ötən ilin dekabrında həmçinin "Azərbaycan Könüllülük Həftəsi” layihəsi də həyata keçirilmişdi. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin ölkəmizin əksər şəhər və rayonlarını əhatə edən "Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlər rəğbətlə qarşılanmışdı. Həftə çərçivəsində eyni zamanda 79 yerli icra hakimiyyəti orqanı tərəfindən ümumilikdə 15 min nəfərdən çox könüllünün iştirakı ilə 100-dən artıq tədbir keçirilmişdi.
Seymur Orucov ümumi ölkə gəncliyinin düşüncələrini ifadə edərək bildirir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir: "Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini, Azərbaycan dövləti isə sürətli inkişaf dövrünü yaşayır. Əlbəttə, bu inkişaf gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclərlə bağlı məsələlər mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb. Gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.
Həmsöhbətim onu da xüsusi vurğulayır ki, bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün bölmələrində fəallığı ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar: "Gənclər siyasəti onların bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bundan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
Məlum koronavirus pandemiyasının ölkəmizdə də peyda olması, təbii ki, Azərbaycan gəncliyinin bu gün daha çevik, operativ, qəbul olunan qanun və qaydalara daha ciddi əməl edilməsində nümunə olmağa səsləyir. Sevindirici haldır ki, gəncliyimizi sözün həqiqi mənasında "ön cəbhə”də çalışan müəyyən dövlət strukturlarının, eləcə də həkimlərimizin yanında görürük. Əhalinin sosial baxımdan zəif, yaşlı nəslinin nümayəndələrinə, aztəminatlı ailələrə, tənha yaşayanlara könüllülük prinsipi əsasında yardımlar göstərilməsində də məhz gənclərimiz fəallıqları ilə seçilirlər.
Pandemiyanın qarşısının alınması istiqamətində dövlət başçısının yürütdüyü siyasətə ilk olaraq qoşulan, dəstək verən, milli birlik və həmrəylik nümayiş etdirən gənclərimiz nəinki təşkilatlarda, hətta fərdi yollarla da öz köməkliklərini göstərirlər. Bununla yanaşı Azərbaycan gəncliyi dövlət başçısının bütün dövrlərdə, o cümlədən də pandemiyanın dünyanı bürüdüyü bu günlərdə yürütdüyü siyasəti bəyəndiyini və dəstəklədiyini Prezident İlham Əliyevə ünvanladığı çoxsaylı məktublarda da əks etdirir. Belə ki, Azərbaycan Prezidentinin ünvanına axın-axın gələn həmin məktublar ictimaiyyətin bütün təbəqələrini təmsil edirsə də, burada da gəncliyin daha çox olması diqqətdən yayına bilməz.
İsmayıllı rayonunun Basqal qəsəbəsindən Nərgiz Əsədlinin yazdığı məktubdan bəzi sətirlərə diqqət yetirək: "Hörmətli cənab Prezident, Sizə ölkəmizin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu "gizli düşmən”lə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Möhtərəm Prezident! Mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu qeyd edim ki, biz Azərbaycan gəncləri Sizinlə qürur duyuruq”.
Azərbaycan Dövlət İqtisad
Universitetinin tələbəsi, "UNEC
Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyev isə yazır: "Cənab Prezident! Biz hər zaman Sizin bütün
qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə
onları daim rəhbər tuturuq.
Bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi
liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu
və düşünülmüş
siyasətiniz biz azərbaycanlılara
bütün çətin
sınaqlardan çıxmağa
kömək edəcək”.
Zaqatala rayonu gənclərindən
olan Famil Rəhimovun məktubunda qeyd edilir ki,
daim, xüsusən də çətin gündə xalqımızın,
o cümlədən gənclərimizin
yanında olan dövlət başçısı
pandemiyanın tüğyan
etdiyi dövrdə bir daha təsdiqlədi
ki, bizim qayğımızı, sağlamlığımızı
hər şeydən üstün bilir, dəyərləndirir və
təhlükəsizliyimizin təmin olunması üçün var qüvvəsini əsirgəmir.
Kürdəmir rayonunda yaşayan Elmir Həsənovdan gələn məktubda da gəncliyin ümumi fikri ifadə edilir. Məktub müəllifi
yazır ki, "tələbə olaraq dünyada gedən prosesləri diqqətlə
izləməyə çalışıram
və cənab Prezident, Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyuram. Allah hər zaman
Sizi qorusun!”
Əlbəttə, belə məzmunlu məktublar kifayət qədərdir. YAP Yasamal Rayon Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyevanın,
Zakir Quliyevin, həmçinin Orxan Nuriyevin, Nuranə Məmmədzadənin, Ənvər
Əsgərovun, Elmir Nəbiyevin, Əkbər Nəcəfovun, Şahin Əliyevin və yüzlərlə belə
gənclərin dövlət
başçısına ünvanladıqları
məktublardan da görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin gəncliyə inamı hər iki tərəf
arasındakı mövcud
sarsılmaz birliyin ifadəsidir. Necə deyərlər, dövlət
gəncliyə, gənclər
isə öz liderinə güvənir və monolit birlik yaradırlar!
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.-3 may.-S.6.