İlham Əliyev daha bir ilkə imza atdı

 

 

Prezident Qoşulmama Hərəkatının üzv dövlətlərinə Azərbaycanın koronavirusla mübarizə sahəsindəki təcrübəsini bölüşməyə hazır olduğunu bəyan etdi

 

 

Dünən Prezident İlham Əliyev daha bir beynəlxalq ilkə imza atdı. Hər zaman qətiyyətli qərarları, qlobal təşəbbüsləri ilə örnək olan cənab İlham Əliyev Türk Şurasından sonra, üzvlərinin sayına görə BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünü təşkil etdi. Videokonfrans vasitəsilə keçirilən görüş koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusuna həsr olunmuşdu.

Hələ aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Mayın 4-də isə cənab İlham Əliyevin təşəbbüsü ilə bu Zirvə görüşünün keçirilməsi isə növbəti tarixi hadisə kimi yaddaşlara yazıldı.

Prezident görüşdə xatırlatdı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub.

Əlavə edək ki, 120 üzv və 17 müşahidəçi dövləti, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformadır. Dünyadakı mövcud dövlətlərin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına böyük təsir göstərir. Bu, həm də onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan hərəkat konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Cəmi 9 il əvvəl Azərbaycan bu qlobal hərəkatın üzvlüyünə qəbul olunub. Lakin qısa dövrdə ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə Hərəkat daxilində böyük nüfuz qazanıb. Qlobal pandemiya dövründə məhz Zirvə görüşünün videokonfrans formatında təşkili də bunu bir daha təsdiq edir.

Bu Zirvə görüşündə də cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğuladı ki, pandemiya dövründə prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb.

Dövlət başçısı pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışaraq, bu məqsədlə müstəqillik tariximizin ən böyük maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə çatdırdı.

Cənab İlham Əliyev Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Eyni zamanda dedi ki, Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Bəlli oldu ki, Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitartibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim olunacaq.

Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələrini BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.

Sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış etdilər. Qeyd edək ki, hərəkatda 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında baş tutdu.

Göründüyü kimi, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlərə imza atır. Azərbaycan dünyanın yeni reallıqlarına çevikadekvat reaksiya verir. Yəni dünyanın bir parçası olan ölkəmiz bəşəriyyəti böyük sınaq qarşısında qoyan qlobal pandemiyaya qarşı nəinki milli səviyyədə səmərəli tədbirlər görür, eyni zamanda, regionalqlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

Azərbaycan Prezidentinin bu təşəbbüsü də pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 5 may.- S.1;9.