Zamanın tələbi
İlham
ƏLİYEV: "Haqq da,
xalq da bizim
tərəfimizdədir”
Bu gün dünyanın aparıcı KİV-ni izləyəndə, liderlərin önəm verdiyi problemlərə diqqət yetirəndə ana mövzunun koronavirus pandemiyası olduğunu, bütün səylərin bu istiqamətə yönəldiyini görürük. Bəşəriyyət öz tarixində böyük təhlükə ilə üzləşmişdir və hamı onun həlli yollarını axtarır.
Belə mürəkkəb məqamda Azərbaycan Prezidentinin atdığı qətiyyətli və soyuqqanlı addımlar hər bir ölkə vətəndaşında əminlik yaradır, nikbin gələcəyə ümid doğurur və hamını səfərbərliyə alır. Bu baxımdan dövlət başçısının mayın 1-də yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti keçirdiyi bütün qəbullarda və digər tədbirlərdə yeni vəzifə təyinatı alan yüksək çinli məmurlara tövsiyələrini vermək və tələblərini bildirməklə yanaşı, həm də dövlətin siyasi və iqtisadi kursunun mahiyyətini məmurdan tutmuş sıravi vətəndaşadək hamıya açıqlayır, dəmir iradə ilə islahatlara sadiqliyini bəyan edir.
Sonuncu videoformat qəbulunda Prezident İlham Əliyev prokurorluq orqanlarında genişmiqyaslı islahatların ölkəmizin dayanıqlı inkişafına və daha da gücləməsinə xidmət etdiyini vurğuladı: "Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var”.
Dövlət başçısı islahatların bir məqsədə səmtlənməsinə yox, geniş spektrdə aparılmasına üstünlük verir. Azərbaycan onilliklər boyu islahatlara davam edən və bu islahatları bütün istiqamətlərdə dərinləşdirən dövlət kimi uğurlarını tərənnüm edə, qazanılan nailiyyətləri ilə öyünə bilərdi. Lakin İlham Əliyev bu dəfə də yeni yanaşma nümayiş etdirməklə proseslərin daha qətiyyət və inamla, amma fərqli bir tərzdə müxtəlif istiqamətlərdə davam etdiriləcəyini bildirir. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoqun baş tutduğunu, bütün əsas siyasi qüvvələrin bu dialoqa qoşulduğunu vurğulayır: "Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır.
Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.
Qəbuldakı çıxışında Prezident postneft dövrünə hazırlığa da xüsusi yer verdi. Qeyd etdi ki, neft bazarlarında müşahidə olunan böhran neftlə zəngin olan bütün ölkələrə ciddi ziyan vurmuşdur. Belə bir məqamda qeyri-neft sektorunun inkişafı daha da aktuallaşır. Bu günədək əldə olunan uğurlar perspektivlərin genişləndirilməsi üçün möhkəm bünövrədir. Neftin qiymətinin ucuzlaşması, pandemiyanın yayılması bir çox ölkələri tənəzzülə uğratmışdır və bizim də belə reallıqlarla qarşılaşmağımızı istisna etmək sadəlövhlük olardı.
Dövlət başçısı bildirdi ki, təhlükələrdən sığortalanmağın əsas yolu kadr islahatlarından, yeni peşəkar, bilikli, müasir kadrların irəli çəkilməsindən asılıdır: "...bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər”.
Azərbaycan Prezidenti hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılmasını, qanunun aliliyinin tam təmin edilməsini və ədalətli cəmiyyətin qurulmasını başlıca şərt kimi qeyd edərkən həm də təəssüf hissi ilə vurğuladı ki, hələ məqsədimizə tam nail olmamışıq, hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur.
Dövlət başçısı qəbulda bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərlərinə başlıca tələbini çatdırdı: hüquq mühafizə sistemində islahatlar dərinləşməli, qanunun aliliyi təmin edilməlidir.
Videobağlantıda hamının diqqətinə çatdırıldı ki, həm fəaliyyətdə olan, həm də yeni təyinat alan kadrların peşəkarlığı diqqət mərkəzində olmalı, dövlətçiliyə sədaqət prinsipləri bütün dəyərləri üstələməlidir. Dövlətimizin inkişafı və möhkəmləndirilməsi müstəqilliyimizin özülünü təşkil edir. Bütün sahələrdə kadrların dövlətə, xalqa sədaqəti, vətənpərvərliyi ən vacib amildir.
Prezident İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanlarını daha fəal olmağa çağırdı: "Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.
Dövlət başçısı bir daha hamının diqqətinə çatdırdı ki, heç kim qanundan üstün deyil və heç kimə onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları kömək edə bilməyəcəklər: "Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır... İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var - vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”.
Cənab İlham Əliyev ürəkağrısı ilə vəzifəli şəxslərdən, iş adamlarından rüşvət alındığını dedi və bu hallara qarşı bundan sonra da amansız mübarizə aparılacağını bir daha bəyan etdi: "Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 5 may.- S.1;10.